Bildiyiniz kimi, Bakının mərkəzində bir sıra küçələr piyadalaşdırılıb və nəqliyyat vasitələrinin həmin ərazilərə girişinə məhdudiyyət qoyulub. Söhbət Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsindən, eləcə də Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrindən gedir.
Baki-baku.az xəbər verir ki, ötən gün sahibkarlardan nəqliyyat vasitələrinin qanunsuz olaraq əraziyə daxil olması ilə bağlı şikayət daxil olub.
Şikayətçi iddia edib ki, avtomobillərin küçəyə girişinə icazə verilmədiyi halda, axşam saatlarında taksidən ödəniş alınaraq əraziyə girişinə şərait yaradılıb.
Məsələ ilə bağlı Baki-baku.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, fərdi parklanma talonuna malik sakinlərin, eləcə də operativ, tibbi, kommunal və logistika xidmətləri göstərən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin edilir.
Qurumdan əlavə edilib ki, ərazidə fəaliyyət göstərən dövlət qurumları, diplomatik nümayəndəliklər, tibb müəssisələri və biznes subyektləri ilə də müvafiq iş aparılır, onlara zəruri dəstək göstərilir.
Qeyd edək ki, AYNA-nın açıqlamasında taksilərin ödəniş müqabilində əraziyə buraxılması ilə bağlı iddiaya birbaşa münasibət bildirilməyib.