Başqasının həyatını izləmək bəzən öz həyatına baxmaqdan daha asan gəlir. Kim nə geyindi, kim hara getdi, kimin ailəsində nə baş verdi, kim nə qazandı, kim nə itirdi… İnsanların bir qismi öz gündəlik qayğılarından çox, başqalarının həyatında baş verənlərlə maraqlanır. Bəs bunun səbəbi nədir?
Psixoloqların fikrincə, insanın başqalarının həyatına maraq göstərməsi təbii sosial davranışlardan biridir. İnsan ətrafındakıları müşahidə edir, özünü onlarla müqayisə edir, baş verənlərdən nəticə çıxarır. Lakin bu maraq həddini aşdıqda, sadə müşahidə sosial nəzarətə, qeybətə və hətta müdaxiləyə çevrilir.
Bəzən başqasının uğuru insanda öz həyatına dair narahatlıq yaradır. Müqayisə başlayır: Ona niyə qismət oldu, mənə niyə yox? Beləcə, başqasının sevinci kiminsə narahatlığına, nailiyyəti isə müzakirə mövzusuna çevrilir.
Qeybət də çox vaxt bu marağın başqa formasıdır. İnsanlar haqqında danışmaq, onların qərarlarını mühakimə etmək, şəxsi həyatlarının görünməyən tərəflərini öyrənməyə çalışmaq bəzilərinə özünü daha məlumatlı, hətta üstün hiss etdirir. Halbuki başqasının həyatını müzakirə etmək insanı öz həyatında daha xoşbəxt etmir.
Sosial şəbəkələr isə bu marağı daha da artırıb. İnsanlar profillərində şəxsi həyatlarının müəyyən hissəsini nümayiş etdirir – özləri ilə bağlı video, foto paylaşırlar, digərləri isə gördükləri əsasında hökm verməyə tələsirlər. Bir foto, bir paylaşım, bir cümlə… Bəzən insanın bütöv həyatı haqqında fikir formalaşdırmaq üçün kifayət hesab olunur.
Amma unudulmamalı bir həqiqət var: hər kəsin öz yolu, öz seçimi, öz ağrısı və heç kimlə bölüşmək istəmədiyi bir dünyası var. Şəxsi sərhədlərə hörmət etmək laqeydlik deyil, mədəniyyət və insani yetkinlik göstəricisidir.
Bəlkə də, insan başqalarının həyatına ayırdığı diqqətin bir hissəsini öz həyatına yönəltsə, daha çox şey dəyişər. Çünki başqasının həyatını izləməklə deyil, öz həyatını yaşamaqla xoşbəxt olmaq mümkündür.