Nəşr edilmişdir 09/24/2024

Paylaşın

MEMARLIQ, MƏQALƏLƏR

Bakının küçələrinə rəng qatan mozaikalar

Mozaika keçmiş SSRİ-də şəhərlərin memarlıq simasının formalaşmasında mühüm rol oynayırdı. Sovet memarlığının ayrılmaz hissəsi olan mozaika ictimai binaların, mədəniyyət ocaqlarının və hətta yaşayış binalarının fasadlarını bəzəyirdi. Parlaq və rəngarəng mozaikalar yoldan keçənlərin diqqətini çəkir və onların əhvali-ruhiyyəsini yüksəldirdi. Mozaika monumental pannoların yaradılmasında istifadə olunurdu və bu pannolarda sovet xalqlarının nailiyyətləri və mühüm tarixi hadisələr əks olunurdu. Mozaika kompozisiyalarını mədəniyyət saraylarının, kinoteatrların, məktəblərin və uşaq bağçalarının, zavodların və digər tikililərin fasadlarında görmək olardı. Mozaika həmçinin metro stansiyalarının tərtibatında mühüm rol oynayır, yeraltı memarlığın əzəmətini vurğulayaraq bənzərsiz atmosfer yaradırdı. Bir çox mozaika pannoları eyni zamanda idman komplekslərini, stadionları və sağlamlıq mərkəzlərini bəzəyirdi, vətəndaşları sağlam həyat tərzinə cəlb etməyə ruhlandırırdı. Sovet mozaikası dövrün rəmzi idi, dövlətin ideallarını və hədəflərini əks etdirirdi. O yalnız dekorativ element deyildi, həm də təbliğat vasitəsi idi, ictimai şüuru və vətənpərvər əhvali-ruhiyyəni formalaşdırırdı.

Bakıda şəhərin ictimai məkanlarını və binalarını bəzəyən bir çox parlaq və monumental mozaika işləri var. Bu mozaikalar yalnız dekorativ elementlər deyil, həm də Azərbaycanın zəngin irsini və bədii ənənələrini əks etdirən mühüm mədəni rəmzlərdir.

Bakı mozaikalarından danışarkən, keçmiş SSRİ-nin ən böyük mozaikasından bəhs etmək vacibdir. Bu mozaika Heydər Əliyev adına İdman-Konsert Kompleksində yerləşir və 700 kvadratmetr sahəni əhatə edir. Kompleksin tikintisinə 1977-ci ildə başlanılıb, müxtəlif səbəblərdən 1990-cı ildə başa çatdırılıb. 1990-cı ildə istifadəyə verildikdən sonra burada müxtəlif idman növləri üzrə təxminən 40 beynəlxalq yarış keçirilib. Bu kompleks müxtəlif dekorativ elementlərlə bəzədilib, lakin ən diqqətəlayiq elementi, şübhəsiz ki, mozaika şah əsəridir. Bu panno Oktay Şıxəliyev və Şamil Buksayev tərəfindən yaradılıb və binanın ikinci mərtəbəsini əhatə edir.

Panno bir-biri ilə sıx bağlı olan və bütövlükdə binanın memarlığı ilə böyük bir ansambl təşkil edən ənənələri, xalq nağıllarını, abstrakt kompozisiyaları, dövlət atributları elementlərini və digər detalları əks etdirən çoxsaylı pannolardan ibarətdir. Burada Azərbaycan xalq yaradıcılığının rəng çalarlarına diqqətlə yanaşılıb. Ənənəvi rəng həlləri, demək olar ki, günəş spektrinin bütün rənglərini əhatə edərək binaya bayram əhvali-ruhiyyəsi bəxş edir. Müəlliflər tərəfindən tapılan həm rəng, həm də bütün işin plastika həlli məzmunun açıqlanmasına kömək edir. Süjetin aydınlığı və ifadəliliyi, obrazın mükəmməlliyi bu əsərin əsas bədii keyfiyyətləridir. Bu gözəl panramada Orta əsr Azərbaycan miniatür rəngkarlığının zəngin ənənələrindən istifadə aydın görünür. Bütünlükdə panno o qədər incə bir şəkildə işlənib ki, təsvirlər sanki xalça səthində yerləşdirilib. Bu mozaikaya baxarkən bu iki görkəmli rəssamın nə qədər böyük iş gördüyünü anlayırsan! Bu istedadlı şəxslər tərəfindən yaradılan ölkənin ən böyük mozaikası bu gün də canlı və unudulmaz təəssürat yaradır.

Bakının mozaikalarından danışarkən metro stansiyalarında yaradılmış nümunələrdən də bəhs etmək lazımdır. Onların ən görkəmlisi 31 dekabr 1976-cı ildə açılmış metronun “Nizami” stansiyasındadır. Stansiyanın bəzəyi böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin mozaik portreti, həmçinin onun məşhur “Xəmsə”sinin (“Beşlik”) mövzularından yaradılmış 18 mozaik paneldir. Bu mozaik işlər stansiyanı yalnız bəzəmir, həm də Nizami əsərlərinin ruhunu, ideyasını və müəllifin müdrikliyini diqqətə çatdıraraq Azərbaycan memarlıq sənətinin unikal nümunələrini təmsil edir. Bu əsərlərin müəllifi tanınmış rəssam və monumentalist Mikayıl Abdullayevdir. Sənətkar yaradıcılıq uğurlarına görə bir çox yüksək dövlət təltiflərinə, o cümlədən Dövlət mükafatına və “SSRİ Xalq rəssamı” fəxri adına layiq görülüb. “Nizami” stansiyasındakı mozaikalar ölkənin mədəni irsinə dərin hörməti əks etdirir və rəssamın bacarığını və istedadını nümayiş etdirir. Bu sənət əsərləri Bakının mədəni simasının ayrılmaz hissəsinə çevrilərək milli irsin qorunub saxlanmasının və təbliğinin əhəmiyyətini vurğulayır. “Nizami” metro stansiyası sadəcə nəqliyyat qovşağı deyil, həm də şəhərin sakinləri və qonaqlarının diqqətini cəlb edən mədəniyyət abidəsidir.

Paytaxtımızın simvoluna çevrilmiş digər mozaika “Xoşbəxtlik” adlanan monumental əsərdir. 1975-ci ildə yaradılan və şəhərin mərkəzində, M.Muxtarov küçəsində yerləşən bu mozaika Sirus Mirzəzadə, Rəşid Heydərzadə, Arif Ələsgərov və Elxan Tahirov tərəfindən yaradılıb. Əsər rəqs edən cütlüyü, musiqiçiləri və bayram ab-havasını əks etdirən parlaq rəngli kompozisiyadır. Bəzi hissələri yuvarlaq formalara malikdir ki, bu da kompozisiyaya relyefli, dinamik görünüş verir. Parlaq, temperamentli rəng çalarları ənənəvi miniatür rəngləmə ilə əlaqələndirilir və kompozisiyanın milli xarakterini vurğulayır. Bu mozaika hazırda bərpa olunur və tezliklə paytaxt sakinlərini öz parlaq gözəlliyi ilə yenidən sevindirəcək.

Digər mozaika 1980-ci ildə Yasamal Telefon Qovşağı binasının üzərində yaradılıb. Burada monumental-dekorativ sənətin əsaslarını dərindən bilmək, kompozisiya qanunlarına yiyələnmək, rəng və forma hissi və ən başlıcası, texniki üsulların mükəmməlliyi müşahidə olunur. Bu panno ilk baxışdan tamaşaçıların diqqətini cəlb edir, yaddaşlarda iz qoyur.

Rəssamlar O.Şıxəliyev və G.Əcəbov tərəfindən 1975-ci ildə Bakı Məişət Kondisionerləri Zavodunun fasadının bəzədilməsi mozaika sənətində mühüm hadisəyə çevrildi. Müəlliflər burada böyük pannoda işçi sinfi və elmi-texniki tərəqqi mövzusunu yüksək sənətkarlıqla əks etdiriblər. Pannoda bədii obrazlardan istifadə edilərək müəssisənin əhəmiyyəti və sənayenin inkişafındakı rolu vurğulanır. Mozaika yalnız zavodun deyil, həm də əmək və texnologiyanın ictimaiyyətin diqqət mərkəzində olduğu dövrün rəmzinə çevrildi. O.Şıxəliyev və G.Rəcəbov mozaikanın dizaynında dövrün ruhunu çatdırmağa, sənəti real həyatla əlaqələndirməyə çalışıblar. Bu əsər Bakıda monumental sənətin ən yaxşı işlərindən birinə çevrildi, həm mütəxəssislər, həm də şəhər sakinləri tərəfindən yüksək qiymətləndirildi. Bu mozaika paneli ideyası və sənətkarlığı ilə bu gün də aktualdır.

Paytaxtımızdakı mozaikalar sırasında indiki “Azərnəşr”in binasının girişində yaradılmış əsərin də xüsusi yeri var. 1977-ci ildə hazırlanan bu mozaikanın da müəllifləri O.Şıxəliyev və onun həmkarı Q.Rəcəbovdur.

Açıq kitab formasında olan mozaika binanın simvolik giriş qapısıdır. Mozaika panelində insan təsvirləri və müxtəlif simvolik formalar yerləşdirilib ki, bunlar yazının tarixini – heroqliflərdən müasir çap nəşrlərinə qədərki mənzərəni təsvir edir. Qızılı-boz rəngli relyef fonunda qədim əlyazmaların, perqamentin, çap məhsullarının, hərflərin, zodiak işarələrinin və digər elementlərin təsvirləri uğurla nümayiş etdirilib. Rəng və əsərin bütün plastikasının müəlliflər tərəfindən uğurla seçilməsi onlara nəşriyyat binasının təyinatını açmağa kömək edib.

Daha bir mozaikalı ünvan Bakı Ayaqqabı Fabrikinin binasıdır. Fabrikin binası 1980-ci ildə bədii tərtibatla bəzədilib. Binanın fasadında istehsal prosesini əks etdirən nəhəng mozaika paneli yaradılıb. Panelin ön planında qadın təsvir olunub. Bu obraz əmək sevincini simvolizə edir və onun yanında isə fabrikin qabaqcıl işçilərinin fiqurları yerləşdirilib. Maraqlı detallarla zəngin olan sənət əsəri təsfirlərin aydın qavranılmasına mane olmur, əksinə, rəng baxımından ayrı-ayrı hekayələr və elementlər arasındakı üzvi əlaqə güclü kompozisiya təəssüratı yaradır. Bu paneldə monumental-dekorativ incəsənətin fabrikin memarlığı ilə əlaqəsini yaratmaq mümkün olub. Təəssüf ki, mozaikanın bir hissəsi bu günə qədər qorunub saxlanımayıb. Yerli sakinlərin sözlərinə görə, onun bir hissəsi dağıdılıb, bir hissəsi isə əsas binanın yeni üzlüyü arxasında qalıb.

Təəssüf ki, bir məqalədə Bakını bəzəyən və şəhərə özünəməxsus görünüş verən bütün parlaq mozaika işlərini əhatə etmək mümkün deyil. Şəhərin müxtəlif yerlərinə səpələnmiş bu sənət əsərləri onun mədəni irsinin ayrılmaz hissəsidir. Öz bədii və tarixi əhəmiyyətinə görə mozaika mühüm mədəni irs olaraq qalır və incəsənətlə memarlığın unikal sintezini təmsil edir. Bu gün mozaikalar keçmişin xatirəsini qoruyan və yeni nəsilləri ilhamlandırmağa davam edən tədqiqat və bərpa obyektləridir. Bu sənət əsərləri təkcə şəhərləri bəzəmir, həm də yaradıldıqları dövrün tarix və mədəniyyətini özündə əks etdirir. Mozaikaların yaradılması böyük vaxt və maliyyə vəsaiti tələb edən işdir. Belə bir layihənin həyata keçirilməsində onlarla müxtəlif ixtisaslı işçilər iştirak edə bilər. Hər bir mozaika cəmiyyətin ideallarını, əmək nailiyyətlərini və bir ölkənin yaradıcı ruhunu əks etdirir. Bu unikal abidələrin qorunub saxlanılması vacibdir ki, onlar gələcək nəsilləri ilhamlandırmağa və öyrətməyə davam edib incəsənətin ictimai şüurun formalaşmasına və tarixinə necə təsir edə biləcəyini göstərsinlər.

Related Stories

Araşdırmaçı jurnalist.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Karikatura sənəti tarix boyunca insanları düşündürən və güldürən bir ifadə vasitəsi olmuşdur. Karikaturanın yaranması qədim dövrlərə, xüsusilə də

xəbərlər

Ən son

XƏBƏRLƏR

Almaniya Yer Elmləri Tədqiqat Mərkəzi və Danimarka Texniki Universitetinin alimləri planetimizdə 41 min il əvvəl

XƏBƏRLƏR

Tərcümeyi-halı ilə tarix yaratmaq, Qılıncla Qələmin vəhdətində dövlət qurmaq hər bir qüdrətli şəxsiyyətə nəsib olmur.

MEMARLIQ

Bakımızın rəmzi sayılan Qız Qalası haqqında çoxsaylı əfsanələr və rəvayətlər var. Zaman-zaman onları toplayıb ayrıca