Bakı metrosunda vaqonda həşəratın aşkarlanması ilə bağlı qatarlarda təkrar müşahidə-nəzarət işləri aparılıb, heç bir nöqsan və sanitar-epidemioloji problem aşkarlanmayıb.
Bu barədə Baki-baku.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, qeyd olunan məsələ ilə bağlı sərnişinlərdən hər hansı şikayət, sorğu qeydə alınmayıb. Bununla belə hər dövrün xüsusiyyətləri nəzərə alınmaqla müvafiq plandankənar profilaktik nəzarət mexanizmləri də tətbiq olunur və zərurət yarandıqda əlavə tədbirlər görülür.
Qeyd olunub ki, Bakı Metropolitenində istismarda olan qatarlarda dezinseksiya, dezinfeksiya və deratizasiya tədbirləri planlı şəkildə ay ərzində 4-5 dəfə mütəmadi qaydada həyata keçirilir. Bu tədbirlərin icrası ilə bağlı davamlı monitorinqlər və müşahidələr aparılır. Epidemioloji vəziyyətdən asılı olaraq tədbirlərin sayını artırmaq da mümkündür. Eyni zamanda, əyləmə üçün elektrik depolarına daxil olan qatarlarda xəttə buraxılmadan öncə texniki baxış və prosedur qaydalarına uyğun sanitar təmizləmə işləri icra olunur. Qatarların sanitar-epidemioloji və sanitar-gigiyenik tələblərə uyğun olaraq təmizlənməsi daim nəzarət altında saxlanılır, prosedur qaydalara ciddi surətdə əməl olunur.
Diqqətə çatdırılıb ki, qatarların çöl ərazidən keçməklə tunelə daxil olmasını, həşəratın sərnişinlərin üzərində olan əşyalar vasitəsilə metro vaqonuna daxil olması halları da nəzərə alınmalıdır.