Bakı bu günlərdə yenə Formula-1-in şəhərinə çevrilib.
Şəhərin mərkəzində hasarlar, tribunalar, bağlanan küçələr, dəyişdirilən avtobus marşrutları və səhərdən axşama qədər davam edən yol hərəkəti məhdudiyyətləri yaranıb. Bir tərəfdə dünyanın ən böyük idman tədbirlərindən biri baş tutur, digər tərəfdə isə gündəlik həyatını davam etdirməyə çalışan Bakı sakinləri çabalayır.
Formula-1-in Azərbaycana gətirdiyi turistləri, beynəlxalq diqqəti və iqtisadi faydanı müzakirə etmək artıq adiləşib. Amma hər il eyni sual yenidən ortaya çıxır: Bu yarış Bakıya həqiqətən nə qədər fayda verir və bunun qarşılığında şəhər sakinləri nə qədər narahatlıq yaşayır?
Bir yarış üçün şəhəri bağlamaq
Bu il Baku City Circuit ətrafındakı yollar sentyabrın 20-si saat 01:00-dan sentyabrın 28-i saat 08:00-dək bağlıdır. Məhdudlaşdırılmış ərazilərə giriş-çıxış yalnız xüsusi “Resident Access Permit” ilə mümkündür. Bəzi əsas yollar isə müəyyən saatlarda müvəqqəti açılır.
Bu, sadəcə yarışın keçirildiyi üç gün demək deyil. Şəhər bir həftədən artıq müddətdə Formula-1 rejimində yaşayır.
Parklanma yerlərinin bir hissəsi də sentyabrın 20-dən 29-dək fəaliyyət göstərmir. Bir sıra avtobus marşrutlarının hərəkət sxemi dəyişdirilir, sürücülərdən isə yarış günlərində şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri xahiş olunur.
Bütün bunlar Bakıda yaşayan insan üçün kifayət qədər real problem yaradır.
Evindən işə getmək üçün əlavə vaxt sərf edən, avtomobilini əvvəlki yerdə saxlaya bilməyən, hər gün alternativ küçə axtaran və ya şəhərin mərkəzinə girmək üçün ictimai nəqliyyatdan istifadə etməli olan insan üçün Formula-1-in gətirdiyi qlobal şöhrət çox vaxt o qədər də vacib görünməyə bilər.
Bu narazılığın olması təəccüblü deyil.
Sosial şəbəkələrdə də hər il eyni mövzuda müzakirələr yaranır: bir qrup insan yarışın şəhərə gətirdiyi turistləri və atmosferi müsbət qarşılayır, digərləri isə yolların bağlanmasından və gündəlik həyatın çətinləşməsindən şikayətlənir.
Bəs Formula-1 Bakıya nə verir?
Əslində, kifayət qədər çox şey. Gəlin qlobal statistikaya baxaq. Ən böyük faydalardan biri təxmin olunan kimi turizmdir. Mastercard-ın 2025-ci ildə açıqladığı məlumatlara görə, əvvəlki il Formula-1 həftəsində Azərbaycana beynəlxalq gəlişlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 87 faiz artıb. Xərclərin həcmi 77 faiz, əməliyyatların sayı isə 85 faiz yüksəlib.
Daha maraqlısı isə xərclərin əsasən turistlərin istifadə etdiyi sahələrdə artmasıdır: Hotel rezervasiyaları iki dəfədən çox artıb, restoran xərcləri isə 140 faizdən çox yüksəlib. Paytaxtdan kənar regionlarda da əməliyyatların sayı üç dəfəyə yaxın artıb.

Bu rəqəmlər vacibdir.
Çünki Formula-1-in faydasını yalnız televiziyada Bakının görüntülərinin nümayiş etdirilməsi ilə ölçmək düzgün deyil. Yarış həftəsində ölkəyə real turist gəlir, hoteldə qalır, restoranda yemək yeyir, taksidən istifadə edir, həm iri, həm də mikro sahibkarlardan alış-veriş edir və pul xərcləyir.
Yəni yarışın təsiri təkcə Bakı Şəhər Halqasının daxilində qalmır.
277 milyon dollar nə deməkdir?
Formula-1-in Azərbaycana iqtisadi təsiri ilə bağlı ən çox səslənən rəqəmlərdən biri 277,3 milyon dollardır.
PwC tərəfindən hazırlanmış araşdırmaya əsasən, 2016-cı ildə Bakıda ilk yarışdan başlayaraq Formula-1-in şəhərə ümumi iqtisadi təsiri 277,3 milyon dollar qiymətləndirilib. Bu məbləğə Formula-1-lə əlaqədar birbaşa və dolayı xərclər, o cümlədən hotellər, restoranlar, nəqliyyat, peşəkar xidmətlər, pərakəndə ticarət və digər sahələrdə yaranan iqtisadi aktivlik daxildir.

