Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/15/2026

Paylaşın

GÜNDƏM

Niyaz Nəcəfov: “Mən rəssam deyiləm, artistəm, sənətlə məşğul olan insanam”

Niyaz Nəcəfov

Onun rəsmləri ilk baxışda göz oxşayır, ikinci baxışda isə insanı narahat etməyə başlayır. Nəhəng güllər, qeyri-adi məkanlar və ilk baxışdan sadə görünən simvolların arxasında tamam fərqli bir dünya gizlənir.

Baki-baku.az-ın bugünkü qonağı rəssam Niyaz Nəcəfovdur. Onun əsərlərinə baxanda məni eyni anda həm gözəllik, həm də qəribə bir vahimə hissi bürüdü. Bu iki duyğunu eyni anda yaşada bilən rəssamla söhbətin də maraqlı və rəngarəng olacağını düşündüm. Yanılmadım. Təxminən iki saat davam edən müsahibəmiz Niyazın emalatxanasında baş tutdu. Həyatından, özünəməxsus fəlsəfəsindən, əsərlərindəki nəhəng ölçülü cisimlərdən danışdıq. Təbii ki, emalatxanadakı güldandakı qızılgülləri də müzakirə etdik. Məlum oldu ki, o “güldan” heç güldan deyilmiş…

– Güldanda güllər motivini həm Bakıda, həm Parisdə, həm də dünyanın müxtəlif şəhərlərində binaların fasadlarına, yaşayış binalarının interyerlərinə, hətta zibil qutularının üzərinə çəkirsiniz. Söhbətimizə elə buradan başlayaq. Bu obrazla nə demək istəyirsiniz? Niyə məhz güldan və gül?

– Diqqət çəkmək üçün. Siz deyirsiniz ki, mən gül çəkirəm. Əslində isə mən gül çəkmirəm. O, sizin güldan dediyiniz əşya da güldan deyil, ülgücdür. Mən insanlarla oynayıram, bir növ əylənirəm. Diqqətlə baxsanız, görəcəksiniz ki, bütün rəsmlərimdə beş nöqtə və bir düz xətt var. Əslində hər şey həmin o düz xətlə bağlıdır. Bunların hamısı diqqəti cəlb etmək üçün etdiyim işlərdir.

– Diqqəti cəlb etdiyiniz artıq məlumdur. İnsanlar küçədə gedərkən təsadüfən sizin əsərlərinizlə rastlaşa bilirlər. Bəs diqqət çəkməkdən kənar, sırf sənət naminə yaratdığınız işlər necə yaranır? İlham sizə necə gəlir?

– Mən rəsm çəkmirəm. Mən rəssam deyiləm, artistəm, sənətlə məşğul olan insanam. Rəsm çəkmək fırçanı götürüb cızma-qara etməkdir. Mənim yaradıcılığım belə deyil. Mənim əsərlərim özləri yaranır.

İstənilən səth məndə yaratmaq hissini oyada bilər. Siz yəqin düşünürsünüz ki, palitranı götürüb molbertin qarşısına keçir və rəsm çəkməyə başlayıram. Rəssamların çoxu belə işləyir. Məndə isə bu cür olmur. İstək gələn anda fərq etmir, əlimdə fırça var, qələm var, yoxsa başqa bir alət.

Mən sadəcə yaratmağa başlayıram. Bunu izah etmək çətindir. Yəqin məni anlayırsınız…

– Açığı, anlamıram…

– Baxın, küçədə evlərin üzərində mənim rəsmlərimi görürsünüz. Elə düşünürsünüz ki, onları mən gedib həmin binalara yapışdırmışam? Xeyr. Binalar özləri gəlib mənim rəsmlərimə yapışırlar. Elə bilirsiniz, şəkil yalnız əlin hərəkəti ilə yaranır? Əsla. Əl bəzən hərəkətsiz qalır, səthin özü hərəkət edir və nəticədə əsər yaranır. Bilmirəm başqalarında necədir, amma məndə proses belə baş verir. Mən rəsmləri çəkmirəm, onlar özləri yaranırlar.

– Əsərlərinizin orta qiyməti nə qədərdir?

– Qiymət anlayışı nisbidir. Mən konkret olaraq hansı əsərin neçəyə satıldığını hesablamıram. Amma bir şeyi bilirəm: mənim adımın özü dəyər daşıyır. Ona görə də mən imzamı satıram.

Düşünürəm ki, insanın öz identifikasiyası olmalıdır. Onu başqalarından fərqləndirən bir özəlliyi. İnsan məhz həmin fərqliliyə görə dəyər qazanır və insanlar da buna pul verməyə hazır olurlar.

– Bir az da gündəlik həyatınızdan danışaq. Səhər oyanırsınız və gününüz necə başlayır?

– Mənim üçün səhər açılmır. Zaman anlayışı insanların uydurduğu məfhumdur. Zaman yoxdur, məkan var, boşluq var. Biz isə onu zaman anlayışı ilə doldururuq. Mənim üçün səhər gözümü açdığım anda başlayır. Oyanmaq özü böyük bir işdir. Günün ən çətin işi səhər yuxudan durmaq, axşam isə yenidən yuxuya getməkdir. Bunları bacardıqdan sonra fırça, qələm, karandaş özü gəlib əlimə düşür və mən nəsə yaradıram. İmkan olduqca, Allah yol açdıqca.

– Siz inanclı insansınız? Allaha inanırsınız?

– İnanıram? Yox. Mən bilirəm. Əminəm ki, O var. Təkcə mən yox, hamı bunu bilir. Sadəcə, çoxları bildiyinə inanmaq istəmir. Halbuki həqiqət aydındır. O, yaradıcıdır. O, var…

Söhbətləşdi: Deniz Məmmədli

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub.

Ən son

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin