Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/23/2026

Paylaşın

TARİXİMİZ

Makedoniyalı İskəndər – Özünün və atının adına şəhər saldıran, Yer üzünü vahid bir ideologiya və bayraq altında birləşdirmək istəyən dünya Fatehi

WhatsApp Image 2026-04-23 at 09.44.20 (1)

Birinci yazı

Kral II Filipp: “Oğlum, sən məqsədlərinə uyğun daha böyük bir çarlıq tapmalısan. Makedoniya sənin üçün çox kiçikdir”.

Qüdrəti, əzəməti ilə dünyanın dizini titrədən, sarayını bəşəri dəyərlər xəzinəsinin inciləri ilə zinətləndirən el və dil bilicilərinin, təbib və filosofların gülzarına çevirən, fətih dastanları ilə Makedoniyanı zirvələrə qaldıran, Adəm övladı kimi yer üzünə gələn, Firon olaraq dünyadan köçən, Əmir Teymurun heyrətləndirən, Nadir şah Əfşarın ehtiramına layiq görülən, Çingiz xanın tərifini alan, Qazi Mustafa Kamal Paşa Atatürkün haqqında kitablar oxuduğu, bəzi ilahiyyatçılara görə Qurani-Kərimdə adı keçən, Nizami Gəncəvinin “Xəmsə” gülzarına çevrilən Makedoniyalı İskəndər eramızdan əvvəl 356-cı ildə Makedoniya Kralı II Filippin ailəsində dünyaya gəldi.

Atın öz kölgəsindən qorxduğunu görən İskəndər onun üzünü günəşə tərəf çevirərək qorxusunu aradan qaldırdı və onu əhliləşdirdi

O illərdə Makedoniyada uşaqlar hələ kiçik yaşlarından çox çətin, ac qalmaq, döyülmək kimi təlimlərdən keçirdilər. Kral II Filipp oğlunun çox güclü və qüvvətli bir insan kimi böyüməsini istəsə də, İskəndər həm fiziki baxımdan zəif, həm də mənəvi cəhətdən həssas bir uşaq idi. Bu səbəbdən də, İskəndərin ilk böyük qələbəsi nə böyük ordulara qarşı, nə də əlbəyaxa döyüşdə oldu. Onun ilk qələbəsi atı Bukefalosun adı ilə tarixə yazıldı. O, 10 yaşında olarkən Fessaliyadan olan bir tacir Kral II Filippə bir at gətirdi və onu almağı təklif etdi. Lakin at üzərinə minilməsinə imkan vermirdi və Filipp onun geri aparılmasını əmr etdi. Atın öz kölgəsindən qorxduğunu görən İskəndər onun üzünü günəşə tərəf çevirərək qorxusunu aradan qaldırdı və onu əhliləşdirdi.

Plutarx qeyd edir ki, İskəndərin göstərdiyi bu cəsarət və məqsəd qarşısında Filipp göz yaşları ilə oğlunu qucaqlayıb dedi: “Oğlum, sən məqsədlərinə uyğun daha böyük bir çarlıq tapmalısan. Makedoniya sənin üçün çox kiçikdir.”

Bu qərardan sonra Kral II Filipp atı oğlu üçün aldı. İskəndər ona “Bukefalos” adını verdi ki, bu da “öküzbaş” mənasını verir. Bununla, o, həyatının ən yaxın dostunu qazandı. Onlar birlikdə dünyanın yarısını dolaşdılar.

İskəndərin 12 yaşı olanda Kral onun üçün müəllim axtardı və nəhayət, böyük Aristoteli müəllim olaraq seçdi. İskəndər Makedoniyalı zadəganların övladları ilə birlikdə təhsil aldı. Bu şagirdlərin çoxu sonradan onun yaxın dostları və generalları oldu və sərkərdələri kimi dünyada tanındılar.

Döyüşləri arxa cəbhədən deyil, ön cəbhədən idarə edən 20 yaşlı Kral

Eramızdan əvvəl 336-cı ildə, İskəndər 20 yaşına çatdıqda, Kral atası Filipp toy mərasimində onun gözləri qarşısında sui-qəsd nəticəsində qətlə yetirildi. Həmin gün İskəndər gözlənilmədən Makedoniyanın Kralı oldu. Taxta çıxan kimi onun ilk işi potensial rəqibləri aradan qaldırmaq oldu. Artıq o, bir kral idi — dünyanın sonuna qədər getmək istəyən bir Kral. Filippin ölüm xəbəri bir çox bölgələrdə üsyanlara səbəb oldu. Üsyan xəbərləri İskəndərə çatdıqda, o, sürətlə hərəkət edərək qiyamları yatırdı və ölkədə yenidən birliyi bərpa etdi. Bundan sonra 45 minlik ordu ilə Çanaqqala boğazını keçərək Fars İmperiyasının torpaqlarına daxil oldu. Artıq Makedoniyalı İsgəndərin fətih dastanının ilk qolu yaranmışdı. 40 minlik Fars ordusunun yaxınlaşdığını eşidən İskəndər dərhal hücuma keçdi və qələbə qazandı. Bu, həmin dövrdə dünyanın ən böyük gücü sayılan Əhəmənilər üçün gözlənilməz hadisə idi. 20 yaşında bir gənc buna necə cəsarət etmişdi? Sonradan Əhəmənilər dövlətinin son hökmdarı III Dara İskəndərə məktub yazaraq onu “uşaq” adlandırmış və qızıldan hazırlanmış oyuncaqlar göndərmişdi. Lakin Dara qarşısındakı insanın kim olduğunu anlamamışdı. Bundan sonra İskəndər dalbadal qələbələr qazanaraq indiki Ankaraya yaxın olan Qordiona gəldi. Rəvayətə görə, bu şəhərdə elə bir düyün var idi ki, onu yalnız dünyaya hökm edəcək insan çözə bilərdi. Bu düyün İskəndərin qarşısına gətirildi. O, bir qədər diqqətlə baxdı, sonra isə qılıncını çəkərək düyünü kəsdi.

Daranı döyüş meydanından qaçmağa məcbur edən Sərkərdə

Anadoludakı şəhərləri bir-bir ələ keçirən İskəndər Əhəmənilərin yaxınlaşdığı xəbərini aldı. III Dara qələbəsini nümayiş etdirmək üçün ailəsini də özü ilə gətirmişdi. Təxminən 120 minlik fars ordusuna qarşı cəmi 45 minlik yunan ordusu dayanırdı. Yunan ordusunun ən mühüm qüvvələrindən biri “falanqa” – cəza verən qüvvələr adlanan və 6 metrlik nizələr daşıyan piyadalardan ibarət idi. İki ordu qarşı-qarşıya gəldi və İskəndərin uğurlu taktiki gedişləri nəticəsində düşmən darmadağın edildi. Dara döyüş meydanından qaçdı.

Bu hadisə İskəndəri çox qəzəbləndirdi. Çünki onun düşüncəsinə görə, bir kral nə olursa-olsun döyüş meydanını tərk etməməli idi — xüsusilə də ailəsini geridə qoyaraq. İskəndərin fərqli xüsusiyyətlərindən biri də bu idi: o, döyüşləri arxa cəbhədən idarə etmək əvəzinə, həmişə ön cəbhədə vuruşurdu.

Daranın anası və həyat yoldaşı İskəndərin əlinə keçmişdi. Lakin İskəndər onlara əvvəlki kimi hörmət göstərilməsini əmr etdi. Hətta Daranın anası İskəndəri o qədər çox sevdi ki, bir müddət sonra onun yeməklərinə belə nəzarət etməyə başladı.

Misirin ən gözəl yerlərindən birində adını daşıyan İskəndəriyyə şəhərini saldı

Bundan sonra İskəndər Türküstan doğru irəliləməyə davam etdi və bu yolda bir neçə böyük döyüşdə iştirak etdi. Yunanıstanın mülayim iqlimindən çıxaraq səhraların sərt istisindən keçdilər, hətta qədim Petra şəhərinə qədər irəlilədilər. Petradan sonra Makedoniyalı İsgəndər Misirə çatdı. İskəndər buranı asanlıqla ələ keçirdi və yerli əhali tərəfindən böyük rəğbətlə qarşılandı. Həmin dövrdə Misir və yunan mədəniyyətləri bir-birinə yaxın idi. Misirlilər Əhəməniləri işğalçı hesab etdikləri üçün İskəndəri xilaskar kimi qəbul etdilər. Hətta onu Misir Fironu elan etdilər. İskəndər Misirin ən gözəl yerlərindən birində öz adını daşıyan İskəndəriyyə şəhərini saldı. Burada böyük kitabxana və dünyanın yeddi möcüzəsindən biri sayılan İskəndəriyyə mayakı inşa edildi. Bu dövrdə İskəndərin mənəvi axtarışlara çıxdığı da qeyd olunur. Mənbələrə görə, o, səhralara doğru yola çıxmış, aclıq və susuzluq içində Liviyaya yaxın Siva vahəsinə çatmışdı. Burada yerləşən Amon məbədinə daxil olaraq dua etmişdi. Məbəddə baş verənlər barədə dəqiq məlumatlar olmasa da, rəvayətlərə görə, İskəndər burada İlahi bir güc almış və məbəddən çıxdıqdan sonra kahinlər tərəfindən Zevsin oğlu kimi qəbul edilmişdir. Ölümündən sonra isə Misirdə uzun müddət Tanrı kimi səcdəsinə durulmuşdur. 

Şəhərə girdikdə gördükləri zənginlik və ehtişam qarşısında heyrətə gəldilər

Misirdən sonra səhraları keçən İskəndər yenidən Daranın ardınca düşdü. Dara bu dəfə daha böyük ordu toplamışdı. Yunan və müasir İran mənbələrinə görə, Daranın ordusu 200–300 min nəfərdən ibarət olsa da, İskəndər 50 min əsgəri qüvvə ilə ona qarşı savaşmışdı.

Beləliklə, bu qeyri-bərabər qüvvələr nisbətində iki qüdrətli sərkərdə eramızdan əvvəl 331-ci ildə iki ordu qarşı-qarşıya gəlmişdir. Əldə olunan faktlar onu da sübut edir ki, Daranın ordusu sayca üstün olmaqla yanaşı, həm də daha əlverişli mövqedə yerləşmişdir. Lakin İskəndər qeyri-adi bir taktika tətbiq edərək Əhəməni ordusunu məğlub etmişdir. Dara yenidən döyüş meydanından qaçmağa məcbur olmuşdur. Bu, həlledici qələbə idi. Yunan ordusu bununla Əhəmənilərin paytaxtı Babil şəhərinə daxil olmuş, şəhərə girdikdə gördükləri zənginlik və ehtişam qarşısında heyrətə gəlmişdilər. Hesablamalara görə, əldə etdikləri qənimət bugünkü dəyərlə təxminən 60 milyard dollar idi və İskəndər bu var-dövlətin böyük hissəsini əsgərlərə paylamışdır.

İskəndər Daranı ənənələrinə uyğun olaraq digər Əhəməni hökmdarlarının yanında dəfn etdirdi, bununla da ona hörmətini göstərdi

Qısa müddət sonra İskəndər Şərqə doğru irəliləməyə başladı. O, buzlu Hindukuş dağlarını iki dəfə aşdı. Bu zaman Daranın yaxın adamları tərəfindən öldürüldüyü xəbəri gəldi. Mükafatlandırılacaqlarını gözləyən həmin şəxslər isə edam olundular. Edamın daha ağır şərtlərini təyin edən Makedoniyalı İskəndər 4 satqını 4 ata bağlayaraq, 4 istiqamətə çapdırdı. 4 yerə bölünən satqınlar dağa-daşa çırpılaraq parçalandı. İskəndər Daranı ənənələrinə uyğun olaraq digər Əhəməni hökmdarlarının yanında dəfn etdirdi və bununla da ona hörmətini göstərdi.

Şərəf Cəlilli

Murad Muxtarov

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının mərkəzində yerləşən, şəhərin ən canlı və hərəkətli nöqtələrindən biri sayılan Nizami küçəsi (Tarqovu) bir müddətdir ki, həm

Ən son

HƏR ŞEYDƏN

Hər bahar Yaponiyada quru sözlərlə izah edilməsi çətin olan bir hadisə baş verir

HƏR ŞEYDƏN

Hər bahar Yaponiyada quru sözlərlə izah edilməsi çətin olan bir hadisə baş verir
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin