Bakı küçələrinin adlarını daşıyanlardan biri də Azərbaycan SSR xalq rəssamı və əməkdar incəsənət xadimi, Stalin mükafatı və Azərbaycan SSR Dövlət mükafatı laureatı Kazım Kazımzadədir.
Baki-baku.az həmin şəxsin həyatına nəzər yetirir.
Kazım Məmmədəli oğlu Kazımzadə 1913-cü il avqustun 10-da Bakı şəhərində anadan olub. 1936-cı ildə Azərbaycan Rəssamlıq Texnikumunu, 1960-cı ildə İ.Y.Repin ad. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. İlk dövrdə Nizaminin “İsgəndərnamə”, “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarına, eləcə də uşaqlar üçün işlənmiş “Fitnə”, “Sehrli üzük”, “İsgəndər və çoban” kitablarına illüstrasiyalar çəkmişdir. “Cəbhə yollarında” rəsmlər silsiləsində müharibənin fəlakətlərini əks etdirmişdir. Yaradıcılığında Sovet dövrünə xas olan siyasi plakat və karikaturalar mühüm yer tutmuşdur. Kazımzadə, əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərmişdir.
1942-ci ildən vəfatınadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru, 1954-cü ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin əsas üzvü olmuşdur. Bakı şəhərində Səməd Vurğun və Uzeyir Hacıbəyovun ev-muzeylərinin, Qazaxda Səməd Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını məhz o vermişdir.
1952-ci ildən “Kirpi” jurnalı ilə əməkdaşlığa başlamış, həmçinin tarixi-inqilabi və məişət mövzularında rəsm silsilələri və tablolar yaratmışdır. Kinofilmlərə, dram və opera tamaşalarına, o cümlədən Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Koroğlu” operalarına geyim eskizlərinin, süjetli xalıların müəlliflərindəndir.