Bakı gecənin səssizliyinə qərq olanda, evlərdə işıqlar sönəndə, küçələr boşalanda minlərlə insan işləməyə davam edir. Şəhər yuxuya gedərkən onlar paytaxtın səhər öz sakinlərini təmizlik, səliqə-sahman və adi həyat ritmi ilə qarşılaması üçün əllərindən gələni edirlər.
Bu işdə kommunal xidmət əməkdaşlarının zəhməti xüsusilə böyükdür. Yollarda hərəkət səngiyəndə küçələrə təmizlik işçiləri və xüsusi texnikalar işə çıxır. Onlar yolları yuyur, səkiləri təmizləyir, tullantıları yığışdırır, parkları, bağları, dayanacaqları və yeraltı keçidləri səliqəyə salırlar.

Bu insanlar istidə də, soyuqda da, yağışın və küləyin altında da çalışırlar. Biz adətən səhərlər təmiz küçələrlə addımlayarkən şəhərin belə səliqəli və baxımlı görünməsi üçün nə qədər zəhmət çəkildiyi barədə düşünmürük.

Gecələr isə təkcə kommunal xidmət əməkdaşları çalışmır. Xəstəxanalarda həkimlər növbə çəkir, təcili tibbi yardım briqadaları çağırışlara gedir, polis əməkdaşları, yanğınsöndürənlər və xilasedicilər təhlükəsizliyimizi qoruyurlar. Energetiklər və su təchizatı xidmətlərinin əməkdaşları şəhərin həyati əhəmiyyətli sistemlərinin fasiləsiz işləməsini təmin edirlər. Çörək zavodlarında isə səhər süfrələrimizə gələcək təzə çörəklər bişirilir.

Səhərin ilk şəfəqləri Xəzərin sularına yayılır. Bakı yuxudan oyanır, küçələr insanlarla dolur, yeni gün başlayır. Gecə boyu paytaxtın qayğısına qalan insanlar isə iş növbələrini başa vururlar.
Biz çox vaxt onların adlarını bilmirik, zəhmətlərini hər zaman görmürük. Məhz bu insanların sayəsində Bakı hər səhər bizi təmiz, gözəl və yeni günə hazır şəkildə qarşılayır.
Doğma Bakımız yatan zaman onlar şəhərin qayğısına qalırlar. Elə buna görə də həmin zəhmətkeş insanlara ürəkdən, böyük bir təşəkkür düşür.
Hacı Cavadov