Bu gün demək olar ki, hər evdə çətir var. Hava yağışlı olanda onu özümüzlə götürürük. Çox az adam bilir ki, ilk çətirlər bir neçə min il əvvəl yaranıb və heç də yağışlı hava üçün nəzərdə tutulmayıb.
Baki-baku.az bu gündəlik əşyanın necə yarandığından və nə üçün vaxtilə ondan hər kəsin istifadə edə bilmədiyindən bəhs edir.
Çətirlərin tarixi dörd min ildən çox əvvələ gedib çıxır. Onlardan hələ Qədim Misirdə və başqa ölkələrdə istifadə olunurdu. Həmin dövrdə isə çətirlər insanları yağışdan deyil, Günəşin yandırıcı şüalarından qoruyurdu.
Üstəlik, çətirdən əsasən hökmdarlar və varlı insanlar istifadə edə bilirdilər. Məsələn, Qədim Misirdə xidmətçilər fironların başı üzərində böyük çətirlər tuturdular. Bu, onları istidən qorumaqla yanaşı, yüksək mövqelərini də nümayiş etdirirdi.
Sonralar çətirlər Çində də geniş yayılmağa başladı. Məhz burada ustalar onları su keçirməyən formada hazırlamağı öyrəndilər. Bunun üçün kağız və parçaya xüsusi yağlar çəkirdilər. Beləliklə, çətirlər insanları yağışdan da qorumağa başladı.
Avropada isə çətir uzun müddət əsasən qadınlara məxsus əşya hesab olunurdu. XVIII əsrdə ingilis Conas Henuey London küçələrində çətirlə gəzməyə başlayanda bəzi insanlar hətta ona gülürdülər. Lakin zaman keçdikcə kişilər də çətirdən istifadə etməyə başladılar.
İllər ötdükcə çətirlər daha yüngül və rahat oldu. Metal karkaslı, daha sonra isə asanlıqla çantaya yerləşən qatlanan modellər meydana çıxdı.
Maraqlıdır ki, ingilis dilində çətir mənasını verən umbrella sözü latın dilində «kölgə» anlamını daşıyan umbra sözündən yaranıb.
Beləcə, vaxtilə hökmdarları Günəşdən qoruyan çətir bu gün yağışlı havalarda demək olar ki, hər kəsin istifadə etdiyi adi bir əşyaya çevrilib.
Hacı Cavadov