Bakının mərkəzində yerləşən memarlıq abidəsinin tarixi giriş qapısı sökülərək yerində şüşə konstruksiya quraşdırılıb.
Baki-baku.az xəbər verir ki, söhbət Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 9 ünvanında yerləşən və 3426 nömrəsi ilə dövlət qeydiyyatına alınmış yerli əhəmiyyətli memarlıq abidəsindən gedir. Binanın tarixi qapısı sökülərək müasir şüşə konstruksiya ilə əvəz olunub.
Məlumata görə, bu, həmin ünvanda tarixi qapının dəyişdirilməsi ilə bağlı ilk hal deyil. Belə bir cəhd daha əvvəl də qeydə alınıb.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Qurumun məlumatına əsasən, Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən binaya baxış keçirilərkən birinci mərtəbədə qanunsuz müdaxilə aşkar edilib. Müəyyən olunub ki, giriş qapısı sökülüb və onun yerində şüşə konstruksiya quraşdırılıb.
Hazırda qanunsuz müdaxilə faktı araşdırılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Bununla yanaşı, abidəyə vurulmuş ziyanın ödənilməsi və binanın ilkin görkəminin bərpası istiqamətində işlər davam etdirilir.
Dövlət Xidməti vətəndaşları, eləcə də tarix və mədəniyyət abidələrinin mülkiyyətçilərini və istifadəçilərini mədəni irsin qorunmasına həssas yanaşmağa və müvafiq qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.
Qurum xatırladıb ki, tarix və mədəniyyət abidələrinin qorunması hər bir şəxsin konstitusion borcudur.