Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/15/2026

Paylaşın

TARİX

Bakı – Şərqə açılan qapı: Jak Fransua Qambanın müşahidələri

Bakı - Şərqə açılan qapı, Bakı, Jak Fransua Qamba

Qafqaz haqqında yazmış Avropa müəllifləri arasında Jak Fransua Qamba (1763–1833) mühüm yer tutur. O, 1821-ci ildə Tbilisidə Fransanın konsulu təyin olunmuş və ömrünün sonunadək -1833-cü ilə qədər bu vəzifəni icra edib.

Onun səfər qeydləri “güzəştli tarif” dövründə Cənubi Qafqazın iqtisadi inkişafını öyrənmək üçün olduqca mühüm və dəyərli mənbə hesab edilib. Cənubi Qafqaz Rusiya imperiyası tərkibinə qatıldıqdan və Qara dənizlə Xəzər dənizi sahilləri arasında əlaqə qurulduqdan sonra Asiyaya gedən ticarət yolu avropalılar üçün yenidən açılıb. Bunun nəticəsində Qafqazdakı Rusiya mülkləri xüsusi əhəmiyyət qazanıb. Bu proseslərdə fransız ticarət kapitalı da fəal iştirak edib. Rusiya isə bu fəaliyyəti ciddi şəkildə məhdudlaşdırıb, çünki özü regionla ticarəti genişləndirmək və Qafqazı tranzit ərazi kimi istifadə etmək istəyib. Eyni zamanda fransız sahibkarlar yalnız ruslarla deyil, həm də ingilis-hind ticarət şirkətləri ilə rəqabət aparmalı olub. Regionun ticarət münasibətlərində Osmanlı imperiyası və İran da mühüm rol oynayıb. Avropalılar üçün əsas çətinliklərdən biri 1810-cu ildə Rusiya imperiyası daxilində tətbiq edilmiş yüksək proteksionist tarif olub. 1816 və 1819-cu illərdə bu tarif qismən dəyişdirilsə də, xarici ticarət üçün şərait yenə əlverişsiz qalıb. Bu səbəbdən fransız ticarət nümayəndələrinin əsas məqsədlərindən biri gömrük rüsumlarının azaldılmasına nail olmaq olub. Nəticədə onlar buna nail olub və bu uğurda Jak Fransua Qambanın rolu böyük olub.

Jak Fransua Qamba 1763-cü il dekabrın 26-da Dünkerk şəhərində sənayeçi ailəsində doğulub. Atası vəfat etdikdən sonra o, gəmiqayırma sənayesi üçün ağac materialı təmin edən ailə şirkətini idarə edib. Fransa inqilabı dövründə isə həmin müəssisə iflasa uğrayıb. Bundan sonra Qamba bir neçə il Avropada səyahət edib, daha sonra Paris şəhərində məskunlaşıb və tərcüməçiliklə məşğul olub. O, əsasən maliyyə sahəsi üzrə müxtəlif şəxslər və təşkilatlar üçün işgüzar sənədlər hazırlayıb. Bu təcrübə onun gələcək fəaliyyətində xeyli fayda verib. Burbonların bərpası (Fransada Napoleon imperiyasının süqutundan sonra Burbonlar sülaləsinin hakimiyyətə qayıtması) dövründə Qamba Fransa hökumətinə Asiya ilə, xüsusilə Hindistanla ticarətin inkişafına dair layihə təqdim edib. Layihədə Rusiyadan, daha dəqiq desək Cənubi Qafqaz üzərindən keçən tranzit yolun istifadəsi nəzərdə tutulub. Bu layihə nazir Arman Emmanuel du Plessis Rişelye tərəfindən maraqla qarşılanıb və onun təşəbbüsü ilə Qamba 1817–1818-ci illərdə Rusiyanın cənub bölgələrinə ilk səfərini edib. Rişelye hesab edirdi ki, fransız ticarət şirkətləri Cənubi Qafqaza daha çox diqqət ayırmalı idilər. Onun fikrincə, Tbilisi və Bakı kimi şəhərlər Avropa ilə Asiya arasında ticarətdə mühüm tranzit mərkəzlərinə çevrilə bilər. Rişelyenin təklifi ilə Qamba Qafqaza ikinci səfərə göndərilib və burada regionun imkanlarını araşdırıb.

