Antarktida Yer kürəsinin ən soyuq yerlərindən biridir. Hara baxırsan, ətrafda yalnız qar, buz və ucsuz-bucaqsız ağ düzənliklər görünür, lakin bu ağappaq səhranın qoynunda elə bir möcüzəli yer var ki, sanki qorxu filminin bir səhnəsini xatırladır.. Buzlaqdan birbaşa qana bənzəyən qırmızı su axır. Su ağ buzun üzərinə yayılaraq arxasında al-qırmızı izlər buraxır. Bu qeyri-adi təbiət hadisəsi Qanlı şəlalə adını alıb. Alimlər uzun illər ərzində bu suyun haradan gəldiyini və niyə belə qəribə rəngə malik olduğunu anlamağa çalışıblar.
Qanlı şəlalə Mak-Merdo Quru Vadiləri ərazisində, Bonni gölünün yaxınlığında yerləşən Teylor buzlağındadır. Onu ilk dəfə 1911-ci ildə britaniyalı geoloq Tomas Qriffit Teylor müşahidə edib. Əvvəlcə tədqiqatçılar suyun qırmızı rəng almasına yosunların səbəb olduğunu düşünürdülər, lakin sonradan məlum olub ki, bunun səbəbi tamamilə başqadır.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, buzlağın dərinliklərində tərkibində böyük miqdarda dəmir olan həddindən artıq duzlu su mövcuddur. Bu su səthə çıxaraq hava ilə təmasda olduqda dəmir oksidləşməyə başlayır. Sadə dillə desək, paslanmaya bənzər kimyəvi proses baş verir. Məhz buna görə də su qırmızı rəng alır. 2022-ci ildə alimlər həmin suda tərkibində dəmir olan son dərəcə kiçik hissəciklər aşkar ediblər. 2023-cü ildə isə bu kəşf haqqında məlumat geniş yayılıb.
Burada başqa bir sual da yaranır: belə soyuq bir yerdə su ümumiyyətlə necə axa bilir? Bunun sirri duzdadır. Suyun tərkibində o qədər çox duz var ki, hətta sıfır dərəcədən aşağı temperaturda belə donmur. Alimlər ehtimal edirlər ki, nə vaxtsa burada dəniz suyu olub və zaman keçdikcə qalın buz təbəqəsinin altında qalıb. 2015-ci ildə tədqiqatçılar yerin altında bütöv bir duzlu su sistemi aşkar ediblər. İki il sonra isə suyun buzlağın daxilində hərəkətini davam etdirdiyi müəyyən olunub.

Ən heyrətamiz kəşf isə hələ 2009-cu ildə edilib. Alimlər bu buzlu qaranlığın içərisində mikroorqanizmlərin yaşadığını aşkar ediblər. Burada günəş işığı yoxdur, oksigen olduqca azdır, temperatur isə son dərəcə aşağıdır. İlk baxışdan belə şəraitdə həyatın mövcudluğu mümkünsüz görünür. Həmin gözlə görünməyən kiçik canlılar isə bu mühitə uyğunlaşmağı bacarıblar. Onlar yaşamaq üçün müxtəlif kimyəvi maddələrdən, o cümlədən dəmir və kükürd birləşmələrindən istifadə edirlər.
2026-cı ilin avqustunda tədqiqatçılar yeni tapıntılar barədə məlumat veriblər. “Qanlı şəlalə” ərazisində qədim dəniz həyatı ilə əlaqəli mikroskopik orqanizm icmaları aşkar edilib. Bu da buzlağın altındakı suyun dəniz mənşəli olması ehtimalını bir daha gücləndirib.

Maraqlıdır ki, “Qanlı şəlalə”dən su fasiləsiz axmır. Bəzən qırmızı su buzlağın səthində görünür, bir müddət sonra isə axın dayanır. Üstəlik, bu hadisə hətta Antarktidanın sərt qış aylarında da baş verir. Alimlər hesab edirlər ki, hər şey suyun təzyiqindən, buzlağın hərəkətindən və onun daxilindəki çatlardan asılıdır.
Bu gün “Qanlı şəlalə” yalnız Antarktidanı araşdıran mütəxəssislərin deyil, Yer kürəsindən kənarda həyat axtaran alimlərin də diqqətini cəlb edir. Axı canlı orqanizmlər günəş işığı olmadan, qalın buz təbəqəsinin altında yaşaya bilirlərsə, bəlkə də, digər planetlərdə və ya onların peyklərində də buna bənzər həyat mövcuddur.
Hacı Cavadov