Duz istehlakının azaldılması xroniki böyrək xəstəliyinin müalicəsində istifadə olunan dərmanların təsirini əhəmiyyətli dərəcədə artıra bilər. Böyük Britaniyanın Edinburq Universitetinin alimləri apardıqları araşdırma zamanı belə nəticəyə gəliblər.
Baki-baku.az xəbər verir ki, tədqiqatın nəticələri “Kidney International” elmi jurnalında dərc olunub.
Araşdırmada xroniki böyrək xəstəliyindən əziyyət çəkən və sidikdə zülalın miqdarı normadan yüksək olan 12 yetkin şəxs iştirak edib. Sidikdə zülalın artması böyrək toxumasının zədələnməsinin göstəricilərindən biri hesab olunur və xəstəliyin irəliləməsi ilə əlaqələndirilir.
İştirakçılar iki fərqli qidalanma rejiminə əməl ediblər. Hər rejim 14 gün davam edib. İlk mərhələdə onlar gündə orta hesabla 13,3 qram, ikinci mərhələdə isə 6,3 qram duz qəbul ediblər.
Hər iki mərhələdə iştirakçılara damar daxilinə BQ123 preparatı və ya plasebo verilib. Mütəxəssislər arterial təzyiqi, damarların vəziyyətini, böyrəklərin fəaliyyətini və sidikdə zülalın miqdarını qiymətləndiriblər.
Nəticələr göstərib ki, preparat duz qəbulunun miqdarından asılı olmayaraq arterial təzyiqi aşağı salıb və damarların fəaliyyət göstəricilərini yaxşılaşdırıb. Lakin böyrək yumaqcıqlarının daxilində təzyiqin azalması və sidiklə zülal itkisinə nəzarət yalnız duzun azaldıldığı qidalanma rejimində müşahidə olunub.
Alimlərin fikrincə, duz istehlakının məhdudlaşdırılması xroniki böyrək xəstəliyinin dərmanla müalicəsini gücləndirən mühüm əlavə tədbir ola bilər.
Qeyd edək ki, araşdırma cəmi 12 nəfərin iştirakı ilə və qısa müddətdə aparılıb. Buna görə də nəticələr ümidverici olsa da, onların daha geniş tədqiqatlarla təsdiqlənməsinə ehtiyac var. Böyrək xəstəliyi olan şəxslər qidalanma rejimində dəyişiklikləri həkimlə məsləhətləşərək etməlidirlər.