Bakı, Jak Fransua Qamba

Bu səfər zamanı o, Gürcüstan, Azərbaycan və Dağıstan ərazilərini tədqiq etməyə xüsusi diqqət ayırıb. Onun fəaliyyəti həm fransız kapitalı, həm də Qafqazın Avropa ilə əlaqələrinin güclənməsi baxımından çox səmərəli olub.

Bu dövrə qədər Rusiya imperiyası artıq anlayırdı ki, Qafqaz bazarını yalnız öz gücü hesabına nəzarətə götürmək çətinləşmişdi. Bu səbəbdən Avropa tranzit ticarətini cəlb etmək üçün gömrük rüsumlarının azaldılması ideyasına üstünlük verildi. Bu ticarət əvvəllər Osmanlı imperiyası üzərindən həyata keçirilirdi. Rusiya hakimiyyəti ümid edirdi ki, Avropa malları türk və iran mallarını sıxışdıracaq və yerli əhali tədricən Avropa məhsullarına alışacaq. Sonrakı mərhələdə isə öz sənayesini inkişaf etdirərək yenidən proteksionist siyasət tətbiq etməyi planlaşdırırdı. Bu proseslərdə də Jak Fransua Qamba mühüm rol oynayıb. O, Gürcüstanı idarə edən general Aleksey Yermolovda xoş təəssürat yaradıb. Qambanın tövsiyələrinə əsasən, Yermolov Qafqazda güzəştli ticarət haqqında qanun layihəsi hazırlayıb və onu imperator I Aleksandra təqdim edib. 1821-ci il 8 oktyabrda həmin fərman təsdiqlənib. Beləliklə, Rusiya Britaniya ticarətinə qarşı Avropa ölkələrinin, xüsusilə Fransa və Almaniyanın ticarət kapitalını önə çıxarmağa çalışıb. Bu da fransızlar üçün ciddi uğur olub. Bundan sonra Qamba rəsmi şəkildə Tbilisi şəhərində Fransanın konsulu təyin edilib. Ona ticarət müəssisələri yaratmaq və onların inkişafı üçün əlverişli şərait qurmaq səlahiyyəti verilib. Bundan əlavə, onun seçimi ilə 16 000 desyatiina (köhnə rus torpaq sahəsi ölçü vahidi – 1 desyatina təqribən 1.09 hektar torpağa bərabər idi) torpaq ayrılıb. Güzəştli tarif dövründə Avropalılar arasında ən fəal olan fransız tacirlər böyük həcmdə mallar gətirirdi. Həmin mallar həm Qafqazda satılıb, həm də İran ərazisinə göndərilib. Nəticədə Fransanın Şərqlə ticarət dövriyyəsi xeyli artdı. Güzəştli tarif fransız sənayeçilərinin regionda məskunlaşması üçün də əlverişli şərait yaratmış oldu. 1824–1826-cı illərdə Qamba Fransaya səfəri zamanı iki cildlik “Cənubi Rusiya və Zaqafqaziya vilayətləri üzrə səyahət” adlı əsərini nəşr etdirib. Bu əsərdə əsas diqqət Gürcüstana yönəlsə də, müəllif Qafqazın digər bölgələrini, o cümlədən Azərbaycanı da geniş şəkildə təsvir edib. Kitabda siyasi və iqtisadi məlumatlarla yanaşı, regionun ənənələri, dini həyatı, etnoqrafiyası, həmçinin flora və faunası barədə də məlumat yer alıb. Bununla yanaşı, o, ilk növbədə tacir olub və bu xüsusiyyət onun Qafqazda rus hakimiyyətinə müsbət münasibət göstərməsinə səbəb olub. Məhz Rusiya hökumətinin siyasəti nəticəsində güzəştli tarif tətbiq olunub ki, bu da onun fəaliyyətinin əsas nailiyyətlərindən biri olub. Müəllif əsərində bu tarifin başlanğıc nəticələrini göstərib və Qafqazın gələcəyi haqqında ümidverici fikirlər ifadə edib. 1831-ci ildə isə Rusiya hökuməti güzəştli tarifi vaxtından əvvəl ləğv edib və bu, fransız ticarətinə və regionun iqtisadi inkişafına ciddi zərbə vurub.

