Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/19/2026

Paylaşın

HƏR ŞEYDƏN

Petra – Heyrəti Kolizeyi, sükutu Sumela monastırını xatırladan,  Musa vadisindən Harun dağına yol gələn Çəhrayı şəhər

Petra

Haşimilərin Qırmızı dənizlə Dəməşqi, Fars körfəzi ilə Aralıq dənizini birləşdirən,  yunan və roma hökmdarlarını, Makedoniyalı İskəndəri ayağına gətirən, Musanın əsası, İsanın ətası, Məhəmməd Peyğəmbərin duası ilə nurlanan irsi

Şərqin qüdrəti, əzəməti, zəngin mədəniyyəti ilə dünyanı heyrətləndirən qədim-qayım şəhərləri çox olub. Misir, İsgəndəriyyə, İstanbul kimi Petra şəhəri də adı ilə bağlı əfsanələr, nağıllar dolaşan qədim yaşayış məskənlərindəndir. Nəbatilər dövlətinin paytaxtı, Yunan-Roma mədəniyyətinin incisi, İordaniya Krallığının dünyanın maddi-mədəni irsi siyahısına daxil edilən daş salnaməsi, abidələr panteonu, qədim şəhər mədəniyyətinin nümunəsi kimi yaddaşlara yazılan, Musa vadisində, Harun dağının zirvəsində mövcud olan, Fars körfəzi ilə Aralıq dənizinin ticarət yollarını birləşdirən Petra şəhəri daima əfsanələrin və möcüzələrin diyarı kimi maraq dairəsində olmuşdur. İsveçrəli səyyah Yohan Burqhardt tərəfindən 1812-ci ildə kəşf edilən, kanadalı alim-sinematoqrafın çəkdiyi sənədli filmə görə gerçək Kəbənin ünvanı hesab edilən, Qüdsün Britaniya Arxeologiya mətkəbi və Amerika Şərq Araşdırmaları Mərkəzi Braun Universitetinin hazırladığı təqdimatlar nəticəsində “IV-V əsrləri əhatə edən  Dominant Roma dövründən “Orta İslam Dövrü”nə – VIII əsrə qədər qeyri-yaşayış məskəni kimi təsvir edilən, Aqbər bütpərəstlərin ünvanı kimi tanınan, Bizans İmperiyası zamanı eramızın 395-ci ilindən 800-cü ilə qədər soyqrımlara məruz qalan Petra şəhərinin Ərəbistan yarımadasının şimal və şimal-qərb nahiyəsində, Aralıq dənizinin sağ sahilində yağışların yağması və ticarət mövqeyinə malik olması səbəbi ilə təsis edilən Nəbatilər İmperiyasının paytaxtına çevrilməsi onun zəngin tarixinin ayrılmaz tərkib hissəsi olmuşdur.”

Şimalda Əqəbə körfəzindən Əl-Əqbə vadisinə qədər uzanan ərazilər Nəbatilərin tarixi torpaqları olmuşdur

Əldə olunan məlumatlardan bəlli olur ki, Şimalda Əqəbə körfəzindən Əl-Əqbə vadisinə qədər uzanan ərazilər Nəbatilərin tarixi torpaqları olmuşdur. Ərəbistan səhralarından eramızdan əvvəl 600-cü ildə  əraziyə köç edən Nəbatilər Babil İmperiyası süquta uğradıqdan sonra Səba adlı dövlətin qurulmasında da iştirak etmişlər. Makedoniyalı İsgəndərin hücumları nəticəsində Səbanın bir dövlət kimi iflas dövrü başlamış, Aralıq dənizindəki nüfuzunu bütünlüklə itirmişdir ki, bunun nəticəsində də, Nəbatilər adları ilə bağlı dövlətin təməlini qoymuşlar.

Petra şəhəri ilə şöhrət tapan Nəbatilər İmperiyası bu gün də onun varlığını, əzəmətini dünyaya nümayiş etdirir

Səbail qəsri, Bəndovan kimi qərq olan, sonradan kəşf edilən, şəhər statusu ilə dünyanın maddi-mədəni irsi siyahısına daxil olan, hər daşı, qaya parçası, abidəsi, tikilisi ilə belə, nəbatilərin daş salnamasinə, yaddaş yerinə çevrilən Petra şəhəri ilə şöhrət tapan Nəbatilər İmperiyası bu gün də onun varlığı, əzəməti ilə tarix səhnəsində yerini və rolunu qoruyur.

Əldə olunan digər məlumatlardan bəlli olur ki, bəzi tədqiqatçılar Petranın tarixi yaşının 2000, bəziləri isə 4000 il olduğunu qeyd edir. Dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən Qaya şəhər – Petra yunan dilindən tərcümədə “Daş “ və “Qaya” mənasını ifadə edir. Aqba körfəzi ilə Lut gölü arasındakı strateji əhəmiyyətə malik ərazidə yerləşən Petra şəhəri Mesopatamiya ilə Misiri birləşdirən ticarət yollarının kəsişdiyi nöqtədə mövcud olduğu üçün bütün dövrlərdə həm də, siyasi və iqtisadi əhəmiyyəti ilə digər Şərq şəhərlərindən fərqlənmişdir.

VI əsrdə inkişaf edən şəhərə eramızdan əvvəl 312-ci ildə yunanlar çoxsaylı hücumlar təşkil edib

Eramızdan əvvəl IV əsrdən eramızın 106-cı ilinə qədər Nəbatilər dövlətinin paytaxtı kimi şöhrət tapan Petra şəhəri qədim və zəngin şəhər mədəniyyəti ilə dünyanın məşhur şəhərləri sırasında yer almışdır. Qırmızı dənizlə Dəməşqi, Fars körfəzi ilə Aralıq dənizini birləşdirən yolların kəsişdiyi nöqtədə yerləşən Petra şəhəri quraqlıq ərazidə yerləşsə də, onun sakinləri heç bir zaman su qıtlığı çəkməmişdir. Tarixi mənbələrə istinad edərək onu da qeyd edə bilərik ki, VI əsrdə kifayət qədər inkişaf edib zənginləşən şəhərə eramızdan əvvəl 312-ci ildə yunanlar çoxsaylı hücumlar təşkil edib. Bu hadisə nəticəsində Petra şəhərinin adına ilk dəfə tarixi mənbələrdə rast gəlinib. Sonralar romalılar Şərqdə dəniz ticarəti yolları kəşf etdikdən sonra quru yolu ilə ticarət kimi Petra da iqtisadi və siyasi əhəmiyyətini itirib.

Bizans işğalı  üç yüz il davam edib, 551-ci ildə baş verən  dəhşətli zəlzələ Petranı demək olar ki, məhv edib

Petra şəhərinin 106-cı ildə romalılar tərəfindən işğalı onun siyasi və iqtisadi taleyində, tarixində kədərli səhifə açıb. Dağıdıcı zəlzələlər baş verənə qədər romalılar nə az, nə çox, 250 il Petranı istədikləri şəkildə idarə ediblər. Eramızın 363-cü ilində şəhərdə baş verən güclü zəlzələ onun çökməsi ilə nəticələnib. Qısa zaman kəsiyindən sonra Bizans İmperiyası tərəfindən işğal edilib. 363-cü ildən başlayan Bizans işğalı 300 il davam edib. 551-ci ildə baş verən növbəti dəhşətli zəlzələ Petra şəhərini demək olar ki, məhv edib.

Bizans İmperiyasının əsarətindən sonra Petranı müsəlmanlar fəth edir

Şəhərlər, kəndlər, qəsəbələr, ölkələr də insan kimidir. Doğulur, böyüyür, inkişaf edir, ömrünü başa vurur. Yeni gələn nəsillər onun ömrünə ömür qatır. Yaddaşını təzələyir. Tarixi mənbələr sübut edir ki, bu dəhşətli zəlzələdən Bizans İmperiyasının 300 illik əsarətindən sonra Petranı müsəlmanlar fəth edir. VIII əsrin əvvəlinə doğru şəhəri bütünlüklə tərk edən əhalinin gedişi ilə Petra əvvəlki siyasi, iqtisadi və ticari əhəmiyyətini itirir. XII yüzildə isə şəhərdə xristianlar məskən salır. Sonralar Petra şəhəri tamamilə tərk edilir. Zaman keçdikcə qumlara qərq olur. Şəhərin mövcud olduğu vadiyə daxil olmaq üçün yeganə yol 1200 metr uzunluqda olan dar dərədən keçir.

Musa peyğəmbər vadidən keçərkən əsasını qayaya vurub və qayadan bulaq qaynayıb

Musa vadisində yerləşən, dünyanın daş yaddaşı, qədim yaşayış məskənlərindən hesab olunan Petra şəhəri ilə bağlı təkcə tarixi faktlar deyil , həm də çoxsaylı rəvayətlər mövcuddur. Deyilənə görə Musa peyğəmbər vadidən keçərkən əsasını qayaya vurub və qayadan bulaq qaynayıb. Həmin vaxtdan qaya “Ayn Musa” yəni, “Musa bulağı adlanıb. Sonralar bu ərazidən kanal vasitəsilə Nəbatilər İmperiyasının paytaxtına – Petraya su çəkilib. İnşasında istifadə edilən daşların rənginə görə “Çəhrayı şəhər” kimi də şöhrət tapan Petranın mərkəzi hissələrində daş tikililər yerləşsə də, onun müxtəlif dövrlərdə inşa edilən, tikililəri memari quruluşu ilə bir-birindən fərqlənsələr də, əksəriyyəti sərt qayaların yaxasında binə tutub.

Petranın daş salnaməsi olan tikililəri çoxdur, əsas tikilisi isə “Fironun xəzinəsi” mənasını verən “Əl-xəzinə” sərdabəsidir

Petranın daş salnaməsi olan tikililəri çoxdur, “əsas tikilisi isə eramızdan əvvəl I yüzildə qayada çapılan və tərcümədə “Fironun xəzinəsi” mənasını verən “Əl-xəzinə” sərdabəsidir. Onun hündürlüyü 40, eni isə 25 metrdir. Əldə olunan məlumatlar onu da sübut edir ki, yüz illər boyu yerli əhali burada xəzinənin olduğunu düşünmüş, hətta sakinlər arasından daş sənduqəyə tüfəngdən atəş açaraq parçalamaq istəyənlər də olmuşdur.” “Əl-xəzinə”nin – Daş sərdabənin hansı şəkildə inşa edildiyi sirr olaraq qalsa da, bəlli olan odur ki, Petra qədim tarixi, daş yaddaşı, “Fironun xəzinə”si – möcüzəli sərdabəsi, qədim-qayım tikililəri və daş yaddaşı ilə tarixin canlı salnaməsi, İlahinin möcüzəsi, insan sevgisinin, məhəbbətinin harmoniyasıdır.

Əldə olunan digər məlumatlardan o da bəlli olur ki, “Əl-xəzinə” – “Fironun xəzinəsi” adlanan sərdabə Nəbati hökmdarlarının şərəfinə inşa edilib. Əski çağlarda bu abidəni yunan və Roma tanrılarının heykəlləri bəzəyib.

“Ad-Deyr Monastırı” təkcə Tanrıya təslim olanların deyil, həm də, mələklərin tez-tez endiyi məkandır

Petranın əzəmətinə əzəmət qatan digər bir tikilisi, sərdabəsi sərt-sıldırım qaya üzərində I yüzildə ucaldılan “Ad-Deyir Monastırı”dır. Bu ecazkar Monastırı görmək üçün hər kəsdən nə az, nə çox, düz 800 pilləkan qalxmaq tələb olunur. Başdan-başa əfsanə və rəvayətlərdən ibarət olan Petranın bu ikinci gözəllik ünvanı barədə əfsanələrdən bəlli olur ki, “Ad-Deyr Monastırı” təkcə Tanrıya təslim olanların deyil, həm də, mələklərin tez-tez endiyi məkandır. Petranın digər bir məkanı, gözəllik və əzəmət ünvanı isə “Kiçik Petra”nın böyük dünyasıdır. 30-dan çox qayadan yonulmuş tikiliyə ev sahibliyi edən “Kiçik Petra” əzəməti ilə şəhərin gözəlliyinə gözəllik qatır.