Amma burada bir şeyi aydınlaşdırmaqda fayda var. 277,3 milyon dollar dövlətin qazandığı pul demək deyil. Bu, iqtisadi təsirdir. Yəni yarışla əlaqədar ölkə və şəhər iqtisadiyyatında yaranan birbaşa və dolayı dövriyyəni ifadə edir. Dövlət büdcəsinə daxil olan vergi gəlirləri və Formula-1-in keçirilməsinə çəkilən bütün dövlət və təşkilati xərclər nəzərə alınaraq “Azərbaycanın xalis qazancı budur” demək üçün daha geniş hesabat lazımdır. Başqa sözlə, 277 milyon dollar “Formula 1 bizə bu qədər pul verdi” kimi başa düşülməməlidir.
Yarışda kimlər qazanır?
Bunun cavabı da maraqlıdır. Formula-1 həftəsində ən çox qazanan sahələrdən biri, təbii olaraq, turizmdir.
Hotel, restoran, kafe, taksi, pərakəndə satış, tədbir xidmətləri və müxtəlif xidmət sektorları əlavə müştəri əldə edir. Bu da yarışın iqtisadi faydasının şəhərdə müxtəlif bizneslər arasında bölüşdürülməsi deməkdir.
Amma burada da fərq var.
Mərkəzdə fəaliyyət göstərən hotelin Formula-1 həftəsində qazandığı əlavə gəlirlə, yarış ərazisində yaşayan və hər gün avtomobili ilə hərəkət etməkdə çətinlik çəkən sakinin təcrübəsi eyni deyil.
Biri üçün Formula-1 biznes fürsətidir. Digəri üçün isə əlavə bir həftəlik logistika problemidir. Məsələnin ən maraqlı tərəfi də məhz budur.
Bəs şəhərin özü nə qazanır?
Formula-1 Bakının dünyadakı tanınmasına da ciddi töhfə verir. Yarış zamanı milyonlarla insan Bakı görüntülərini izləyir. İçərişəhər, Xəzər, Bakı bulvarı, Alov qüllələri və şəhərin mərkəzi dünyanın müxtəlif ölkələrində canlı yayımlanır.
Bu, Azərbaycanın turizm brendi üçün kifayət qədər böyük reklam imkanına çevrilir. Amma burada da bir sual qalır: televiziyada Bakını görən insanın sabah Bakıya turist kimi gəlməsi necə təmin olunur?
Formula-1 bu prosesin yalnız bir hissəsidir.
Uçuşların əlçatanlığı, hotellərin qiymətləri, şəhərin turizm infrastrukturu, vizalar, xidmət keyfiyyəti və turist üçün yaradılan ümumi təcrübə də ən az yarışın özü qədər vacibdir.
Yəni Formula-1 Bakını dünyaya göstərə bilər. Amma həmin görüntünün real turizm gəlirinə çevrilməsi artıq başqa məsələlərdən asılıdır.
Bəs bütün bunlar yolların bağlanmasına dəyərmi?
Bu suala vahid cavab vermək çətindir. Çünki burada iki fərqli Bakı var:
Birinci Bakı Formula-1 həftəsində hotellərin dolduğu, restoranların daha çox müştəri qəbul etdiyi, turistlərin gəldiyi və şəhərin beynəlxalq televiziyalarda göründüyü Bakıdır.
İkinci Bakı isə işə gedən, uşağını məktəbə aparan, avtomobilini saxlamağa yer axtaran və bir küçədən digərinə keçmək üçün marşrutunu dəyişən insanların yaşadığı şəhərdir.
Hər ikisi eyni anda mövcuddur.
Formula-1-in Azərbaycana iqtisadi fayda gətirdiyini göstərən rəqəmlər var. Turist axınının və xərclərin yarış həftəsində əhəmiyyətli dərəcədə artdığı da görünür.

Eyni zamanda, şəhərin mərkəzində genişmiqyaslı yol məhdudiyyətlərinin yaratdığı narahatlıq da realdır. Elə buna görə də bu il bəzi əsas yolların müəyyən saatlarda açıq saxlanılması və əlavə tranzit dəhlizinin yaradılması nəzərdə tutulub.
Bəlkə də əsas müzakirə “Formula-1 olsun, yoxsa olmasın?” sualından çox, başqa sual ətrafında aparılmalıdır:
Formula-1-in Bakıya gətirdiyi iqtisadi faydanı necə artırmaq və onun şəhər sakinləri üçün yaratdığı narahatlığı necə azaltmaq olar?
Çünki yarış artıq Bakının bir hissəsinə çevrilib.
İndi əsas məsələ onun olub-olmaması deyil. Əsas məsələ Bakı üçün bu böyük qlobal tədbirin mümkün qədər öncədən düşünülmüş və planlanmış keçirilməsdir.
P.S. Həmin tarixlərdə əlavə yol təmirləri işləri aparılmamasın qeyd etməyi unutmuşdum az qala
Deniz Məmmədli