İyulun 31-də Nizami Kino Mərkəzində Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib.
Baki-baku.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin (ARKA) təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, ictimai xadimlər, kino sahəsində tanınmış simalar iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova və ARKA-nın baş direktoru Rəşad Əzizov çıxış edərək, son illərdə Azərbaycan kinosunun inkişaf dinamikasından, bu sahədə aparılan islahatlardan, əldə olunmuş nəticələrdən və gələcək planlardan danışıblar.
Qonaqlara ARKA-nın son 1 ildəki fəaliyyətini konkret rəqəmlərlə əks etdirən videoçarx göstərilib.
Tədbir çərçivəsində həmçinin avqustun 25-də Laçında ilk dəfə Beynəlxalq Kino Festivalının keçiriləcəyi elan olunub və festivalın tanıtım videosu nümayiş etdirilib.
Qonaqlar ARKA-nın dəstəyi ilə istehsal olunan və bu il təhvil veriləcək filmlərin treylerlərilə tanış olublar.
Tədbirdə kino sənayesində fəaliyyət göstərən şəxslərin bir neçə nominasiya üzrə mükafatlandırılması mərasimi həyata keçirilib.
Tədbirdə “Azərbaycanda Vyetnam günləri” çərçivəsində iştirak edən Vyetnam nümayəndə heyətinin üzvləri çıxış ediblər. Onlar Azərbaycan-Vyetnam münasibətlərindən, Əjdər İbrahimovun Vyetnam kinosuna töhfələrindən bəhs ediblər. Ardınca çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev Əjdər İbrahimov yaradıcılığının vacib məqamlarından danışıb.
Sonda qonaqlar Əjdər İbrahimov yaradıcılığından bəhs edən sənədli filmə və bu il ARKA-nın dəstəyi ilə istehsal olunmuş 2 qısametrajlı ekran əsərini – “Eyni yağışın altında” adlı animasiya filmini və “Divarın o üzündə” adlı bədii filmi izləyiblər.




