Ailə hüququ sahəsində beynəlxalq əməkdaşlığın və səmərəli elmi-praktik dialoqun inkişaf etdirilməsi, müasir və qabaqcıl təcrübələrin öyrənilməsi, eləcə də ailə institutunun hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib.
Baki-baku.az xəbər verir ki, konfrans Çağ Universiteti, “İnjuria” Hüquq Platforması, Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) və Beynəlxalq Ailə Hüquqşünasları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
4 ölkədən ümumilikdə 87 iştirakçının qatıldığı tədbirdə ailə hüququ sahəsində fəaliyyət göstərən hüquqşünaslar, hakimlər, vəkillər, elm və təhsil ictimaiyyəti, Milli Məclisin deputatları və dövlət qurumlarının nümayəndələri, eləcə də vətəndaş cəmiyyəti institutları iştirak ediblər.
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə qonaqları salamlayaraq Azərbaycan və Türkiyə arasında hüquq sahəsində əlaqələrin möhkəmləndirilməsinin, beynəlxalq təcrübənin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Çağ Universitetinin rektoru professor Murat Koç bu cür elmi tədbirlərin Azərbaycan ilə Türkiyə arasında hüquq sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
“İnjuria” Hüquq Platformasının direktoru Kəmalə Məmmədova ailə hüququ sahəsində müasir çağırışlar nəzərə alınmaqla birgə elmi-praktik fəaliyyətin genişləndirilməsinin, habelə hüquq mütəxəssisləri arasında davamlı peşəkar fikir mübadiləsinin aparılmasının vacibliyini qeyd edib.
Konfransın panel sessiyalarında ailə hüququnun aktual məsələləri, müasir yanaşmalar və mövcud hüquqi mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb.