Bu gün Əməkdar jurnalist Ağahüseyn Hüseynovun anadan olmasının 85 illiyi tamam olur. Azərbaycan mətbuatında uzun illər səmərəli fəaliyyəti ilə seçilən Ağahüseyn Hüseynov peşəkar jurnalist, bacarıqlı redaktor və media təşkilatçısı kimi xüsusilə “Bakı” və “Baku” qəzetlərinin tarixində silinməz iz qoyub.
Yaradıcılıq yoluna görkəmli media xadimi Nəsir İmanquliyevin yaratdığı məşhur “Bakı” və “Baku” qəzetlərində başlayan Ağahüseyn Hüseynov bu nüfuzlu mətbuat məktəbinin ən layiqli yetirmələrindən biri sayılır. O, əvvəlcə “Baku” qəzetində redaktor müavini kimi çalışıb, 1990-cı ildən isə hər iki şəhər qəzetinin baş redaktoru vəzifəsini icra edərək onların zəngin ənənələrinin qorunub saxlanılmasına və inkişafına mühüm töhfələr verib.
Bir dövrün ən çox oxunan nəşrlərindən olan “Bakı” və “Baku” qəzetləri paytaxtın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatının salnaməsini yazmaqla yanaşı, Azərbaycan jurnalistikasının peşəkar kadrlarının yetişdiyi əsl yaradıcılıq məktəbi idi. Ağahüseyn Hüseynov da məhz bu məktəbin ən parlaq nümayəndələrindən biri kimi öz dəst-xəttini formalaşdırdı. Onun rəhbərliyi dövründə qəzetlər aktuallığı, obyektivliyi, peşəkar redaktə prinsipləri və yüksək jurnalist etikası ilə seçilirdi.
Ağahüseyn Hüseynov hər zaman müəllimi Nəsir İmanquliyevi böyük ehtiramla xatırlayaraq, onun yaratdığı məsuliyyət və peşəkarlıq mühitini jurnalist fəaliyyətinin əsas meyarı hesab edib. O, çətin ictimai-siyasi dövrdə “Bakı” və “Baku” qəzetlərinə rəhbərlik etsə də, bu mətbuat orqanlarının nüfuzunu və ənənələrini qoruyub saxlamağı bacarıb.
Veteran jurnalistin qələmi daha çox Bakı şəhərinin sosial həyatı, infrastrukturu, mədəniyyəti və gündəlik problemlərinə həsr olunan yazılarla tanınıb. Həmkarları onu dürüstlüyü, məsuliyyəti, peşəsinə sonsuz sədaqəti və yüksək idarəçilik bacarığı ilə xarakterizə edirlər. Onun redaktorluğu ilə hazırlanan materiallar mövzunun dolğun təqdimatı, sadə və anlaşıqlı dili ilə həmişə oxucuların rəğbətini qazanıb.
Bu gün “Bakı” qəzetinin varisi olan Bakı-baku.az informasiya portalının fəaliyyət göstərməsi də vaxtilə Nəsir İmanquliyevin əsasını qoyduğu, Ağahüseyn Hüseynovun isə ləyaqətlə yaşatdığı media ənənəsinin davamı kimi dəyərləndirilir.
85 illik yubileyini qeyd edən Ağahüseyn Hüseynovun zəngin yaradıcılığı, “Bakı” və “Baku” qəzetlərindəki səmərəli fəaliyyəti və Azərbaycan jurnalistikasına xidmətləri peşə fədakarlığının parlaq nümunəsi kimi dəyərləndirilir.