Bu nəqliyyat növü, xüsusən 1960-80-ci illərdə Bakının əsas simvollarından biri olub. O zaman trolleybuslar 32 marşrut üzrə hərəkət edir, həm şəhəri, həm də ətraf qəsəbələri birləşdirirdi. Ümumi xəttlərin uzunluğu 300 km-dən çox idi və iki depoda saxlanılan trolleybuslar mütəmadi təmir edilərək yenidən istifadəyə verilirdi.
Trolleybuslar şəhər sakinləri və qonaqlar üçün rahat bir nəqliyyat vasitəsi idi. O vaxtlar Bakıya gələnlər trolleybusları maraqla izləyir və bu nəqliyyat vasitəsi ilə səyahət edirdilər.
2004-cü ildən trolleybuslar tamamilə tarixə qovuşdu və Bakı üçün nostalji bir xatirəyə çevrildi. Ancaq bu gün bir çox şəhərlərdə olduğu kimi, Bakıda da müasir trolleybus xətlərinin yenidən qurulması və istifadəyə verilməsi planlaşdırılır. Bu, şəhərin həm ekoloji, həm də nəqliyyat sistemini inkişaf etdirmək üçün vacib bir addım ola bilər.
Bu gün dünyanın məşhur şəhərlərinin, iri meqapolislərin yaraşığına çevrilən, tarixlə müasirlik arasında körpü olan trolleybus xətlərinin Bakıda yenidən qurulacağı, müasir standartlara uyğun trolleybusların ölkəmizə gətiriləcəyi dövlətin əsas prioritetlərindəndir.
Bakı gözəl və özəl şəhərdi. Mas-mavi Xəzəri, qədim yaşayış məskənləri, tarixi abidələri, müasir tikililəri, parkları, göz oxşayan Dənizkənarı bülvarı, əzəmətli Bayraq Meydanı, qonaqpərvər insanları ilə. Onların sırasında artıq nostalji hisslər yaradan, xatirəyə çevrilən trolleybusların da öz yeri var…