Qurban bayramı insanları birliyə, mərhəmətə və paylaşmağa çağıran ən müqəddəs dini bayramlardan biridir. Din xadimi Hacı Surxay Baki-baku.az-a açıqlamasında bildirib ki, “qurban” sözünün mənası Allaha yaxınlaşmaq deməkdir və bu yaxınlıq fiziki deyil, mənəvi bağlılıqla ölçülür.
Onun sözlərinə görə, Qurban ibadətinin mahiyyəti insanın səmimi qəlbdən Allah sevgisini və təqvasını nümayiş etdirməsidir:
“Qurban bərabərlikdir, səmimiyyətdir, həmrəylikdir. Bu, insanların bir-birinə dayaq olması, paylaşması və ehtiyacı olanlara yardım etməsidir. Qurani-Kərimdə də buyurulur ki, qurbanın nə əti, nə də qanı Allaha çatır. Allaha çatan yalnız insanın təqvası, yəni səmimi niyyətidir.”
Hacı Surxay qeyd edib ki, qurbanlıq həm də fədakarlıq rəmzidir və Azərbaycan xalqının əsrlər boyu yaşatdığı mənəvi dəyərlərin ayrılmaz hissəsidir. Onun sözlərinə görə, Qurban bayramı günlərində insanlar küsülülərlə barışır, mərhəmət, sevgi və qarşılıqlı hörmət daha da möhkəmlənir.
Din xadimi vurğulayıb ki, imkanı olan şəxslər qurban kəsərək ehtiyacı olan insanlara yardım etməlidirlər. Qurban payının bölüşdürülməsi isə İslamın sosial ədalət və paylaşma prinsiplərini əks etdirir:
“Qurbanlıq əsasən üç hissəyə bölünür. Bir hissə qurban kəsən şəxsin özünə, ikinci hissə qonşulara, üçüncü hissə isə ehtiyac sahibi olan bacı və qardaşlara verilir. İnsan qurbanını paylaşdıqca bunun savabı daha böyük olur.”
Hacı Surxay əlavə edib ki, Qurban bayramının əsas fəzilətlərindən biri də insanların mənəvi bağlarını gücləndirməsidir. Bayram günlərində qəbiristanlıqların ziyarət olunması, dünyasını dəyişən valideynlərin ruhuna dualar oxunması, yaşlı və kimsəsiz insanların ziyarət edilməsi, yetim uşaqlara qayğı göstərilməsi xüsusi əhəmiyyət daşıyır.
“Yetim uşaqların başını sığallamaq, yaşlı insanların könlünü almaq, insanlara sevgi və diqqət göstərmək Qurban bayramının ən gözəl dəyərlərindəndir”, – deyə din xadimi bildirib.
Xanım Aydın