O, cəmi 24 il yaşadı. Amma ömrünün son günündə elə bir döyüşə atıldı ki, adı Azərbaycan aviasiya tarixinin ilk səhifələrinə yazıldı. Dörd düşmən qırıcısına qarşı təkbaşına mübarizə aparan, alovlara bürünən təyyarəsindən geri çəkilməyən Fərrux ağa Qayıbovun son uçuşu bir əsrdən çoxdur ki, qəhrəmanlıq salnaməmizin unudulmayan səhifəsidir…
Bəzən bir insanın ömrünü illərlə deyil, göstərdiyi cəsarətlə ölçürlər. Elə insanlar var ki, həyatlarının qısa bir anında etdikləri ilə özlərindən sonra gələn nəsillərə bütöv bir ömürlük hekayə qoyub gedirlər. Fərrux ağa Qayıbov da onlardan idi.
1916-cı ilin sentyabrında Belarus səmasında, Birinci Dünya müharibəsinin qanlı döyüşlərindən birində alovlanan təyyarənin içində Azərbaycan torpağının yetirdiyi bir gənc vardı. O, düşmənə təslim olmadan, son nəfəsinə qədər vuruşaraq tarixə düşürdü. Həmin gənc ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov idi.
Salahlıdan başlayan yol
Fərrux ağa 1891-ci il oktyabrın 2-də Qazax qəzasının Aşağı Salahlı kəndində dünyaya göz açmışdı. Atası Məmmədkərim ağa hərbçi idi. İmperatorun Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunda xidmət etmiş, sonralar Qazax və Yelizavetpol qəzalarında məhkəmə rəisi, Cavanşir və Yelizavetpol quberniyalarında polis sahə rəisi vəzifələrində çalışmışdı. Nümunəvi xidmətinə görə müxtəlif mükafatlara layiq görülmüşdü.
Fərrux ağa atasını erkən yaşda itirdi. Onun tərbiyəsi ilə dövrünün tanınmış maarifçilərindən olan əmisi Səməd ağa Qayıbov məşğul oldu. İlk təhsilini doğma Salahlıda, beşsinifli rus-Azərbaycan məktəbində aldı.
Ancaq onun qarşısında kənd məktəbinin divarlarından daha geniş bir dünya açılırdı. General Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusuna daxil oldu. 1910-cu il iyunun 16-da bu təhsil ocağını əla qiymətlərlə bitirərək Sankt-Peterburqdakı Konstantin Topçuluq Məktəbində təhsilini davam etdirdi.
Gənc Fərruxun hərbi istedadı burada özünü daha aydın göstərdi. İti zehni, dəqiq müşahidə qabiliyyəti, cəsarəti və topçuluq məharəti ilə seçilirdi. Topdan atəş açmaqda göstərdiyi yüksək nəticəyə görə birinci mükafata layiq görüldü. Bu mükafat İsveçrənin məşhur “Pavel Bure” firmasında hazırlanmış qızıl saat idi. Saatın arxasına belə sözlər həkk olunmuşdu: “Yunker Fərrux ağa Qayıbov, 1913-cü il”.
Bu saat bir gəncin qazandığı mükafat olmaqla yanaşı, onun hərbi yolunun başlanğıcını simvolizə edirdi.
Topçuluqdan səma döyüşlərinə
Birinci Dünya müharibəsi başlayanda aviasiya hələ hərbi işin nisbətən yeni sahəsi idi. Təyyarələr yalnız kəşfiyyat vasitəsi deyildi; onlar düşmən mövqelərinə hücum edir, anbarları və hərbi obyektləri bombardman edir, havada ölüm-dirim mübarizəsinə girirdilər.
Fərrux ağa da bu yeni hərbi sahədə özünü göstərdi. O, “İlya Muromets-16” adlı ağır bombardmançı təyyarənin heyətində artilleriya zabiti kimi xidmət edirdi. Hərbi rütbəsi poruçik idi.
“İlya Muromets” həmin dövrün iri və ağır bombardmançı təyyarələrindən biri idi. Onun uçuşu, düşmən ərazisinə daxil olması və tapşırığı yerinə yetirməsi böyük cəsarətlə yanaşı, dəqiq hərbi hazırlıq tələb edirdi.
Fərrux ağa belə uçuşlarda özünü dəfələrlə sübut etmişdi. Onun haqqında verilən hərbi təqdimatlarda düşmən atəşi altında göstərdiyi igidlik xüsusi qeyd olunurdu.
General Əliağa Şıxlinskinin xatirələrində də həmin döyüşlərə yer ayrılıb. O yazırdı ki, alman təyyarələri bir neçə dəfə şəhərin üzərinə uçsalar da, o dövrün sadə zenit toplarının atəşi nəticəsində geri qayıtmağa məcbur olurdular.
Lakin 1916-cı ilin sentyabrında baş verən hadisə bütün əvvəlki döyüşlərdən fərqlənəcəkdi.
Dörd qırıcıya qarşı son döyüş
1916-cı il sentyabrın 12-də Qərb cəbhəsi aviasiya ordusunun tapşırığı ilə “İlya Muromets-16” Borunı kəndi istiqamətində uçuşa qalxdı. Təyyarənin qarşısında mühüm hərbi vəzifə vardı: düşmənin intendant və artilleriya anbarlarını, aerodromunu, 89-cu alman ehtiyat diviziyasının mövqelərini bombardman etmək.
Təyyarənin heyətində Fərrux ağa Qayıbov da vardı. Düşmənin zenit batareyaları bombardmançıya şiddətli atəş açırdı. Buna baxmayaraq, təyyarə qarşıya qoyulan tapşırığı yerinə yetirdi. Borunıda düşmənin anbar və qərargahı bombardman edildi.
Elə həmin vaxt göydə qeyri-bərabər döyüş başladı. Dörd alman qırıcısı – iki “Albatros” və iki “Fokker” “İlya Muromets-16”ya hücuma keçdi.
Ağır bombardmançı dörd çevik qırıcının hədəfinə çevrilmişdi. Lakin Fərrux ağa və silahdaşları müqaviməti dayandırmadılar.
Həmin döyüş barədə hərbi qeydlərdə poruçik Qayıbovun düşmənin üç qırıcı təyyarəsini yandırdığı bildirilir.
Nəhayət, düşmən atəşi nəticəsində “İlya Muromets-16” ciddi zədələndi, alova büründü və yerə düşdü.
Təyyarədəki dörd nəfərin hamısı həlak oldu. General Əliağa Şıxlinski bu faciəni belə xatırlayırdı:
“Nəhayət, ‘Albatros’ adlanan alman təyyarələrindən biri ‘İlya Muromets-16’ təyyarəsində yanğın törətməyə və təyyarəni yerə salmağa müvəffəq oldu. Təyyarədəki igidlərin dördü də yanıb həlak olmuşdu…” Fərrux ağa Qayıbovun son uçuşu belə başa çatdı. O, cəmi 24 yaşında idi.
Düşmənin də ehtiram göstərdiyi qəhrəman
Bu hekayənin ən təsirli məqamlarından biri də döyüşdən sonra baş verənlərdir. Ertəsi gün alman təyyarəsinin atdığı kağızlarda qəhrəmancasına vuruşaraq həlak olan poruçik Qayıbovun və onun heyətinin alman əsgərləri tərəfindən şərəflə dəfn edildiyi bildirilirdi. Müharibə insanları bir-birinə düşmən etsə də, bəzən döyüş meydanında göstərilən cəsarət qarşı tərəfin də ehtiramını qazandırır. Fərrux ağanın qəhrəmanlığı belə bir ehtirama layiq görülmüşdü.
Lakin onun harada dəfn edildiyi uzun müddət məlum olmadı. Qəhrəmanın məzarı illərlə naməlum qaldı. Yalnız Birinci Dünya müharibəsi tarixini araşdıran N. Y. Markov, V. V. Prixaç və A. M. Bumay Borunı kəndi yaxınlığındakı bərpa edilmiş alman qəbiristanlığında həmin məzarı aşkar edə bildilər.
Qəbirüstü xaçın üzərində polyak dilində bu sözlər yazılmışdı: “4 NIEZNANYCH ROS. LOTN. 25.16”
Yəni: “4 naməlum rus təyyarəçisi dəfn olunmuşdur”.
Xaçdakı tarix həmin dövrdə Rusiyada işlədilən təqvimlə fərqlənirdi. Bu yazı qəhrəmanın və silahdaşlarının taleyinə dair mühüm tarixi izlərdən biri oldu. Bir zamanlar düşmən torpağında adsız dəfn edilən azərbaycanlı təyyarəçinin adı isə artıq öz xalqının yaddaşında yaşayırdı.
Ordenlərə sığmayan igidlik
Fərrux ağa Qayıbovun döyüşlərdə göstərdiyi şücaət müxtəlif hərbi ordenlərlə qiymətləndirildi.
1915-ci il noyabrın 8-də qılınc və bantla birlikdə üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni, dekabrın 14-də “İgidliyə görə” yazısı olan dördüncü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edildi.
1916-cı ildə ikinci dərəcəli Müqəddəs Stanislav ordeninə layiq görüldü. Ölümündən sonra, 1917-ci il yanvarın 26-da qılıncla birlikdə ikinci dərəcəli Müqəddəs Anna, martın 14-də üçüncü dərəcəli Müqəddəs Anna, martın 25-də isə dördüncü dərəcəli Müqəddəs Georgi ordenləri ilə mükafatlandırıldı.
Onun təltif olunması ilə bağlı təqdimatın surəti bu gün Bakıdakı Azərbaycan Tarix Muzeyində saxlanılır.
Ancaq Fərrux ağanın ən böyük mükafatı, bəlkə də, bir əsrdən sonra belə adının ehtiramla çəkilməsidir.
Bir abidənin taleyi, bir xalqın yaddaşı
Fərrux ağa Qayıbovun adının əbədiləşdirilməsi istiqamətində mühüm addımlardan biri 1970-ci illərdə atıldı.
Qazax-Tovuz bölgəsindən aviasiya marşalı Pavel Kutaxov deputat seçildikdən sonra seçicilərlə görüşlərin birində ilk azərbaycanlı hərbi təyyarəçinin həmin bölgədən olduğu ona bildirildi.
Kutaxov Fərrux ağa Qayıbovun xatirəsinin yaşadılması üçün iş görəcəyinə söz verdi. Çox keçmədən Qazaxa təyyarə-heykəl abidəsi göndərildi. Postament üçün nəzərdə tutulan lövhədə isə bu sözlər yazılmışdı: “İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun xatirəsinə”.
Lakin dövrün rəhbərliyinin müdaxiləsi ilə həmin yazı dəyişdirildi və abidənin üzərinə “Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə” sözləri vuruldu.
Beləcə, Birinci Dünya müharibəsində qəhrəmancasına həlak olmuş ilk azərbaycanlı hərbi təyyarəçinin adı öz abidəsində belə görünməz oldu.
2004-cü ildə yol çəkilişi zamanı təyyarə-heykəl tarixi yerindən götürüldü və yararsız vəziyyətə düşdü. Abidənin taleyi ilə barışmayan Yuxarı Salahlı kənd sakinləri onu şəxsi vəsaitləri hesabına kəndlərinə apardılar. Onlar bu addımla sadəcə bir metal abidəni deyil, öz torpaqlarından çıxmış qəhrəmanın xatirəsini qoruyurdular.
2016-cı ildə abidə bərpa edildi və rayonun Ağstafa istiqamətindən girişində quraşdırıldı. “Fəxri Qazaxlılar” parkında yerləşən abidənin üzərinə nəhayət, onun həqiqi kimliyini bildirən lövhə vuruldu: “İlk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov”.
2021-ci ildə isə Belarusun Qrodno vilayətinin Oşmyan rayonunun Borunı kəndində Fərrux ağa Qayıbovun büstünün açılışı oldu. Onun son döyüşünün baş verdiyi torpaqlarda ucaldılan bu büst bir əsr əvvəlki hadisənin yaddaşlarda yaşadığını göstərirdi.
Səmaya qalxan ad
Fərrux ağa Qayıbovun həyatına baxanda insan istər-istəməz düşünür: bir ömrün böyüklüyü onun nə qədər davam etməsindədir, yoxsa hansı izlərlə yadda qalmasında? O, Salahlının sakit kənd mühitindən çıxıb Tiflisə, oradan Sankt-Peterburqa, daha sonra isə müharibənin sərt səmalarına yüksəldi. Topçuluq məktəbində qazandığı mükafat, hərbi rütbəsi, ordenləri onun həyatının yalnız görünən tərəfi idi. Əsl böyüklüyü isə son döyüşündə, ölümün üzərinə gələn dörd düşmən təyyarəsinə baxmayaraq geri çəkilməməsində idi.
Bu gün onun məzarının üzərindəki “naməlum təyyarəçi” sözləri artıq tarixin bir səhifəsində qalıb. Azərbaycan onu tanıyır. Salahlı onu öz övladı kimi xatırlayır. Belarus torpağında büstü ucalır. Qazaxda abidəsi var.
Fərrux ağa Qayıbovun təyyarəsi 1916-cı ilin sentyabrında yerə düşdü. Amma onun adı səmadan enmədi. Bəzi qəhrəmanlar ömürlərini Vətən torpağında başa vururlar. Bəziləri isə uzaq səmalarda, doğma yurdlarından min kilometrlərlə aralıda həlak olurlar. Ancaq qəhrəmanlığın ünvanı olmur. Fərrux ağa Qayıbovun ünvanı isə bu gün Azərbaycan tarixidir.
Xanım Aydın