2026-cı ilin maraqla gözlənilən səma hadisələrindən biri olan Orionid meteor yağışı oktyabrın 21-dən 22-nə keçən gecə maksimum aktivlik göstərəcək. Səmanı müşahidə etməyi sevənlər üçün bu gecə ulduz axınını izləmək fürsəti yaranacaq.
Baki-baku.az xəbər verir ki, Halley kometasından ayrılan toz və buz hissəciklərinin Yer atmosferinə daxil olaraq yanması nəticəsində yaranan Orionidlər ilin ən diqqətçəkən meteor yağışlarından biri hesab olunur.
Atmosferə saniyədə təxminən 66 kilometr sürətlə daxil olan bu hissəciklər səmada parlaq işıq izləri yaradır. Hava şəraiti və müşahidə imkanları əlverişli olduqda saat ərzində təxminən 10-20 meteor görmək mümkündür.
Orionid meteor yağışı oktyabrın 2-dən müşahidə edilir və noyabrın 12-dək davam edəcək. Hadisə meteorların səmada Orion bürcü istiqamətindən gəlirmiş kimi görünməsi səbəbindən bu adı alıb. Orionidlər Halley kometası ilə əlaqəli iki meteor yağışından biridir.
Mütəxəssislər meteor yağışını izləmək istəyənlərə gecə yarısından sonra, xüsusilə sübhə yaxın saatları seçməyi tövsiyə edirlər. Müşahidə üçün şəhər işıqlarından uzaq, qaranlıq əraziyə üz tutmaq daha məqsədəuyğundur. Teleskop və ya xüsusi avadanlıq tələb olunmur. Gözlərin qaranlığa uyğunlaşması üçün təxminən 30 dəqiqə vaxt vermək kifayətdir.
Ay işığı zəif meteorların görünməsini çətinləşdirə bilər. Buna görə də Ay üfüqdə batdıqdan sonra müşahidə şəraiti daha əlverişli olacaq.
Orionid meteor yağışını həm Şimal, həm də Cənub yarımkürəsində izləmək mümkündür. Səbir və qaranlıq səma isə bu təbiət hadisəsinin gözəlliyini seyr etmək üçün əsas şərtlərdəndir.