İnsan xəstələnəndə ilk arzusu sağalmaq, ağrıdan qurtulmaq, həyata yenidən əvvəlki kimi sarılmaq olur. Min illərdir dəyişməyən bu arzu qədim insanların təsəvvüründə ilahi bir obrazla – xəstələrə şəfa verən, hətta ölümü belə geri çevirməyə çalışan Asklepi ilə bağlı idi. Romalılar onu Eskulap adlandırırdılar. Onun ilanla sarılmış əsası isə zamanın sərhədlərini aşaraq bu gün də tibbin ən tanınan simvollarından biri kimi yaşayır.
Bəs qədim dünyanın bu şəfa tanrısı kim idi? Onun haqqında danışılan əfsanələrdə niyə həm həyat, həm ölüm, həm də ilan obrazı bir araya gəlirdi?

Tonqaldan başlayan həyat
Qədim yunan mifologiyasında Asklepi Apollonun oğludur. Anası Koronida ilə bağlı əhvalat isə heç də xoşbəxt başlanğıcı xatırlatmır. Rəvayətə görə, Koronida Apollona xəyanət edir və tanrının qəzəbinə tuş gəlir. Lakin tonqalda yandırılan qadının bətnindəki körpə xilas edilir. Apollon oğlunu alovların arasından çıxararaq onu kentavr Xirona tapşırır.
Beləcə, Asklepinin həyatı ölümün astanasından başlayır.
Xiron sadəcə müəllim deyildi. O, təbiətin sirlərini, bitkilərin şəfalı xüsusiyyətlərini və yaraların müalicəsini bilən müdrik bir varlıq kimi təsvir olunurdu. Asklepi onun yanında böyüyür, təbabətin sirlərinə yiyələnir və zaman keçdikcə adi təbiblərin bacarmadığı işləri görməyə başlayır.
Əfsanələrə görə, o, insanları müxtəlif xəstəliklərdən sağaldır, yaralarını müalicə edir, ağrılarını yüngülləşdirir. Lakin Asklepinin qüdrəti bununla məhdudlaşmır. O, ölüləri diriltməyi də bacarır.

İlanın göstərdiyi sirr
Asklepinin ən məşhur atributu ilanla sarılmış əsadır. Bu simvolun yaranması haqqında qədim rəvayətlərdən biri xüsusilə maraqlıdır.
Deyilənə görə, Asklepi Krit hökmdarı Minosun oğlu Qlavkı diriltməli olur. Çətin vəziyyətdə qalan təbib düşüncələrə dalarkən onun əsasına bir ilan dolanır. Asklepi ilanı öldürür. Bir müddət sonra başqa bir ilan ağzında ot gətirərək ölmüş ilanın yanına gəlir və onu yenidən həyata qaytarır. Bu mənzərəni görən Asklepi həmin bitkidən istifadə edərək Qlavkı dirildir.
Bu, mifdir, əlbəttə. Amma onun arxasında qədim insanın təbiətə münasibətini görmək mümkündür. İlanın dərisini dəyişərək yenilənməsi, yerin altında gizlənməsi və qəfil üzə çıxması insanlarda onun sirli qüvvəyə malik olması düşüncəsini yarada bilərdi. Beləcə, ilan yenilənmə, həyat və sağalma anlayışları ilə əlaqələndirildi.
Asklepinin əsası ilə bağlı bu qədim təsvir bu gün də yaşayır. Bununla belə, tibbdə işlədilən Asklepi əsası ilə iki ilan və qanadlarla təsvir olunan Hermes kaduceyi fərqli simvollardır. Onlar tez-tez bir-biri ilə qarışdırılsa da, mifologiyada ayrı mənalara malikdirlər.
Tanrıların belə qarşı çıxdığı şəfa
Asklepinin bacarığı onu şöhrətə qovuşdurur, amma eyni zamanda tanrılarla qarşıdurmaya gətirib çıxarır. Çünki qədim dünyanın təsəvvüründə həyatla ölüm arasında müəyyən sərhəd vardı. İnsan doğulur, yaşayır və ölürdü. Ölüləri diriltmək isə bu nizamı dəyişmək demək idi.
Zevs Asklepinin bu qüdrətindən narahat olur və onu ildırımla vurur. Apollonun oğlunun ölümünə qəzəbləndiyi, hətta Zevsin ildırımlarını hazırlayan sikloplardan qisas aldığı barədə rəvayətlər də mövcuddur.
Lakin Asklepinin hekayəsi burada bitmir. Zevs sonradan onu yenidən həyata qaytarır və tanrılaşdırır. Bu mifin ən maraqlı tərəfi bəlkə də elə budur: şəfa vermək insanı tanrılara yaxınlaşdıran bir qüdrət kimi təqdim olunur, amma ölümün sərhədini aşmaq hətta ilahi aləmdə belə mübahisə doğurur.

Məbədlərdən müalicə ocaqlarına
Asklepiyə ehtiram qədim Yunanıstanda geniş yayılır. Onun şərəfinə tikilən asklepionlar xəstələrin müalicə və şəfa ümidi ilə üz tutduqları mərkəzlərə çevrilir.
Bu məkanlarda dini ayinlərlə yanaşı, zaman keçdikcə müxtəlif müalicə üsullarından da istifadə olunurdu. Su ilə müalicə, pəhriz, fiziki hərəkətlər, dərman bitkiləri və bəzi cərrahi müdaxilələr qədim təbabətin təcrübəsinə daxil idi. Müalicə prosesində yuxu və istirahət də mühüm yer tuturdu.
Əlbəttə, həmin dövrün təbabətini müasir tibblə eyniləşdirmək olmaz. Qədim insanlar xəstəlikləri izah edərkən dini inanclara da söykənirdilər. Ancaq asklepionlarda toplanan təcrübə və nəsildən-nəslə ötürülən biliklər təbabətin inkişaf tarixinin mühüm hissəsidir.
Bu ənənənin başqa bir əlamətdar mərhələsi Hippokratın adı ilə bağlıdır. Kos adasından olan məşhur həkim xəstəliklərin səbəblərini fövqəltəbii qüvvələrdə deyil, təbii proseslərdə axtarmağın vacibliyini vurğulayırdı. Beləcə, təbabət tədricən mifoloji izahlardan müşahidəyə və təcrübəyə əsaslanan biliklərə doğru irəliləyirdi.
Minillikləri aşan simvol
Asklepi mifoloji obrazdır, onun ölüləri diriltməsi isə əfsanələrin bir hissəsidir. Ancaq bu obrazın yaşaması təsadüfi deyil. O, insanlığın ən qədim arzularından birini — ağrısız yaşamaq, xəstəlikdən qurtulmaq və həyatı qorumaq istəyini təcəssüm etdirir.
Qədim yunanların məbədlərində şəfa diləyən insanların ümidi ilə bu gün xəstəxanaların qapısını döyən insanların arzusu arasında minilliklər var. Müalicə üsulları dəyişib, elm inkişaf edib, insan orqanizmi haqqında biliklər misilsiz dərəcədə artıb. Ancaq sağalmaq ümidi hələ də insanın ən böyük ehtiyaclarından biridir.
Bəlkə də elə buna görə Asklepinin ilanlı əsası tarix kitablarında və qədim heykəllərdə qalmayıb. O, bizə bir həqiqəti xatırladır: təbabətin mərkəzində yalnız xəstəlik deyil, həyatı qorumaq və insana şəfa vermək arzusu dayanır.
Qədim dünyanın şəfa tanrısı bu gün bizimlə miflər vasitəsilə danışır. Onun hekayəsində isə əsrlərdir dəyişməyən bir fikir yaşayır: insan həyatı qorumaq üçün həmişə bir yol axtarıb.
Xanım Aydın