Təsəvvür edin ki, muzeyə daxil olursunuz, amma burada zalların səssizliyini dalğaların xışıltısı əvəz edir, mərmər döşəmənin yerində dənizin dibi uzanır, eksponatlar isə zaman keçdikcə mərcanlarla örtülərək minlərlə dəniz canlısının yaşayış məkanına çevrilir. Meksikanın Kankun şəhəri sahillərində yerləşən MUZA sualtı muzeyi məhz belə qeyri-adi məkanlardan biridir.

Bu muzeyi adi qaydada gəzmək mümkün deyil. Ziyarətçilərin bir qismi eksponatları şüşə dibli qayıqlardan, digərləri isə maska və ya akvalanqla suya enərək sənət əsərlərini izləyir. Heykəllər 4 metrdən 12 metrədək dərinlikdə yerləşdiyi üçün hər kəs muzeyi özünə uyğun şəkildə kəşf edə bilir.

Muzeyin yaranması incəsənəti və təbiəti eyni dərəcədə sevən insanların təşəbbüsü nəticəsində olub. Layihənin əsas müəlliflərindən biri britaniyalı heykəltəraş, peşəkar dalğıc və sualtı təbiət tədqiqatçısı Ceyson de Keyers Teylordur. O, doktor Xayme Qonsales Kano və Roberto Dias Abrahamla birlikdə elə bir məkan yaratmaq istəyirdi ki, həm sənət nümunəsi olsun, həm də dəniz ekosisteminin qorunmasına xidmət etsin. Muzeyin yaradılması zamanı Teylor heykəllərin quraşdırılması üçün suyun altında ümumilikdə 120 saatdan çox vaxt keçirib.
Muzeyin əsas məqsədi mərcan riflərini qorumaq idi. Hər il milyonlarla turist Kankun sahillərinə üz tutur və bu böyük axın təbii riflərə ciddi təsir göstərir. MUZA isə ziyarətçilərin diqqətini təbiətdən uzaqlaşdırmadan, onu qorumağa kömək edən alternativ bir məkan kimi yaradılıb.
Heykəllər xüsusi “dəniz betonu”ndan hazırlanıb. Bu material sualtı mühit üçün tam təhlükəsizdir və mərcanların inkişafı üçün əlverişli şərait yaradır. Heykəllərə qayıqdan baxdıqda onlar əsl ölçülərindən daha böyük görünür. Bunun səbəbi suyun və günəş işığının yaratdığı optik effektdir. Zaman keçdikcə heykəllərin səthi yosunlar və mərcanlarla örtülür, onlar isə tədricən süni mərcan riflərinə çevrilirlər. Beləliklə, balıqlar, molyusklar və digər dəniz canlıları burada özlərinə yeni yaşayış məkanı tapırlar.
Bu gün muzeydə 500-dən çox heykəl nümayiş olunur. Onların ümumi çəkisi təxminən 200 tondur. Bəzi heykəllərin özülü isə iki tona yaxın olduğundan güclü dəniz cərəyanları belə onların yerini dəyişə bilmir.

Ekspozisiyanın böyük hissəsini insan fiqurları təşkil etsə də, burada avtomobillər, evlər və müxtəlif sürreal kompozisiyalar da yer alır. Hər bir əsər öz hekayəsini danışır. Ən məşhur kompozisiyalardan biri “Sakit inqilab” adlanır. Yüzlərlə insan fiqurundan ibarət bu əsər dənizin dərinliyində sanki zamanın dayanmasını xatırladır. “Alov içində insan”, “Yuxu toplayan” və “Bağban qız” kimi əsərlər də ziyarətçilərin xüsusi marağına səbəb olur. Bir çox heykəllər real insanların siması əsasında hazırlanıb.


MUZA-nı hər il təxminən 750 min nəfər ziyarət edir. Muzeyin ekspozisiyası illər keçdikcə özü dəyişir. Mərcanlar böyüyür, yosunlar heykəllərə yeni çalarlar bəxş edir, balıqlar isə bu əsərlərin ayrılmaz hissəsinə çevrilir.
Nəzrin Mahu