Bu gün – oktyabrın 7-si dünyada Ümumdünya Layiqli Əmək Günü kimi qeyd olunur.
Bu əlamətdar gün ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə təsis edilib. Günün əsas məqsədi insanların təhlükəsiz, ədalətli və layiqli əmək şəraitində çalışmasının vacibliyinə diqqət çəkmək, əmək hüquqlarının qorunmasını və sosial ədalətin təmin edilməsini təşviq etməkdir.
Layiqli əmək anlayışı yalnız işlə təmin olunmanı deyil, eyni zamanda ədalətli əməkhaqqını, təhlükəsiz və sağlam iş şəraitini, sosial müdafiəni, peşəkar və şəxsi inkişaf imkanlarını, qadın və kişilər üçün bərabər imkanları, eləcə də sosial inteqrasiyanı əhatə edir.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) konsepsiyasına əsasən, layiqli əmək azadlıq, bərabərlik, təhlükəsizlik və insan ləyaqətinə hörmət şəraitində məhsuldar fəaliyyət göstərmək imkanının təmin edilməsidir.
Layiqli əmək və iqtisadi artım BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci məqsədini təşkil edir. Bu məqsəd davamlı iqtisadi artımın, tam və məhsuldar məşğulluğun, eləcə də hər kəs üçün layiqli əməyin təşviqini nəzərdə tutur.
Azərbaycanda da layiqli əmək prinsiplərinin təmin edilməsi sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biridir. Son illərdə əmək münasibətlərinin rəqəmsallaşdırılması, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, məşğulluq xidmətlərinin əlçatanlığının artırılması, aktiv əmək bazarı proqramlarının və özünüməşğulluq proqramının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Əmək bazarında şəffaflığın artırılması, işçi və işəgötürənlərin hüquqlarının qorunması, peşə bacarıqlarının inkişaf etdirilməsi və sosial təminat mexanizmlərinin təkmilləşdirilməsi də bu siyasətin mühüm tərkib hissələrindəndir.
Azərbaycan ilə BƏT arasında 2025–2029-cu illər üçün “Layiqli Əmək üzrə Ölkə Proqramı”nın imzalanması da bu istiqamətdə əməkdaşlığın növbəti mərhələsi kimi qiymətləndirilir. Proqram Azərbaycan Respublikasının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində müəyyənləşdirilən hədəflərlə yanaşı, BƏT-in layiqli əməyin təşviqi konsepsiyasına əsaslanır.
Ölkə Proqramında əmək hüquqlarının qorunması, məşğulluğun inkişafı, sosial müdafiənin gücləndirilməsi və sosial dialoqun təşviqi əsas istiqamətlər kimi müəyyənləşdirilib.
Azərbaycanda vətəndaşların əmək və sosial hüquqları Konstitusiya, milli qanunvericilik, eləcə də ölkənin qoşulduğu beynəlxalq əmək standartları ilə təmin olunur.