Qamba bu hadisədən sonrakı dövr haqqında qeydlər aparmasa da, ehtimal etmək olar ki, o, bu qərarı mənfi qiymətləndirib. Əsərinin ikinci cildində o, Şərqi Gürcüstan, Azərbaycan, Dağıstan və Həştərxana etdiyi səfərləri geniş şəkildə təsvir edib. O qeyd edib ki, Asiya ilə ticarət üçün ən əlverişli yol Qara dənizlə Xəzər dənizi arasındakı marşrut olub. Qamba konkret ticarət imkanlarını da göstərib. Məsələn, o qeyd edib ki, Kaxetiyadan şərabı Bakıya gətirib, buradan Həştərxana göndərmək, daha sonra isə Volqa vasitəsilə Rusiyanın müxtəlif bölgələrinə, hətta Sibirə çatdırmaq mümkün olub. Beləliklə, Kaxetiya şərabı idxalı çətin olan Moldaviya və Yunanıstan şərablarını əvəz edə bilib. O, həmçinin qeyd edirdi ki, Gürcüstanda Bakının ətrafında tutulan hisə verilmiş və duzlanmış balıq istifadə olunurdu. Daha sonra Qamba Bakının iqtisadi inkişaf perspektivlərini və beynəlxalq ticarət əlaqələrini geniş şəkildə təhlil edib. Diqqətini xüsusilə Xəzər dənizinə yönəldib. Qamba yazırdı ki, Rusiya faktiki olaraq Xəzər dənizinə nəzarət edirdi və gəmiçilik üzərində xüsusi hüquqlara malik olub, bu səbəbdən “qapalı dəniz” adlandırılırdı. Onun sözlərinə görə, Avropa malları ilə yüklənmiş gəmilər Bakından Gilan, Mazandaran və Astrabad (Gürgan) sahillərinə təxminən 36 saat ərzində çata bilirdi. Qamba həmçinin qeyd edib ki, əvvəllər Bakı limanına Xəzərin şərq sahillərindən çoxlu sayda gəmi gəlib, lakin onun dövründə bu say 60–70-ə qədər azalıb. O, həmçinin Xəzər dənizində su səviyyəsinin dəyişməsinə diqqət yetirib. Diplomatın qeydlərinə əsasən, dənizdə suyun səviyyəsi hər il dəyişib və həmin dövrdə azalma müşahidə olunub. Bu isə yalnız daha az yükgötürmə qabiliyyətinə malik gəmilərin dənizə çıxmasına imkan verib

Bakı, Jak Fransua Qamba

Qamba yazırdı ki, əvvəllər dalğalar Bakı qalasının divarlarına qədər çatıb, lakin sonradan dəniz geri çəkilib. Nəticədə iri gəmilər artıq Bakı buxtasında lövbər sala bilməyib və təxminən 15 verst (köhnə rus məsafə ölçü vahidi, 1 verst = 1066,8 metr) məsafədə yerləşən Sara adası yaxınlığında dayanmağa məcbur olub. O, qismən su altında qalan karvansaranı da təsvir edib və belə nəticəyə gəlib ki, keçmişlə müqayisədə dənizin səviyyəsi ciddi şəkildə dəyişib. Bunu əsaslandırmaq üçün o, yerli rəvayətləri misal gətirib: əvvəllər Lənkərandan Salyana qədər sahil boyunca piyada getmək mümkün olub, lakin sonradan bu yolun bir hissəsi su altında qalıb. Qamba həmçinin dəniz səviyyəsinin enməsi nəticəsində yaranan yeni adalar haqqında yazıb və onların gələcəkdə balıqçılar tərəfindən məskunlaşacağını ehtimal edib. O, 1820-ci ildə Volqada buxar gəmilərinin inşa olunduğunu qeyd edib və bu tip gəmilərin Xəzərdə də istifadə olunacağını ehtimal edib. Bu isə ticarəti xeyli sürətləndirəcək və Bakıdan İran sahillərinə yol bir neçə gün, Orta Asiya şəhərlərinə isə bir neçə həftə çəkəcəkdi. O, həmçinin vurğulayıb ki, Tbilisidən sonra ən əlverişli coğrafi mövqeyə malik şəhər məhz Bakı olub. Onun fikrincə, Bakı Tbilisinin mühüm tərəfdaşına və Buxara, Kэşmir, Tibet, İran, Əfqanıstan və Hindistandan gələn mallar üçün əsas tranzit məntəqəsinə çevriləcəkdi.

1826-cı ildə Qamba Fəxri Legion ordeni ilə təltif olunub və Tbilisiyə qayıdaraq fəaliyyətini davam etdirib. O, torpaqları icarəyə verib və hərbi hissələri ağac materialı ilə təmin edib. Ümumilikdə, güzəştli tarif Fransanın Şərqlə ticarətinin inkişafında böyük rol oynayıb və Qafqazın iqtisadi yüksəlişinə töhfə verib. Ticarət elə səviyyəyə çatıb ki, İran ticarətinin mərkəzi cənubdakı Buşehr şəhərindən şimala — Təbrizə keçib. Britaniyalı ticarət agentləri isə həm Rusiyada, həm də İranda bu prosesə qarşı müqaviməti gücləndirib. Rusiya hakim dairələrində də fransız şirkətlərinin təsirinin artmasından narazılıq yaranıb. Nəticədə 1831-ci ildə güzəştli tarif ləğv edilib və fransız sahibkarlar yenidən əlverişsiz şəraitlə üzləşib.

Qamba fəaliyyətini davam etdirsə də, 1833-cü ildə Kutaisi şəhərində vəfat edib.Onun ölümü ilə Fransa Qafqazda bu dövlətin maraqlarını müdafiə edən əsas fiqurlardan birini itirib. Güzəştli tarifin ləğvindən və Qambanın ölümündən sonra fransız sahibkarların regiondakı fəallığı xeyli azalıb. Beləliklə, Jak Fransua Qambanın fəaliyyəti Qafqazda ticarətin inkişafında və regionun Avropa ilə əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayıb. Güzəştli tarif ləğv edilsə də, onun ideyaları bu regionun hansı iqtisadi imkanlara malik olduğunu aydın şəkildə nümayiş etdirib.

Bu proseslərdə Bakı mühüm yer tutub. Xəzər dənizi sahilində yerləşən əlverişli coğrafi mövqeyi sayəsində Bakı şəhəri Avropa ilə Asiya arasında əsas ticarət qovşaqlarından birinə çevrilmişdi. Bakı vasitəsilə Gürcüstandan, İrandan və digər Şərq ölkələrindən gələn mallar daşınıb, dəniz yolları isə onların İran sahillərinə və daha sonra Asiyanın dərinliklərinə sürətli çatdırılmasına imkan verib.

Hətta həmin dövrdə yaşayanlar belə qeyd ediblər ki, Tbilisidən sonra ən güclü tranzit imkanları məhz Bakıda cəmlənib. Bütün bu amillər Bakını XIX əsrin birinci yarısında regionun əsas iqtisadi mərkəzlərindən birinə çevirmişdi.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün saat 10:00-dan başlayaraq paytaxtın Qaradağ və Sabunçu rayonlarında qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son

İdman

AFFA "Qarabağ" və "Sabah"ı azarkeşlərə görə 5000 manat cərimələyib.

İdman

AFFA "Qarabağ" və "Sabah"ı azarkeşlərə görə 5000 manat cərimələyib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin