Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/28/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Müşfiqin son görüşü, Dilbərin bitməyən həsrəti

IMG-20261028-WA0011

II yazı

Dilbər Axundzadə: “Müşfiqin rəngi qaçmışdı, sapsarı saralmışdı, arıqlamışdı, amma özünü ələ alır, mənə təsəlli verir , və sakit, hüznlü şəkildə deyirdi: “Axırda hər şey bilinəcək, qorxma. Biləcəklər ki, günahsız, havayı yerə getdik, həqiqət heç zaman gizli qalmaz”

Müşfiqi aparan, gecə gələn qara maşının kədəri ilə bağlı fikirlərini davam etdirən Dilbər Axundzadənin indi təqdim edəcəyim qeydləri Şura hökumətinin iç üzünü açan faktlarla zəngin olmaqla yanaşı, həm də, ən sadiq qullarına qarşı amansız olan quruluşun simasının göstəricisidir. Dilbər Axundzadə yazır:

“Müşfiqi apardılar. Mən ayrılığa dözmədim. Dalbadal Daxili İşlər Komissarlığına ərizə verirdim ki, görüş alım. Nəhayət görüş verdilər. Görüşə gedəndə oturub Müşfiqi gözləyirdim ki, məni çağırsınlar gördüm ki, Həmid Sultanov da orada oturub. Üz-gözünü saqqal basıb. Mənimlə görüşdü. Oturduğu yerdə salam verdi, dedi: “Necəsən?” Dedim: “Görürsən ki, necəyəm?” Ayrı bir kəlmə bir söz demədi, sonra Müşfiqi çağırdılar, getdim. Müşfiqin rəngi saralmışdı. Mənim ilk görüşümlə son görüşümün arasında böyük bir təzad vardı. İlk görüşümüz Müşfiqin ən şən günlərində, ən yaxşı dəqiqələrində olduğu halda, son görüşüm Müşfiqin ən kədərli dəqiqələrində olmuşdu. Rəngi qaçmışdı, sapsarı saralmışdı, arıqlamışdı. Amma özünü ələ alırdı ki, mənə təsəlli versin. Sakit hüznlü şəkildə deyirdi: “Axırda hər şey bilinəcək, qorxma. Biləcəklər ki, günahsız, havayı yerə getdik. Həqiqət heç zaman gizli qalmaz. Nizaminin sözləri ilə fikrini bitirdi: “Qorxma, ayın, günün, tutulmasından, Hər qaranlıq gecənin bir qızıl ulduzu var.” Bu mənim Müşfiqlə son görüşüm oldu…”

“Mən hara, düşmən hara, xalq düşməni hara?” deyə-deyə bir də gördüm Bayıl türməsindəyəm

Sonra gəldim evə, elə Müşfiqin yolunu gözləyirdim ki, buraxarlar, gələr. 37-ci ilin axırlarında, il təzə girəcəkdi ki, gecə saat 3-4 olardı bir də gördüm qapı döyülür. Mən də evdə tək idim. Gördüm, iki çekist gəlib. “Siz də həbs olunursunuz” dedilər. Ağlaya-ağlaya, rəngi qaçmış halda, həyəcan içində dilim dolaşa-dolaşa dedim: “Mən 23 yaşındayam. Bakı Sovetinin üzvüyəm, Tibb İnstitunun 3-cü kursunda oxuyuram. Mən hara, düşmən hara, xalq düşməni hara? Amma dinləmədilər, apardılar”

“Mən hara, düşmən hara, xalq düşməni hara?” deyə-deyə bir də gördüm Bayıl türməsindəyəm. Bayılda da, o qədər adamlar var idi ki, hamısı da ziyalı qadınlar. Oturmağa yer belə yox idi. Orada yadımda qalan Leylla Baratzadə idi. İndi Hüquq fakültəsində dərs deyir. Bir də gördüm ki, Müşfiqin bacısını gətirdilər. O da, ağlayırdı, qışqırdı. “Axı, biz nə etmişik? Bizi niyə tutursunuz?” Biz onu sakitləşdirirdik. Güman ki, onu işdən gətirmişdilər. Ona görə ki, nə paltarı, nə yorğan-döşəyi vardı. Məndə olanlardan əyin-başını geyindirdim…

