Herbert Kvelle: “1911-ci ildə sizin ölkədən olan bir azərbaycanlı – Hacı Zeynalabdin Tağıyev restoranla 100 illik müqavilə imzalamışdır. Müqavilənin vaxtı artıq başa çatmışdır. İndi aranızda bu müqaviləni uzadacaq bir adam varmı?”
O dünyanı cənnətə, cəhənnəmə bölənlər inanırlar ki, hər kəsin çiynində bir mələk əyləşib. Biri xeyir, digəri də bəd əməlləri “dəftərə yazır”. İnsan dünyaya vida nəğməsi oxuyanda “əməl dəftəri”ni götürüb gedir. “Xatirə kitabı”nı isə yer üzünə əmanət edir. Adı kimi əməl dəftəri və xatirə kitabı da əziz olan Hacı Zeynalabdin Tağıyevlə bağlı xatirələr üstündən 100 il ötməsinə baxmayaraq insana doğma gəlir, əziz gəlir, xoş və qürur dolu duyğular yaşadır. Deyirlər, Hacı Zeynalabdin Tağıyev Almaniyada səfərdə olan zaman buradakı bahalı restoranlardan birinə rast gəlir. Restoranın görünüşü onun diqqətini çəkir. Və Hacı içəriyə keçib nahar etmək qərarına gəlir. Ailə üzvləri ilə birlikdə masaya əyləşir. Xeyli gözləməsinə baxmayaraq xidmətçi ona yaxınlaşmır. Xidmətçinin yaxınlaşmamasına səbəb isə Tağıyevin şərqlilərə məxsus zahiri görkəmi və qafqazlılara oxşar geyimi olur. Onu aşağı təbəqəli şərqli kimi qəbul edən xidmətçi qısa zaman kəsiyində heyrət içərisində qalır, çünki o dəfələrlə Hacının səsinə dönüb az sonra yaxınlaşacağını deyir. Hacı səbr edir, lakin xidmətçi yenə yaxınlaşmır. Bu zaman Hacı qərara gəlir ki, restoranı tərk etsin. Bir müddət sonra restoranın sahibi xəbər tutur ki, onların şərqli qiyafəsində görüb imkansız olaraq qəbul etdikləri insan Bakıdan gələn məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev imiş. Hacının arxasınca adam göndərən restoran sahibi ondan üzr istəyərək dönməsini xahiş edib.

Müqavilənin şərtinə əsasən, 100 il ərzində bu restorana gələn hər bir azərbaycanlı məhz belə bir təmtəraqlı masada yeyib içmək hüququ qazanır
Restorana döndükdən sonra Hacı onun üçün tərtib edilən 20 nəfərlik süfrədə əyləşib. Bu masanın bir günlük xərcini xəbər alıb. 100 illik qiyməti öyrəndikdən sonra Millətin Atası restoranın rəhbərliyi ilə “100 illik Müqavilə” bağlayıb. Hacının istəyilə isə müqavilədə belə bir şərt əksini tapıb: “100 il ərzində bu restorana gələn hər bir azərbaycanlı məhz belə bir təmtəraqlı masada yeyib içmək hüququna malikdir.” Müqavilədə qeyd olunan şərt 100 il ərzində restoranın əsas qaydalarından biri kimi təsbit edilir. 2011-ci ilin yanvar ayında müqavilənin bitməsi ilə əlaqədar Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelle Azərbaycanın Almaniyadakı böyük elçisi Pərviz Şahbazova məktub yazaraq, qeyd edir: “1911-ci ildə sizin ölkədən olan bir azərbaycanlı-Hacı Zeynalabdin Tağıyev restoranla 100 illik müqavilə imzalamışdır. Müqavilənin vaxtı artıq başa çatmışdır. İndi aranızda bu müqaviləni uzadacaq bir adam varmı?”

Ötən əsrin əvvəlində ölkəmizdə mesenat çox idi, lakin Hacı Zeynalabdin Tağıyevdən yox idi
Ötən əsrin əvvəlində ölkəmizdə neftxuda, neft maqnatı, milyonçu, mesenat çox idi. Ancaq Hacı Zeynalabdin Tağıyevdən yox idi. O, bütün sərvətini mənsub olduğu millətin cəhalətdən qurtuluşuna həsr etdi. İlk Qız Məktəbinin təməlini qoydu. Teatr binasını, dəyirmanı qurdu. Milli mətbuatı milli məfkurənin təməl prinsipinə çevirmək üçün “Kaspi” mətbəəsini satın aldı. Həbsxananı Xəzərin uzaq sahilindən Bakıya köçürdü. Əri, oğlu, atası, qardaşı zindan əzabı çəkən qız-gəlinlərinin, ana-bacılarının qayğısını azaltdı.

Hacı Zeynalabdin Tağıyev dahi, eyni zamanda Fədai idi!
Səfirin qeyd etdiyi fakt, “Sizdə ikinci belə bir adam varmı?” sualı düşündürücüdür. Bu düşüncə yadıma Çarın tacgüzarlıq mərasimini saldı. Mərasimə dəvət olunan Hacı Zeynalabdin Tağıyevi Çara təqdim edən protokol nümayəndəsi tarixi səhvə yol verir. Millətin Atasının ünvanına həqarət dolu cümlə işlədir: “Tağıyev, vəhşi xalqın nümayəndəsi!”. Onun bu cümləsinə etiraz edib sərt bir baxışla, “Mənim xalqım vəhşi deyildir! Onun qüdrətli tarixi, zəngin mədəniyyəti vardır!” nidası ilə yeri-yerindən oynadan Tağıyev Almaniyada şərqli qiyafəsinə, qafqazlı görünüşünə görə oturduğu masaya yaxınlaşmayan, etinasızlıq göstərən xidmətçinin də, restoran sahibinin də, onların məxsus olduğu zümrənin də dərsini eyni şəkildi vermişdi. Bunu dərk edən, anlayan səfirin də, bizim də gözümüz indi Hacı Zeynalabdin Tağıyev kimi ikinci bir mesenat, neft maqnatı, milyonçu, müasir dillə desək biznesmen, iş adamı, ən əsası Millət Atası axtarır. Bəlkə, elə bu səbəbdəndir ki, ağlımız kəsəndən böyüklərdən eşitdiyimiz bir kəlməni tez-tez dilə gətiririk: “Dahilər 100 ildə bir doğulur!” Hacı Zeynalabdin Tağıyev dahi idi. Dahilərin dahisi, eyni zamanda onların qürur, qeyrət, ləyaqət, xeyirxahıq, yaxşılıq mücəssəməsi, ümid yeri idi.
Çünki, o, Fədai idi!
Şərəf Cəlilli