“Hazırda Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə müşahidə olunan küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şərtlərinin yollarda yarada biləcəyi təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir”.
Baki-baku.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər:
“Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.
Ələlxüsus, açıq ərazilərdə küləyin yaratdığı toz dumanı səbəbindən görünüş məsafəsi məhdudlaşdığı üçün sürücülər sürət həddini, ara məsafəsini nəzarətdə saxlamalı, ötmə, manevretmə zamanı ehtiyatlı olmalıdırlar.
Piyadalar da mövcud hava şəraitini düzgün qiymətləndirməli, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”.