İkinci Dünya müharibəsi yüz minlərlə insanın qanı bahasına başa gəldi. Ölkələr, şəhərlər, kəndlər dağıldı, xarabalığa çevrildi. Müstəqillik əldə edən ölkəmizin bəzi vətəndaşları bir çox hallarda düşünürlər ki, faşizm üzərində qələbənin bizə nə aidiyyatı var? Amma tarix həqiqəti sevir. 600 mindən çox qəhrəmanı ilə Mozdokdan Berlinədək Azərbaycan bu müharibədə 300 mindən çox şəhid verdi. İki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanov, Mehdi Hüseynzadə, İsrafil Məmmədov, Məlik Məhərrəmov, Ziya Bünyadov, Aslan Vəzirov, Fatma Səttarova, Züleyxa Seyidməmmədova, Ziba Qəniyeva kimi igidləri, 5 milli diviziyası ilə tarix yaratdı. Bakı nefti müharibənin qan damarına çevrildi. Akademik Yusif Məmmədəliyevin iki kəşfi – “neftin oktan ədədi” və “Molotov kokteyli” isə faşizmə öldürücü, dağıdıcı zərbələrdən vurdu.
Bütün bu faktlar sübut edir ki, SSRİ-nin qələbəsi Vətən tarixinin ayrılmaz tərkib hissəsi, eyni zamanda zəfər və qəhrəmanlıq dolu salnaməsidir.

İkinci Dünya müharibəsində ən çox və ən az itki verən dövlətlər hansılardır? Bu sual da insanları düşündürən məsələlərdəndir. Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, bu dəhşətli savaşdan 26 milyon insan itkisiylə ayrılan SSRİ-dən sonra daha çox itki verən dövlət kimi Çin Xalq Respublikası 15 milyon 600 min vətəndaşının kədəri ilə tarixə yazılıb. Hindistan bu savaşdan 3 milyon 36 min, İndoneziya 4 milyon, Polşa 6 milyon 148 min, bütün Avropa, az qala dünyayla savaşan Almaniya 8 milyon 400 min itkiylə ayrılıb.

Daha dəhşətlisi, kədərlisi isə odur ki, milyonlarla insanın ölüm kabusuna dönən, bütün dünyaya müharibə elan edən üç dövlətin – Almaniya, İtaliya və Yaponiyanın itkiləri 12 milyon nəfəri aşmır. Amma onlara qarşı savaşan ölkələr 100 minlərlə itkisi, dağılan şəhər və kəndləri ilə dəhşətin sərt üzünü görüb. Əldə olunan məlumatlardan bəlli olur ki, Amerika Birləşmiş Ştatları İkinci Dünya müharibəsinə gec qoşulsa da, 417 min nəfər itki verib.
Bu gün də dünyanı müharibə cənginə alıb, yenə insanlar öldürülür, ölür. Bunun qarşısını almaq üçün isə tarixdən dərs çıxarmaq əvəzinə dünya liderləri silah ticarətini insan taleyindən üstün tutur.
Şərəf Cəlilli