İraq Səlcuqlu Sultanlığı tamamilə zəifləmiş və Atabəylərdən asılı vəziyyətə düşmüşdü
Qüdrəti, əzəməti ilə Milli dövlətçilik tariximizin min ilini əhatə edən Şirvanşahlar dövləti kimi dünyaya səs salan, Nuhun çıxdığı torpağın, Əshabi-Kəhf müqəddəsliyinin, İlan dağın, Haça dağın yaxasında tarixinin altun səhifələrini yaradan Atabəylər dövləti Azərbaycan türklərinin qurduğu ən böyük imperiyalardan biridir. Sənətin, mədəniyyətin himayədarı kimi yaddaşlara yazılan bu qüdrətli dövlətin qurucusu adı tarixə qızıl hərflərə həkk olunan Şəmsəddin Eldənizdir. O hələ gənclik illərindən İraq Səlcuqlu Sultanlığında müxtəlif vəzifələrdə olmuşdur. Sultan I Toğrulun hakimiyyəti illərində isə baş vəzir vəzifəsinə qədər yüksəlmişdir.

Sultan Məsud Şəmsəddin Eldənizin xidmətlərini nəzərə alıb Aran vilayətini ona iqta olaraq bağışladı
Sultan I Toğrul 1134-cü ildə dünyaya vida nəğməsi oxuduqdan sonra hakimiyyətə Sultan Məsud gəldi. Sultan Məsud Şəmsəddin Eldənizin göstərdiyi xidmətləri nəzərə alıb 1136-cı ildə Aran vilayətini ona iqta olaraq bağışladı. ( İqta-feodalizm dövründə, əsasən Şərq ölkələrində yayılmış şərti torpaq mülkiyyəti idi. İqta mülkdən fərqli olaraq irsən keçmirdi, ancaq xidmət müddətinə verilirdi. Bu xidmət həm hərbi, həm də mülki ola bilərdi.) İqamətgahını Bərdəyə köçürən Şəmsəddin Eldəniz həmin tarixdən etibarən Aranı və Azərbaycanın digər ərazilərini müstəqil şəkildə idarə etməyə başladı. Məhz bu səbəbdən də 1136-cı il Azərbaycan Atabəylər dövlətinin yaranma ili hesab olunur. Sultan I Toğrulun dul qalmış xanımı – Möminə xatunla evlənən Şəmsəddin Eldəniz hakimiyyətini bir qədər də gücləndirdi. O, artıq 1140–1150-ci illərdə zəifləməkdə olan İraq Səlcuqlu Sultanlığının daxili məsələlərinə belə müdaxilə edə bilirdi.
Azərbaycan torpaqlarına qəfil hücumlar edən gürcü knyazlıqlarını məğlub edib güneyə doğru istiqamət aldı
İqtidarının ilk aylarından iqamətgahını Naxçıvana köçürən Şəmsəddin Eldəniz Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə saldı. Azərbaycan torpaqlarına qəfil hücumlar edən gürcü knyazlıqlarını məğlub edib daha sonra güneyə doğru istiqamət aldı. Bu dövrdə İraq Səlcuqlu Sultanlığı tamamilə zəifləmiş və Azərbaycan Atabəylərindən asılı vəziyyətə düşmüşdü.

Paytaxtı Həmədana köçürən hökmdar daxildəki üsyanları yatırıb Atabəylər dövlətini daha da möhkəmləndirdi
Şəmsəddin Eldəniz sağlığında Dərbənddən İran körfəzinə qədər böyük bir ərazini əhatə edən qüdrətli bir imperiya qurmuşdu. 1175-ci ildə Şəmsəddin Eldəniz dünyasını dəyişdikdən sonra, hakimiyyətə Sultan I Toğrulun böyük oğlu, Şəmsəddin Eldənizin himayəsində böyüyüb-yetişən Məhəmməd Cahan Pəhləvan gəldi. Paytaxtı Həmədana köçürən gənc hökmdar daxildəki üsyanları yatırıb Atabəylər dövlətini daha da möhkəmləndirdi.
Şəmsəddin Eldənizin dövlət idarəçilik məktəbində yetişən Məhəmməd Cahan Pəhləvan onun ənənələrini davam etdirərək Atabəylər dövlətinin imperiyaya çevirməklə yanaşı, həm də onu sənətin, mədəniyyətin gülzarına çevirdi. Şəmsəddin Eldənizin Möminə xatunun eşqinə təməlini qoyduğu Möminə xatun türbəsi, Yusif Küseyroğlu türbəsi Memar Əcəmi Naxcıvanin tişəsi, Məhəmməd Cahan Pəhləvanın iradəsi ilə Şərq memarlığının incisinə çevrildi.
İntibah dövrü mədəniyyətinin inkişafına töhfələr verən Atabəylər eyni zamanda himayə etdikləri mütəfəkkir alimlərin irsi ilə Yaxın və Orta şərq dəyərlərinin formalaşmasında, inkişafına mühüm rol oynadı.

Qızıl Arslan – Sultan titulunu qəbul edən, Təbrizi paytaxta çevirən dövlət xadimi
Məhəmməd Cahan Pəhləvanın vəfatından- 1186-cı ildən sonra onun yerinə hakimiyyətə qardaşı Qızıl Arslan gəldi. Yeni-yeni ərazilər fəth edən Qızıl Arslan qısa bir vaxtda qiyam qaldıran əyanları aradan götürdü. O, Atabəy hökmdarları arasında ilk dəfə olaraq sultan titulunu qəbul etməsi ilə Atabəylər dövlətini İmperiyaya çevirdi. Buna baxmayaraq Qızıl Arslanın hakimiyyəti uzun sürmədi. O, 1191-ci ildə sui-qəsdə nəticəsində qətlə yetirildi. Ondan sonra hakimiyyətə gələn Nüsrəddin Əbu Bəkr və Müzəffərəddin Özbəyin hakimiyyəti illərində isə dövlət tamamilə zəiflədi və 1225-ci ildə Xarəzmşah Cəlaləddinin Azərbaycana yürüşü zamanı süquta uğradı.
Atabəylər sarayının Şahbanusu, “Möminə xatunun qiymətlisi Zahidə xatunun” iradəsi ilə Milli Müqavimət hərəkatı başlasa da, Atabəylərin xəzinəsi Əlincə qalasından Təbrizə köçürülsə də Milli dövlətçilik tarixmizdə mühüm mərhələ olan, Sarayını “Naxçıvani” imzası, künyəsi ilə zinətləndirən mütəfəkkir alimlərin gülzarına çevirən, 89 il hökm edən Atabəylər İmperiyasını ayaqda tutmaq mümkün olmadı.
Şərəf Cəlilli