Psixi xəstə, “neqodnu-yararsıız” insan kimi Allahın öhdəsinə buraxılmışdım

Sonra xalq düşməni adını götürmək çətin oldu. Gənc adamlar biraz istiqanlı, həm də çılğın olur axı. Elə bil üstümdə bir neçə tonluq ağır yük vardı. Ona görə yaşamaq istəmədim. Dedim, aclıq elan edim. Həbsxanada da qayda idi. Aclıq elanı edəni “Odenoçka” deyilən tək adamlıq cəza yerinə salırdılar. Orada incidirdilər, ağır işgəncə verirdilər. Orada kiçik pəncərə kimi yer var idi. Gəlirdilər oradan təhqir edirdilər, alçaıldırdılar, nalayiq sözlər deyirdilər. O qədər incitdilər ki, bir də gördüm artıq xəstəxanadayam, psixoloji dispanserdə. Uzun zaman xəstəxanada qaldım. Sonra anam, bacım gəldilər məni aparmağa. Getdilər Daxili İşlər Komissarlığına məni buraxdırdılar. Xəstəxanadan ağır diaqnozla çıxmışdım. Psixi xəstə, “neqodnu-yararsıız” insan kimi Allahın öhdəsinə buraxılmışdım.

Bundan sonra mən Gəncəyə getdim. Gəncə də anamgillə yaşadım. 1956-cı ildə Müşfiq bəraət aldıqdan sonra, Müşfiqin dayısı Ağamehdi dayı yazdı ki: “Müşfiq bəraət alıb. İndi sən Bakıya köç. Sən ev alana qədər biz də qalarsan.” Sonra gəldilər məni apardılar. Mən də gəldim dayısıgilə. Bir il onlarda qaldım, sonra Baksovetdən ev aldım… Bu illərdə bütün yazıçılar xatirələr yazırdı. Mən də başladım Müşfiq haqqında xatirələr, şeirlər yazmağa. “Müşfiqli xatirələr” belə yarandı.

Ağamehdi ağanın əzəmətini düşündükcə gözlərimin önünə Qobustanın qayaüstü abidələri, Xızının xınalı kəkliyi xatırladan dağları, ala gözlü Xəzərin qan qoxayan suları gəldi

Bu kiçik xatirədən Müşfiqin kədəri, əbədi sevgisi, nisgili, bir də dayısının – Ağamehdi ağanın əzəməti, “Müşfiq bəraət alıb. İndi sən Bakıya köç. Sən ev alana qədər biz də qalarsan.” “Sonra gəldilər məni apardılar. Mən də gəldim dayısıgilə. Bir il onlarda qaldım, sonra Baksovetdən ev aldım…” haqqı və haqsızlığı boylanır. Müşfiqdən sonra onun əbədi, sonsuz, hüdudları məlum olmayan sevgisinə sahib çıxan dayısı Ağamehdi ağanın əzəmətini düşündükcə gözlərimin önünə Qobustanın qayaüstü abidələri, Xızının xınalı kəkliyi xatırladan dağları, Sisianovun kəlləsinin önündə diyirləndiyi İçərişəhərin qüdrəti, ala gözlü Xəzərin qan qoxayan suları gəldi.

Gərək , “Qolları bağlı qara Dağlının” müqəddəs eşqini, ümman sevgisini “Özgələrə” dəyişməyəydi…

Müşfiqin kəfəni də, mədfəni də ala gözlü Xəzər oldu. 90 ildir qəlbimizin qırıq simindən boylanan, gözlərimizdən yaş olub süzülən Müşfiqin Gəncəli gözəli gərək onu kimsəyə dəyişməyəydi. “Müşfiqli günlər”in xatirəsinə ləkə salmayaydı, Ağamehdi ağanın qüruruna kölgə salmayaydı. Müşfiqin bəraətindən sonra Sevgisinə sahib çıxan dayısının Qız Qalasına, Ramana qalasına, Səbail qəsrinə bərabər əzəmətinə xatir gərək heç saçına da xına yaxmayaydı. Elə, eləcə, son görüşdə “Sapsarı saralan Müşfiq”in sarı donlu Dilbəri olub “Sarı gəlin”i oxuyaydı. Gecələr üzü qibləyə deyil, Nargin adasına sarı yataydı. Mürgülü xatirələri oyatmayaydı. Müşfiqsiz günlərin nisgilindən Müşfiqli günlərin xoş xatirəsinə körpü salaydı. Əbədi olanın, mübhəm sevginin, “Qolları bağlı qara Dağlının” müqəddəs eşqini, ümman sevgisini “ Özgələrə” dəyişməyəydi…

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin