Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/15/2026

Paylaşın

TARİX

“Metropol”dan ədəbiyyat məbədinə: Bir binanın əsrlik metamorfozu

Bakıda bir bina var. Bəlkə də, qarşısından min dəfə keçmişik. Heç binanın tarixini düşünmüşükmü? O binada şəhərin müxtəlif dövrləri bir-birinin ardınca yaşayır. Bir vaxt həmin divarlar arasında təntənəli ballar keçirilib, tacirlər dükan açıb, mehmanxana qonaqları gecələyib, dövlət adamları iclas keçirib. Sonra isə eyni bina Azərbaycan ədəbiyyatının yaddaşına çevrilib. Bəli, söhbət bu gün İstiqlaliyyət və Məmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində ucalan Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin binasından gedir. Onun tarixini vərəqlədikcə məlum olur ki, bu bina yalnız bir memarlıq nümunəsi deyil. O, Bakının XIX əsrdən bu günə qədər keçdiyi yolun canlı salnaməsidir.

Binanın muzeydən əvvəlki taleyi…

Bu binanın tarixi haqqında müxtəlif mənbələrdə fərqli məlumatlar dolaşır. Bəzən onu karvansara adlandırır, tikintisini isə Qasım bəy Hacıbababəyovun adı ilə bağlayırlar. Lakin dövrün sənədləri və 1866-cı ildə, binanın inşasından az sonra dərc olunmuş məlumatlar başqa mənzərə yaradır.

Hər şey 1863-cü ildə, Bakı İctimai Məclisinin çətin vəziyyətə düşməsi ilə başlayır. Məclisin nəinki yeni və rahat binası, hətta fəaliyyətini davam etdirmək üçün kifayət qədər vəsaiti belə yox idi. Qarşıda böyük xərclər dayanırdı və qurumun gələcəyi sual altında idi.

Məsələyə Bakı hərbi qubernatoru Mixail Kolyubakin müdaxilə etdi. Bu işə dəstək verən bəylər də oldu. Yeni binanın tikilməyi, onu yeddi il müddətinə məclisin istifadəsinə pulsuz verilməyi, sonrakı beş il ərzində isə illik 1000 rubl müqabilində icarəyə təqdim edilməyi, üstəlik, şəhər torpağından ayrılan 800 kvadrat sajenlik sahənin müqabilində şəhərin kirayələdiyi mehmanxana üçün 11 otaqlı pulsuz məkan yaradılmağı da planlaşdırıldı. Beləcə, Bakının tarixində uzun illər yaşayacaq bir binanın təməli qoyuldu.

Mənbələrdən birində layihənin müəllifi kimi Bakı şəhər memarı Karl Qustav Hippius göstərilir. Tikintinin 1865-ci il noyabrın 8-dək başa çatdırılması nəzərdə tutulmuşdu. Və bina vaxtında hazır oldu.

İlk gecə: dua, zəng və bal

1865-ci il noyabrın 8-i binanın tarixində xüsusi gün idi. Səhər burada dua mərasimi keçirildi. Daha sonra hərbi qubernatorun, binanın sahibinin, məclisin rəhbərlərinin və üzvlərinin şərəfinə xoş arzular səsləndirildi. Həmin gün Bakıda başqa bir hadisə də diqqət çəkirdi: dəniz yolu ilə şəhərə yeni zəng gətirilmişdi və onun gur səsi şəhərə yayılırdı.  Axşam isə yeni binanın qapıları tamam başqa bir mənzərəyə açıldı. Saat 8-də təntənəli bal başladı. O dövrə aid yazılara görə, qonaqları ən çox binanın genişliyi, rahatlığı və dəbdəbəsi heyran etmişdi. Beləcə, sonralar minlərlə əlyazmanın qorunacağı bu divarlar ilk böyük gecəsini musiqi, işıq və bal səsləri ilə keçirdi.

“Metropol” mehmanxanası, “Fransız mağazası”, “Hacı, bəri bax” manufaktura mağazası

Bakı İctimai Məclisi 1890-cı ilədək bu binada fəaliyyət göstərdi. Sonra məclis Musa Nağıyevin Krasnovodsk və Birjevaya küçələrinin küncündə inşa etdirdiyi yeni binaya köçdü. Köhnə bina isə başqa bir həyata qədəm qoydu. İkinci mərtəbədə mehmanxana fəaliyyətə başladı. Adı “Metropol” idi.

Mənbələrdə mehmanxananın ilk sahibi kimi tacir Omentseterin adı çəkilir. Birinci mərtəbə isə Bakının canlı ticarət məkanlarından birinə çevrilmişdi. Burada müxtəlif mağazalar yerləşirdi. Onlardan biri Fərhadzadənin “Hacı, bəri bax” manufaktura mağazası idi. Burada ən zərif və bahalı ipəklər, yun və pambıq parçalar satılırdı.

Başqa bir mağaza isə “Fransız mağazası” adlanırdı. Burada dəbli qalateriya malları satılırdı. Mağazanın sahibi Hacı Ağa bəy Əliyev idi.

Beləliklə, birinci mərtəbə şəhərin ticarət həyatını, ikinci mərtəbə isə qonaqları, səyyahları və şəhərə gələnləri qəbul edən “Metropol”u özündə birləşdirirdi.

1915-ci ildə bina memar Nikitin tərəfindən yenidən quruldu və üçüncü mərtəbə əlavə edildi. Bu isə tikilinin simasını bir qədər də dəyişdi.

Toyların, qonaqlıqların və böyük adların ünvanı

“Metropol” digərləri kimi gecələmək üçün adi bir mehmanxana deyildi. Mənbələrdə onun Bakının ən tanınmış mehmanxana-restoranlarından biri olduğu qeyd edilir. Şəmsi Əsədullayev, Hacı Zeynalabdin Tağıyev kimi neft milyonçularının oğlanlarının toy məclislərinin burada keçirildiyi bildirilir. Lakin “Metropol”u başqa mehmanxanalardan fərqləndirən daha bir xüsusiyyət vardı. Burada qumar oynanılmadığı, içki verilmədiyi və əldə olunan gəlirin xeyriyyə məqsədlərinə yönəldildiyi barədə məlumatlar var.

Bu detal xüsusilə maraqlıdır.

Çünki Bakı tarixində milyonçuların xeyriyyəçilik fəaliyyəti haqqında çox danışılır, amma onların şəhərdəki mülklərinin özlərinin də necə bir sosial həyat məkanı olduğu barədə az yazılır. “Metropol” həmin dövrün Bakısında həm də belə bir məkan idi.

Cümhuriyyətin səs-səssiz şahidi

1918-ci ildə Bakının siyasi həyatı dəyişəndə binanın divarları qarşısında yeni bir tarix açıldı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə burada bir sıra nazirliklər yerləşirdi. Nazirlər Kabinetinin əməkdaşları bu binada çalışırdılar. Mənbələrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ilk iclasının da məhz burada keçirildiyi bildirilir. Bir vaxtlar bal musiqisinin eşidildiyi salonlar indi yeni yaranmış dövlətin taleyinin müzakirə olunduğu məkanlara çevrilmişdi.

Bəlkə də bu binanın tarixində ən təsirli məqam elə budur: eyni divarlar bir neçə onillik ərzində əvvəlcə imperiya dövrünün ictimai həyatını, sonra müstəqil Azərbaycanın dövlət quruculuğunu, daha sonra isə sovet dövrünü müşahidə etmişdi. Bəzi xatirələrdə daha bir maraqlı epizod da qorunub.

Deyilənə görə, təqiblər dövründə Cümhuriyyət tərəfdarlarından bəziləri Dadaşovların himayəsi ilə “Metropol”da gizlədilirmiş. Yalan, ya doğru! Hər halda bu fakt da binanın yaddaşında qalan hekayələrdən biri kimi onun tarixinin nə qədər mürəkkəb olduğunu göstərir.

Daşın içində yaşayan Dadaşov hekayəsi

Bakı milyonçularının böyük hissəsi neftdən varlanmışdı. Dadaşovlar haqqında isə başqa mənzərə danışılır. Onların sərvətinin əsasını ticarət, gəmiçilik və daşınmaz əmlak təşkil edirdi. Bakının müxtəlif yerlərində onların tikdirdiyi və sahib olduğu çoxsaylı binalara rast gəlmək mümkündür.  “Metropol”un da Dadaşovlarla bağlı adı çəkilir. Mənbələrdə Hacı Ağa Dadaşovun binanı Tiflisdə keçirilən auksionda 99 min rubla aldığı barədə məlumat verilir.

Bu məlumatı digər tarixi sənədlərlə tutuşdurmaq vacibdir. Çünki binanın ilkin tikintisi və XIX əsrin ikinci yarısındakı mülkiyyət tarixi ilə bağlı mənbələr arasında fərqlər mövcuddur.

Amma bir fakt dəyişmir:

Bu tikili bir sahibin əlində qalıb donmuş bina olmayıb. O, hər dövrdə başqa bir həyat yaşayıb.

Bir ağac – bir uşaq

Dadaşovlar haqqında danışılan xatirələr arasında xüsusi maraq doğuran bir detal da var. Deyilənə görə, ailədə hər uşaq dünyaya gələndə bir ağac əkilirdi. Bu gün binanın ətrafındakı ağacların bir qisminin həmin dövrlərlə bağlı olduğu söylənilir. Əgər bu ənənənin izləri həqiqətən həmin ağaclarda qalıbsa, onda bu bağın özü də ailə tarixinin bir kitabına çevrilir.

Bir uşağın doğulması ilə bir ağacın əkilməsi… Bakı kimi daş şəhərdə bundan daha gözəl yaddaş təsəvvür etmək çətindir.

“Metropol”un yerində ədəbiyyat məbədi

1939-cu ildə Nizami Gəncəvinin 800 illiyi ilə əlaqədar memorial muzey yaradılması qərara alındı. Və vaxtilə “Metropol” kimi tanınan bina yeni taleyinə hazırlaşmağa başladı. Memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynov binanın yenidən qurulmasına rəhbərlik etdilər. Onlar neoklassik memarlığı Azərbaycan memarlıq ənənələri ilə birləşdirdilər. Nəticədə əvvəlki tikili tamamilə başqa bədii-estetik məna qazandı. Binanın fasadında Azərbaycan ədəbiyyatının böyük simalarının heykəlləri göründü:

Məhəmməd Füzuli.

Molla Pənah Vaqif.

Mirzə Fətəli Axundzadə.

Xurşidbanu Natəvan.

Cəlil Məmmədquluzadə.

Cəfər Cabbarlı.

Bir vaxtlar burada tacirlər parça satırdı. Sonra mehmanxana qonaqları otaqlara yerləşirdi.  İndi isə binanın fasadında Azərbaycan sözünün böyük adları dayanır.

1945-ci ildən sonra başqa bir həyat

Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi 14 may 1945-ci ildə fəaliyyətə başladı. Bununla bina, sanki, özünün ən uzunömürlü missiyasına qovuşdu. Burada Azərbaycan ədəbiyyatının əsrlər boyu topladığı xəzinə qorunmağa başladı.

Nizaminin “İskəndərnamə”si, Füzulinin “Bəngü-Badə” əsərinin XVI əsrə aid əlyazma nüsxəsi, Mirzə Fətəli Axundzadənin “Puşkinin ölümü haqqında Şərq poeması”, müəllif avtoqrafları, qədim əlyazmalar, nadir kitablar, miniatürlər… Muzeyin 26 zalında minlərlə qiymətli eksponat qorunur. Beləcə, vaxtilə şəhərin sosial və ictimai həyatının səs-küylü məkanlarından biri olan bina indi Azərbaycan sözünün səssiz xəzinəsini qoruyur.

Və bir gün saatlar yox oldu…

Binanın tarixində ən kövrək hekayələrdən biri isə onun saatları ilə bağlıdır.

Vaxtilə İstiqlaliyyət və Məmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində üç siferblatlı böyük saat asılmışdı. Bu saat bakılıların görüş yeri idi. Axşamlar sevgililər “saatın altında görüşərik” deyirdilər. Saat İsveçrə istehsalı idi. Onun mexanizmi isə adi mexanizmlərdən fərqlənirdi. Binanın daxilində, direktorun kabinetində yerləşən xüsusi mexanizm divarın içindən keçən ox vasitəsilə küçədəki siferblatlarla birləşirdi. Deyilənlərə görə, saatlar 1970-ci illərə qədər qüsursuz işləyib. Və sonra bir gün yoxa çıxıb. Saatlar sökülüb, hara aparıldığı isə məlum olmayıb…

Bu bina nə qədər tarix görüb?

Bir düşünək. 1865-ci ildə burada ilk böyük bal keçirilib. 1890-cı illərdə “Metropol” mehmanxanasının qapıları açılıb.  Birinci mərtəbədə parça və qalateriya mağazaları fəaliyyət göstərib.  Bakının imkanlı ailələri burada toy məclisləri keçirib. 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin dövlət adamları bu divarlar arasında çalışıb. Sonra sovet dövrü gəlib.  1939-cu ildə bina yenidən qurulmağa başlayıb. 1945-ci ildə isə Azərbaycan ədəbiyyatının ən böyük xəzinələrindən birinin ünvanına çevrilib. Və bütün bu dəyişikliklərin arasında küçədəki saat sevgililərə vaxt göstərib. Bu gün bunların heç biri yoxdur. Amma xatirələr və Ədəbiyyat muzeyi var… 

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-ə çatdırılacaq.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Türkiyənin Azəbaycandakı səfirliyi "X" hesabında paylaşım edib.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Türkiyənin Azəbaycandakı səfirliyi "X" hesabında paylaşım edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin