Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/26/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Mir Cəlal – üç zirvənin fatehi

Mir Cəlal Paşayev

“Həyatda hər kəsin yerini və rolunu tarix müəyyən edir”

Tərcümeyi-halı ilə tarix yaradan, Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərən görkəmli ədib, böyük alim, unudulmaz müəllim, xeyirxah insan Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür.

Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Güney Azərbaycanın Əndəbil vilayətində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal Paşayev elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkar ruhun qida yerinə, millətin istiqlal manifestinə çevrilən “Bir gəncin manifesti” əsəri ilə tarix yaradıb. Zamanın güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, milli ədəbiyyatın 1905-1917-ci illər dövrünü əhatə edən “Azərbaycanda ədəbi məktəblər”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin sütunlarından birinə çevrilib.

Mir Cəlal Paşayev görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Tərəddüd etmədən deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri – “Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir” işıq üzü görən, 1930-cu ildən etibarən hekayələr yazan ustad sənətkar o dövrün “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” əsərləri ilə oxucuların görüşünə gəlib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları çap olunub. 1935-ci ildə işıq üzü görən “Dirilən adam” romanı ilə Mir Cəlal Paşayev akademik Məmməd Arifin dili ilə desək, realist yazıçı olduğunu göstərib.

Yazıçının qələmindən çıxan altı roman – “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yolumuz harayadır”, “Açıq kitab”, “Yaşıdlarım” və “Yeni şəhər” kitabları tarixlə müasirlik arasında körpüyə çevrilib.

1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alan görkəmli alim, pedaqoq 1978-ci il sentyabrın 28-də dünyaya vida nəğməsi oxusa da əbədiyyət dastanını qələmlə kəlamın vəhdətində yaradıb.

Mir Cəlal Paşayev

“Kölgədə bitən ağacın kölgəsi olmaz”

Yazıçı, müəllim, alim kimi üç zirvənin fatehi sayılan Mir Cəlal kiçik hekayələrin ustadı, ciddi roman və povestlərin müəllifi, ədəbi irsi aforizmlərlə, atalar sözləri ilə zəngin olan fikir və düşüncə sahibi kimi tanınır.

Mir Cəlalın taleyinə təlatümlərlə dolu 20-ci yüzil düşmüşdü. İnqilabları, repressiya və müharibələri çevrələyən bu zaman kəsiyi hər bir ciddi qələm sahibinin imtahanı idi. Ondan üzüağ çıxmaq üçün isə Mir Cəlal təmizliyi və əyilməzliyi gərəkdi. Vaxtın, zamanın  fövqünə qalxmaq, onu millətinin nəfinə işlətmək üçün mənindəki mənə tapınmaq, quruluşun, zamanın üstünə yerimək o qədər də asan deyildi. Mühiti, şəxsiyyəti, irsi və varisləri ilə bu gün də nümunəyə çevrilən Mir Cəlal dövrdaşlarından fərqli olaraq, qələmlə kəlamın vəhdətində oxucusuna tarixin ən mühüm suallarını ünvanlayıb. “Ədəbiyyatı partiyanın təkərciyi, vintciyi” hesab edən “yazarların” təntənəli kitab adlarının içərisində əsərlərinə kitablarının özü qədər əzəmətli adlar seçib Mir Cəlal. “Ad insanı bəzəmir, insan adı bəzəyir” hikmətinin fərqli biçimdə təqdimatını edib. Şura hökumətinin qılıncının dalının, qabağının kəsdiyi illərdə “Dirilən adam”, “Yolumuz hayanadır?”, “Bir gəncin manifesti”, “İnsanlıq fəlsəfəsi”, “Səviyyə axtarışında”, “Füzuli sənətkarlığı”, “Azərbaycanda ədəbi məktəblər” kimi fundamental əsərləri ilə min illər boyu dünyanın maddi-mədəni irsi siyahısını incilərlə zənginləşdirən Odlar yurdu Azərbaycanın sıxıldığı məngənənin aynasına dönüb.

“Kölgədə bitən ağacın kölgəsi olmaz”, “Gərək elə yazasan ki, ya yazdıqlarına,  ya da ünvan seçdiklərinə görə xatırlanasan”,  “ən böyük nailiyyətim ailəm, ən qiymətli əsərim övladlarımdır” kimi kəlamları ilə dəyərlərin əyarına çevrilən Mir Cəlalın milli mənlik, milli kimlik uğrunda mücadilədə mücahid dastanını yazan hər bir  vətənpərvər insan  üçün örnəyə çevrilən bir kəlamı da var: “İtə ataram, yada satmaram!”

Mir Cəlal Paşayev

Mir Cəlal adı, imzası  özü bir etalon olub

Bir yazıçı kimi Mir Cəlalın təmtəraqlı adı, orden və medalları olmayıb, amma Mir Cəlal adı, imzası  özü bir etalon olub. “Bir gəncin manifesti”ndə “Yazıçının manifesti”ni yaradan Mir Cəlal iki tarixi kəlam işlədib. Onun biri və birincisi əsərin başladığı məqamdır. Mərdan kəli sürür, öküz xışı çəkib apara bilmir, gün gəlib günortaya çatıb. Öküzü də, rəncbəri də tər aparıb. Rəncbər öküzün qabağında durub buynuzlarından tutub deyir: “Sür, sür, ay Allahın heyvanı!  İndi mən nə edim, bunun ağzına söyüm? Axı söyə bilmərəm, Allah deyir!”. Bu fikir ədəbiyyata gətiriləndə 30-cu illər idi. Məscidlər klublara, mədəniyyət evlərinə çevirilir, ciblərə  “Allahsız knişkası” qoyulurdu. Azərbaycanda ateizmin aynası olan “Allahsız” jurnalı və qəzeti nəşr edilir. Yazıçı Mir Cəlal vətəndaş Mir Cəlalın da, türk və islam mədəniyyətini çevrələyən, o zamanlar SSRİ-yə aid olan dövlətlərin və xalqların  da haqq səsinə dönür, “axı bunun ağzına söyə bilmərəm, Allah deyir!”

Allah kəlamının yasaq olunduğu, panislamizmin, pantürkizmin meydan suladığı bir dövrdə bu cümləni ədəbiyyata gətirmək Allahı inkar edənləri inkarın özü idi. Mir Cəlal bunu edirdi, çünki o bu dünyaya, ədəbi, elmi-mədəni mühitə, pedaqoji fikir tarixinə həqiqəti inkar edənləri, haqqı dananları inkar üçün gəlmişdi. O doğuluşdan paralanmış, yaralanmış Azərbaycanın haqq səsi olaraq var olmuşdu. Taleyin  sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan Azərbaycanın iri və paytaxt şəhərləri Təbriz və Bakı onun ömründən keçirdi. “Bir gəncin manifesti”ndə  Azərbaycan anasının gələcəyə ünvanlanan sevgi məktubunun Azərbaycan xalısının “Yusif və Züleyxa” dastanını yaradan Mir Cəlal Sonanın dili ilə ingilis zabitinə sərt şillə vurur: “İtə ataram, yada satmaram”.

Bu gün Azərbaycan xalısı Mir Cəlalın sevimli  nəvəsinin – ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iradəsi ilə dünyanın maddi-mədəni irsi siyahısına yazılıb. Mir Cəlalın gözünün nuru akademik Arif Paşayev Milli Aviasiya Akademiyasının qurucusu kimi Uçan xalçanın Arifanə dünyasını yaşayır. Milli aviator kadrlarımız səmamızın şahini kimi həm də Qarabağda, Şərqi Zəngəzurda cövlan edir.

Mir Cəlal Paşayev

“Yolumuz hayanadır?” sualını verən yazıçı

Mir Cəlal bu dünyaya üç zirvənin fatehi kimi könüllərdə köç əyləməyə gəlmişdi. Ruhunu, duyğusunu, sevgilərini Şeyx Cəmaləddin Əfqani kimi doğmalarının və yetirmələrinin beyinlərinin şırımlarına dən kimi səpmişdi. Həmin müqəddəs dəndən cücərib dirçələn, 44 günlük tarixi savaşdan, Vətən müharibəsindən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin, qüdrətli Azərbaycan Ordusunun  iradəsi ilə Şuşa qalasında, Xudafərin körpüsündə Bayrağa dönən Millət “kölgədə bitən ağacın kölgəsi olmaz”, Vətən torpağının bir qarışını da yağıya, “yada satmaram!” nidası ilə tarix yaratdı. Dünyanın siyasi mənzərəsini, mizanını, düşüncəsini dəyişdi. Qarabağın, Şərqi Zəngəzurun, əslində isə “Kürəkçay”dan, “Gülüstan”dan, “Türkmənçay”dan sonra ikiyə bölünüb paralanmış Məmləkətin, o taylı-bu taylı Azərbaycanın, Təbrizə, Dərbəndə, Borçalıya, İrəvana, Zəngəzura bölünən Odlar yurdunun Fətih dastanını yazdı!  “Ən böyük nailiyyətim ailəm, ən qiymətli əsərim övladlarımdır!” nidası ilə qələm çalan, “Güney Azərbaycan missiyası”nın rəhbəri, dağlar diyarı Dağıstanın, Dəmir qapı Dərbəndin xilaskarı kimi 1941–1945-ci illər müharibəsində tarix yaradan polkovnik komissar Əziz Əliyevin nəvələri, müasir Azərbaycanın memarı general Heydər Əliyevin varisləri bütün dünyaya sübut etdilər ki, burada, Güney Qafqazda qüdrətli bir dövlət, qüdrətli bir xalq var. Ona təkcə bioresurslarına görə deyil,  nüfuzlu dövlət xadimlərinə, sərkərdə-xaqanlarına, fikir və düşüncə sahiblərinə, Mir Cəlal kimi vaxtdan, zamandan uca durub vaxtı, zamanı millətinin nəfinə işlədən mütəfəkkir şair və yazıçılara görə dəyər vermək gərəkdir!

20-ci yüzilin əvvəlində Mir Cəlal zamanın, quruluşun üstünə yeridi. “Dirilən adam”a “Yolumuz hayanadır?” sualını verdi. “Bir gəncin manifesti” ilə “Yazıçı manifesti”ni, daha doğrusu, mənsub olduğu millətin mənlik və kimlik manifestini yaratdı! “Kölgədə bitən ağacın kölgəsi olmaz!” deyib  milləti, məmləkəti oyanışa, qurtuluşa səslədi. “20 yanvar”, “Xocalı” dəhşətlərini yaşayan Azərbaycan xalqı Şuşa qalasında, Xüdafərin  körpüsündə,  Murovdağın zirvəsində, Ağoğlan qəsrində Bayrağa dönən gün Qılıncla Qələmin vəhdətində dövlətlər quran, paralanmış, yaralanmış Azərbaycanın əzəmətini dünyaya sübut etdi. O gün “Ata vəsiyyəti”nə əməl olunan gün idi.  O gün həm də nigaran ruhların şad edildiyi günü idi.

Ötən əsrin əvvəlində Firudin bəy Köçərli deyirdi: “Bir millətin varını, dövlətini, sərvətini əlindən alarsan, məhv olmaz, dilini alarsan, tərk olub gedər!” Səmimiyyətlə deyə bilərik ki, yazıçı, alim, müəllim Mir Cəlal dilimizi, millətimizi qoruyanların, qeyrətimizi çəkənlərin sırasında yer alanlardan, taxtını, səltənətini könüllərdə quranlardan idi.

Mir Cəlal Paşayev

Ən böyük nailiyyəti ailəsi, ən qiymətli əsəri övladları olan sənətkar

Ulu öndər Heydər Əliyev sıradan bir dövlət xadimi deyildi, bu ölkədə kimin, xüsusən də hansı fikir və düşüncə sahibinin, şair və yazıçının nə ilə nəfəs aldığını bilirdi. Canından əziz bildiyi Azərbaycanın sarayına Sultanı, ölkəsinə Birinci xanımı, nəvələrinə Nənəni, varislərinə Ananı seçəndə, şübhəsiz ki, Övlad məhəbbəti ilə yanaşı, Nəsir İmanquliyev əyilməzliyini, “Ən böyük nailiyyətim ailəm, ən qiymətli əsərim övladlarımdır”, “Kölgədə bitən ağacın kölgəsi olmaz!” nidası ilə qələm çalan Mir Cəlal təmizliyini, professor Aida İmanquliyevanın, akademik Arif Mir Cəlal oğlu Paşayevin alim müqəddəsliyini də nəzərə almışdı!

Qalın deyil, qalan kitabların müəllifi Mir Cəlal bu dünyaya mənsub olduğu millətin Əbədiyyət dastanını yazmağa gələnlərdən idi. Gəldi, sevdi, yazıb-yatatdı, bütövlüyün, birliyin, diriliyin şərbətini mənsub olduğu millətə, məmləkətə içirib getdi. Bu il milli maraqları manifestə çevirən Mir Cəlalın “Bir gəncin manifesti” əsərinin çapdan çıxmasının 85 ili tamam olur. Biz bir millət, məmləkət olaraq 85 ildir dəyərlər tariximizin incisinə çevrilən bu əsərlə nəfəs alırıq. Bu, Mir Cəlalın ədəbiyyat kəhkəşanında sönməyən ulduz olduğunu sübut edən amillərdən biridir. Şah əsərlər min ildə bir yarandığı kimi, fitri istedad sahibləri, dahilər də min ildə bir doğulur. Bu gün onun ruhunu cisminə geyinib Yer üzünə endiyi gündür. Məqamı uca, məkanı cənnət olsun!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün həftəsonu 3 ünvanda təmir işləri aparacaq.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Güney Azərbaycanın Əndəbil vilayətində dünyaya göz

TARIXI ŞƏXSİYYƏTLƏR

Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Güney Azərbaycanın Əndəbil vilayətində dünyaya göz
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin