Əsrarəngiz memarlıq abidələri ilə qədimliklə müasirliyin möhtəşəm harmoniya yaratdığı paytaxt Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal edilib.
Baki-baku.az xəbər verir ki, “Bakı” adlı unikal sikkə paytaxtımızın tarixi əhəmiyyətini, doğma şəhərimizin zəngin mədəni irsini və dinamik inkişafını simvolizə edir.
Sikkə üzərində təsvir edilmiş, əsrlərdir dillərdə dolaşan əfsanələri ilə paytaxtımızın gözəlliyinə əlavə bir cazibə qatan tarixi Qız qalası və Azərbaycanın müasir memarlıq incisi, qeyri-adi, mürəkkəb quruluşlu binası ilə paytaxtımızın çağdaş simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzi ahəngdar şəkildə keçmişlə gələcəyin vəhdətini təcəssüm etdirir. Bu vəhdəti yüzilliklərə şahidlik edən Şah məscidi ilə postmodern memarlıq tərzinin nümunəsi sayılan üç möhtəşəm göydələn – “Alov qüllələri” tamamlayır. Kompozisiyanı üst hissədə, səma müstəvisində həkk edilmiş səkkizguşəli ulduz ornamentləri, aşağı hissədə isə mavi Xəzərin zümrüd dalğaları əhatə edir.
Sikkə numizmatika sahəsində ən müasir istehsal həlli hesab edilən “Smartminting” texnologiyasının üstünlüklərindən faydalanmaqla yüksək keyfiyyətli gümüşdən, 3D formatında ərsəyə gətirilib.
“Bakı” sikkəsinin istehsalı prosesində innovativ texnologiya ilə yanaşı, ənənəvi əl işləmələri də tətbiq edilib. Yeni nəsil gümüş sikkə həm kolleksiyaçılar, həm də əsrarəngiz paytaxtımızı sevənlər üçün mükəmməl bir hədiyyədir.
Qeyd edək ki, 999.9 əyarlı, 2 unsiya çəkiyə malik yeni gümüş sikkə “AzerGold” QSC tərəfindən istehsal olunub. Ötən il bu texnologiya vasitəsilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “100 il və onun fövqündə bir irs” adlı unikal qızıl sikkə də istehsal edilmişdi.