Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/17/2026

Paylaşın

HƏR ŞEYDƏN

Ağ xalatlı fədakarlar: Tibb işçilərinin peşə bayramı

close up of man hands with heart

Həyatımızda bir peşə var, onun dəyəri xüsusilə çətin anlarda daha aydın görünür. Sağlamlığımızla bağlı ən kiçik narahatlıqdan tutmuş həyatla ölüm arasındakı ən ağır məqamlara qədər ilk üz tutduğumuz insanlar məhz tibb işçiləridir. Gecənin bir aləmində, bayram günündə, istirahət saatında və ya ən çətin şəraitdə belə onlar insanların köməyinə çatır, ağrıları yüngülləşdirir, ümidləri yenidən alovlandırırlar. Məhz buna görə də ağ xalat təkcə peşənin deyil, həm də mərhəmətin, məsuliyyətin və insanpərvərliyin rəmzi hesab olunur.

Hər il iyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir. Bu tarix Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə təsis olunub. Lakin bu günün tarixi kökləri daha qədim dövrə – Azərbaycan Xalq Cümhuriyyətinin ilk illərinə gedib çıxır.

1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini elan etdikdən sonra milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçdü. Ertəsi gün isə Azərbaycanın ilk səhiyyə və sosial təminat naziri vəzifəsinə Xudadat bəy Rəfibəyli təyin olundu.

Məhz bu hadisə Azərbaycan səhiyyə tarixində mühüm mərhələnin başlanğıcı kimi qəbul edilir.

Ötən bir əsrdən artıq müddətdə Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib. Bu gün ölkənin müxtəlif bölgələrində müasir xəstəxanalar, diaqnostika mərkəzləri və tibb ocaqları fəaliyyət göstərir. Son illərdə səhiyyə sisteminin modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, kadr hazırlığının gücləndirilməsi və tibb müəssisələrinin yenidən qurulması istiqamətində həyata keçirilən layihələr ölkəmizdə tibbi xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldib.

Regionlarda yeni xəstəxanaların tikilməsi, mövcud tibb müəssisələrinin əsaslı təmiri, müasir tibbi avadanlıqlarla təchizatı, əhalinin dərman vasitələri ilə təminatı, xüsusilə uşaqların və həssas qrupların sağlamlığının qorunması sahəsində görülən işlər səhiyyə siyasətinin əsas istiqamətlərindən biridir.

Bu gün Azərbaycanda yüzlərlə yeni və ya əsaslı təmir olunmuş tibb müəssisəsi vətəndaşların xidmətindədir.

Azərbaycan səhiyyəsinin inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi yer tutur. Fondun diabet və talassemiya xəstələrinə göstərdiyi dəstək, qanvermə aksiyalarının təşkili, ana və uşaq sağlamlığının qorunmasına yönəlmiş layihələri minlərlə insanın həyatında mühüm rol oynayıb.

Lakin tibb işçilərinin əsl fədakarlığı ən çox sınaq günlərində üzə çıxır. Bunu həm COVID-19 pandemiyası dövründə, həm də 44 günlük Vətən müharibəsi zamanı bütün dünya və Azərbaycan cəmiyyəti bir daha gördü. Pandemiya günlərində həkimlər, tibb bacıları və digər səhiyyə əməkdaşları aylarla ailələrindən uzaq qalaraq insanların sağlamlığı naminə gecə-gündüz çalışdılar. Onlar virusun yayılmasının qarşısının alınması, xəstələrin müalicəsi və minlərlə insanın həyatının xilas edilməsində misilsiz xidmət göstərdilər.

Vətən müharibəsi zamanı isə ağ xalatlı qəhrəmanlar döyüş meydanında əsl fədakarlıq nümunəsi nümayiş etdirdilər. Yaralı əsgərlərin həyata qaytarılması, onların sağlamlıqlarının bərpası uğrunda aparılan mübarizə Azərbaycan hərbi təbabətinin gücünü və peşəkarlığını göstərdi.

Müharibə dövründə yüzlərlə tibb işçisi yaralandı, onlarla həkim, feldşer və tibbi təlimatçı şəhidlik zirvəsinə ucaldı. Onların göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq.

Tibb işçisi olmaq sadəcə peşə seçimi deyil. Bu, insan həyatına cavabdehlik daşımaq, başqasının ağrısını öz ağrın kimi hiss etmək, ən ümidsiz anlarda belə ümid verməyi bacarmaq deməkdir.

Onlar hər gün yüzlərlə insanın həyatına toxunur, bəzən bir sözlə, bəzən bir təbəssümlə, bəzən isə peşəkar müdaxilə ilə insanlara yenidən yaşamaq imkanı bəxş edirlər.

İyunun 17-si yalnız bir peşə bayramı deyil. Bu gün insan sağlamlığını hər şeydən üstün tutan, gecəsini gündüzünə qatan, həyatını başqalarının həyatına həsr edən bütün tibb işçilərinə minnətdarlıq günüdür.

Onların əllərində yalnız tibbi alətlər deyil, həm də insanların ümidləri var. Və məhz buna görə tibb işçiləri cəmiyyətin ən böyük hörmət və ehtiramına layiq olan peşə sahiblərindəndir.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində fərdi sahibkar Piriyev Rabil Fikrət oğluna məxsus yeni heyvan bazarı fəaliyyətə başlayıb.

Ən son

GÜNDƏM

20–21 iyun tarixlərində ölkəmizin paytaxtında Azərbaycanda ilk beynəlxalq saat formatlı ultramarafon olan Baku Ultra Endurance

GÜNDƏM

20–21 iyun tarixlərində ölkəmizin paytaxtında Azərbaycanda ilk beynəlxalq saat formatlı ultramarafon olan Baku Ultra Endurance
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin