Jukovun haqq davası onun sonunu gətirir, dövlət çevrilişinə cəhddə ittiham olunaraq bütün vəzifələrindən azad edilir
1946-cı ildən başlayaraq Jukovun başının üstünü qara buludlar alır. daxili İşlər naziri Lavrenti Beriya, Təhlükəsizlik naziri KQB-nin sədri Viktor Akumov onun haqqında “Saxta dosyelər hazırlamağa, kompramatlar toplamağa” başlayırlar. Stalin bütün rəhbər şəxslərin iştirak etdiyi Ali Hərbi Şuranın İclasında marşal Jukovu sərt şəkildə tənqid edir və onun elə iclas zalında həbs olunması haqqında qərar gözlənilir. Amma bu vaxt Sovet ideologiyası üçün gözlənilməz hadisə baş verir: “Bir neçə marşal Jukovun müdafiəsinə qalxır. Məsələ Stalini o qədər heyrətləndirir, sarsıdır ki, geri çəkilmək məcburiyyətində qalır. Jukovu Quru Qoşunlarının Baş Komandanı vəzifəsindən azad edərək, Odessa Hərbi Dairə Rəisi təyin edib mərkəzdən uzaqlaşdırır. 1947-ci ildə o, Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyə namizədlər siyahısından çıxarılır. Daha sonra Jukov Ural Hərbi Dairəsinə, dünyanın o başına göndərilir. 1952-ci ilə qədər orada çalışmaq məcburiyyətində qalır. Stalinin müəmmalı ölümündən sonra marşal Jukov Müdafiə Nazirinin Birinci Müavini vəzifəsinə təyin edilənə qədər sürgün həyatını yaşayır.

Stalinin qatilinə yerini göstərən Jukov Xruşşovun cəbhəsində yer alır, özünün “Generallar Qrupu” ilə birlikdə iclas zamanı Lavrenti Beriyanı həbs edir
Moskva Stalinin ölümündən sonra yenidən qaynar qazana çevrilir. Xruşov və Beriya arasında iqtidar uğrunda siyasi mübarizə başlayır. Ordunun rəyi olmadan isə heç biri hakimiyyəti ələ keçirə bilmir. Bu səbəbdən də onların hər ikisi orduda xüsusi nüfuza malik olan, Zəfər, Qələbə memarı kimi müharibənin taleyini həll edən marşal Jukovdan dəstək almaq, onu yanında, daha doğrusu arxasında görmək istəyir. Stalinin sağlığında həbs olunması üçün əlindən gələni əsirgəməyən Daxili İşlər nazirinə, digər tərəfdən isə Qafqazdan Moskvaya, paytaxta gələn bir xəyanətkarın Beriyanın yanında olmaqdansa, slavyan Nikita Xruşşova üstünlük verən marşal Jukov bununla Sovet İttifaqının qarşısında ikinci ən böyük xidmətini göstərmiş olur. Stalinin qatilinə yerini göstərən Jukov Xruşşovun cəbhəsində yer alır. 1953-cü ilin yayında o, özünün “Generallar Qrupu” ilə birlikdə Mərkəzi Komitənin Rəyasət Heyətinin iclasında daxili işlər naziri Lavrenti Beriyanı həbs edir. Bu çevriliş marşal Jukovun siyasi karyerasında növbəti yüksəliş dövrünün əsasını qoyur. O, Mərkəzi Komitə Rəyasət Heyətinin üzvlüyünə seçilir, daha sonra isə, SSRİ kimi nəhəng bir dövlətin müdafiə naziri təyin edilir. 1941-ci ildə Moskvanı boşaltmaqla İkinci Dünya Müharibəsinin, Lavrenti Beriyanı aradan götürməklə isə 30 il sonra Mixail Qorbaçovun xəyanəti ilə iflasa uğrayan Sovet İttifaqının taleyini həll edir.

Jukov: “Əgər yoldaş Xruşşovun vəzifədən azad edilməsi barədə qərar qəbul edilərsə mən birbaşa Orduya və Xalqa müraciət edəcəyəm!”
1957-ci ildə Mərkəzi Komitənin Rəyasət Heyətinin üzvləri Nikita Xruşşova qarşı qiyam qaldırıb, çevriliş hazırlayır. Və onun tutduğu vəzifədən azad etmək istəyirlər. Lakin Jukovun iclasa gəlişi həlledici amilə çevrilir. O, yenidən Xruşşovun müdafiəsinə qalxır: “Əgər bugünkü iclasda yoldaş Xruşşovun vəzifədən azad edilməsi barədə qərar qəbul edilərsə mən birbaşa Orduya və Xalqa müraciət edəcəm!” nidası ilə o, çevriliş cəhdinin qarşısını alır. Xruşşovun üstünə yeriyənləri yerində oturdur.
Marşal Jukov Rəyasət Heyətinin üzvləri üçün sıradan bir şəxsiyyət deyildi. Moskvanın xilaskarı, Sovet İttifaqının son gümanı, Hitler Almaniyasının, daha doğrusu alman faşizminin ölüm kabusundan xilas olan dünyanın haqq divanı idi. Onun, məhz onun iradəsi ilə Sovet İttifaqının oraq-çəkicli al bayrağı Reyxstaqdan asılmışdı! Marşal Jukovun “Orduya və Xalqa müraciət edəcəm!” nidası Rəyasət Heyətinin üzvləri ilə yanaşı Xruşşovu da vahiməyə salmışdı. Jukovun Orduya və Xalqa müraciəti tarixi qələbəni Sovet İttifaqına bağışlamayan, kommunistlərin parçalanmasını arzulayan qüvvələrə sərf edirdi.

Xruşşovdan sonra vəzifəyə gələn, özü də müharibə iştirakçısı olan Brejnev də Jukovu heç bir vəzifəyə təyin etmir
Marşal Jukovun bu haqq davası, tarixi nidası təəssüf ki, onun sonunu gətirir. Qısa zaman kəsiyində, cəmi bir neçə aydan sonra, Jukov hərbi çevrilişə cəhddə ittiham edilərək tutduğu bütün vəzifələrdən azad edilir, təqaüdə göndərilir və bir daha ona heç bir vəzifə verilir. Daha doğrusu etibar edilmir. 1964-cü ildə Nikita Xruşşova qarşı daha bir çevriliş cəhdi baş tutur. Amma bu dəfə onu kimsə müdafiə etmir. O, tutduğu vəzifədən azad edilir. Xruşşovdan sonra Sovet İttifaqının başına keçən, özü də müharibə iştirakçısı olan Leonid İliç Brejnev də marşal Jukovu heç bir vəzifəyə təyin etmir. Onu davamlı olaraq Kremldəki tədbirlərə dəvət edirlər. Rəsmi görüşlər keçirirlər. Müharibə ilə bağlı filmlərdə məsləhətçi seçirlər, lakin haqqındakı qərar dəyişdirilmir.

“Xatirələr və düşüncələr” adlı kitabı bir göz qırpımında satılır
1969-cu ildə marşal Georgi Jukovun “Xatirələr və düşüncələr” adlı kitabı işıq üzü görür. Lakin onun çapı da problemə çevrilir. Əlyazmaları nəşriyyata verildikdən sonra nüsxələri Mərkəzi Komitəyə göndərilir, dəfələrlə müzakirə olunur. Dəyişikliklər edilir, lakin son qərar verilmir. Çapı illərlə yubanan kitabın əlyazmasının bir neçə nüsxəsinin Qərb ölkələrinə gizlin yolla çatdırılması Kremli əməlli başlı narahat edir. Mərkəzi Komitə kitabın Avropadan gec çap olunmasından ehtiyat edərək onun Moskvada çapına icazə verir. Kitab, daha doğrusu marşal Jukovun “Xatirələr və düşüncələr” adlı abidəsi bir göz qırpımında satılır. Sovet İttifaqında yer yerindən oynayır. Nəşriyyat kitabı yenidən çap etmək məcburiyyətində qalır. Bu “Orduya və Xalqa müraciət edəcəm!” nidası ilə qüdrətin, əzəmətin, cəsarətin bəlgəsi olan Sərkərdəyə, Faşizm üzərində Qələbənin Memarına sonsuz, hüdudları məlum olmayan xalq sevgisinin göstəricisi idi.

Ürəktutmasından gedən əzəmətli Sərkərdə
Əldə olunan məlumatlardan o da bəlli olur ki, hərbi və siyasi fəaliyyəti kimi, marşal Jukovun şəxsi həyatı da kifayət qədər mürəkkəb olub. O, iki dəfə ailə həyatı olub. Birinci nigahından 3 qızı, ikincidən isə 1 qızı dünyaya gəlib.
Qüdrəti, əzəməti, cəsarəti, ləyaqəti eyni zamanda məhəbbəti ilə dillərə dastan olan Sərkərdənin şamına pərvanə olan gözəllər çox olub. Deyilənə görə, sayıb qurtarmaq belə mümkün deyil. Bəlli olan odur ki, dünyanın o başından belə Sovet İttifaqına gələnlər olub. Qəribəsi, daha maraqlısı isə odur ki, Avropanın məhşur kino ulduzları, Şərqin şahzadələri onun pişvazına çıxıb.
Marşal Jukov möcüzə, əfsanə idi. Kimliyindən, dilindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs onu bir qəhrəman kimi sevir, xatirəsini əziz tutur, möcüzələrinə inanır, xatirələri ilə hüzur bulur…
Olmuşlara, olanlara, siyasi gərginliklərə, təzyiqlərə baxmayaraq marşal Jukovla vida mərasimi təntənə ilə təşkil edilib. Yandırılan nəşinin külü Kremlin divarına yerləşdirilib. Üstünə mərmər lövhə vurulub. 1974-cü il iyunun 18-də, 77 yaşında dünyaya vida nəğməsi oxuyan əzəmətli Sərkərdə ürəktutmasından-infarktdan gedib. Sovet İttifaqı boyda böyük bir ürək olan marşal Jukov nədən gedə bilərdi ki…
Şərəf Cəlilli