Bakının Binəqədi rayonu, 28 May qəsəbəsində kanalizasiya sularının yola axıdılması sakinlərin narazılığına səbəb olub.
Onların sözlərinə görə, əraziyə axıdılan çirkab sular həm ətraf mühitin çirklənməsinə, həm də antisanitar vəziyyətin yaranmasına səbəb olur.
Baki-baku.az məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə sorğu ünvanlayıb.
İdarədən bildirilib ki, Binəqədi rayonu, 28 May qəsəbəsində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi, eləcə də Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında olan kanalizasiya xətləri mövcud deyil.
Qeyd olunub ki, ərazidəki kanalizasiya xətləri sakinlər tərəfindən normativ tələblərə uyğun olmayan üsullarla çəkilib.
Bununla belə, yaranmış çətinliyin aradan qaldırılması məqsədilə idarənin qəza-bərpa qrupu tərəfindən müvafiq tədbirlərin görüləcəyi bildirilib.