Petranın qayada çapılmayan yeganə abidəsi “Qəsr əl-Bint”dir

Bütün memarlıq abidələri qayaların üzərində yonulan Petra şəhərinin qayada çapılmayan yeganə abidəsi “Qəsr əl-Bint”dir. Onun Nəbatilərin tanrısı Duşara və ilahəsi Əl-Uzzanın şərəfinə inşa olunduğu əldə olunan məlumatlar sırasındadır. Bədəvi rəvayətlərinə görə isə bu abidə – yəni “Qəsr əl-Bint”  “Fironun qızının sarayı”dır. Digər bir rəvayətə, əfsanəyə görə isə Fironun qızı bu saraya su çəkdirə biləcək şəxslə ailə həyatı quracağını bildirib. Onun könlünü fəth etmək istəyən Nəbati hökmdarının oğlu Musa vadisindən Saraya su çəkdirib.

Yohan Lüdviq Berqhardt: “Bu odur, yunanları, romalıları, Makedoniyalı İsgəndəri  ayağına gətirən şəhər – Petra!”

Qum selinə qərq olan, Bəndovan, Səbail qəsri kimi unudulan, üstündə qanlar su yerinə axan Petra şəhəri barədə məlumat  illər, əsrlər sonra ilk dəfə  – 1812-ci ildə İsveçrəli səyyah Yohan Lüdviq Burqhardt tərəfindən elm aləminə təqdim edilib.  Aşkar olunan Petra şəhəri barədə məlumatları toplamaq üçün səyyah özünü müsəlman tacir Şeyx İbrahim ibn Abdulla kimi qələmə verib. Bədəvilər müqəddəs hesab etdikləri məkanı yadlardan qoruduqlarına görə Yohan Lüdviq bu sirli-soraqlı, möcüzəli şəhərə daxil olmaq üçün özünü həm də, “Qurani-Kərim”i öyrənən Hindistan əslli müsəlman kimi təqdim edib. O, Harun dağının yaxınlığındakı Harun türbəsinə varmaq üçün yerli bələdçinin imkanlarından istifadə edib. Ömrünün yarısından çoxunu topladığı qızılı zəhmət haqqı üçün bələdçiyə bağışlayıb. Vadinin yaxınlığından keçəndə gözləri önündə canlanan möhtəşəm mənzərədən heyrətlənən Yohan Lüdviq Berqhardt tarixə həkk olunan bu kəlamı işlədib: “Bu odur, yunanları, romalıları, Makedoniyalı İsgəndəri  ayağına gətirən şəhər – Petra!”

“İndiana Cons”, “Sonuncu Xaç yürüşü”, “Mumyanın qayıdışı” və “Ələddin” kimi məşhur filmlərin çəkildiyi şəhər

Petra şəhəri 1929-cu ildə ikinci dəfə Avropalı alim və arxeoloqlar tərəfindən kəşf edilib. Müxtəlif illərdə aparılan qazıntılar və tədqiqatlar zamanı burada qədim əlyazmalar, məzarlar və tarixi artefaktlar üzə çıxıb.  “İndiana Cons”, “Sonuncu Xaç yürüşü”, “Mumyanın qayıdışı” və “Ələddin” kimi məşhur filmlərin çəkildiyi Petra şəhəri təkcə qüdrətin, əzəmətin, əfsanə və möcüzələrin diyarı deyil, Peyğəmbər əleyhissəlamın müqəddəs soyuna – Haşimilərə bağlı İordaniya Krallığının incisi, qədim-qayım yaşayış məskənidir.

Misir ehramları, Sumela monastrı, Kolizey kimi müphəm duyğulara ünvan olan  diyarı ömründə bircə dəfə görmək, Musa vadisindən keçmək, “Ayn – Musa”dan içmək, “Əl-xəzinə” sərdabəsinə, “Ad-Deyr monastrı” na, “Qəsr əl-Bint”ə əl sürmək, sivilizasiyaların, mədəniyyətlərin dialoq, dinlərin tolerantlıq ünvanında lal-sükuta dalmaq, dar vadidə gen dünyanın Sahibi-Yaradanla dialoqa varmaqdı. Tanrı Musanın əsası, İsanın ətası, Məhəmməd peyğəmbərin duası ilə zinətlənən Çəhrayı şəhərə – Petraya yetməyi dilək edənlərə nəsib etsin!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yükdaşımaları 13 milyon 882 min ton təşkil edib.

Ən son

GÜNDƏM

Teymur Yusif oğlu Musayev Azərbaycan Baş nazirinin müavini təyin edilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin