Sentyabrın 18-də Bakıda Atatürk Mərkəzində Türk dünyası ilə bağlı araşdırmalarına, tədqiqatlarına, kitab və monoqrafiyalarına, elmi-publisistik yazılarına, bədii əsərlərinə görə ölkəmizin bir qrup ziyalısı TÜRKSOY-un və Türkiyə Ədəbiyyat Vəqfinin, Türk Dünyası Şair Qadınlar Şurasının mükafatlarına və medallarına layiq görülüb.
Baki-baku.az xəbər verir ki, Türkiyə Ədəbiyyat Vəqfinin qurucusu Ahmet Kabaklının (Şeyhul Muharririn) 100 illik yubileyi medalına layiq görülənlər sırasında Baki-baku.az-ın baş redaktoru, türkoloq alim Şərəf Cəlilli də yer alıb.
Həmçinin Bakıda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərova, Xalq yazıçısı Çingiz Abdullayevə, Türk Dünyası Alim Qadınlar Şurasının sədri, professor Mahirə Hüseynovaya, Türk Dünyası Şair Qadınlar Şurasının sədri Xuraman Muradovaya, Ədəbiyyat Fondunun baş direktoru, yazıçı-publisist Varis Yolçuyevə də təqdim olunub.
Mükafatlar TÜRKSOY-un Baş katibi Sultan Rayevin, Türkiyə Ədəbiyyat Vəqfinin başqanı Sərhat Kabaklı və Türk Dünyasından gələn 20-yə yaxın şair, alim, yazıçı və ictimai xadimlərin iştirakı ilə təqdim olunub.

