Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/19/2026

Paylaşın

ETNOQRAFIYA

“Həri”, “becid”, “cumaxatan” — köhnə Bakının söz sandığından

Bakı sözləri

Bir vaxtlar Bakı məhəllələrində eşidilən, evlərin içində, həyətlərdə, bazarlarda yaşayan və indi yavaş-yavaş yaddaşımıza çəkilən sözlər haqqında

Bakı təkcə daş küçələrin, eyvanlı evlərin, İçərişəhərin dolanbac dalanlarının şəhəri deyil. Bu şəhərin bir də öz danışığı vardı. Elə bir danışıq ki, bəzən bircə sözlə bütöv bir fikri ifadə edər, bəzən adi bir cümləyə yumor qatar, bəzən də adamın haralı olduğunu heç soruşmadan bəlli edərdi.

Köhnə bakılıların dilində elə sözlər vardı ki, onları başqa yerdə eşidəndə adam istər-istəməz dayanıb soruşardı: “Bu nə sözdü belə?” Bakılı isə təəccüblənərdi: “Sən bu sözün mənasını nöş bilmirsən?!”

Bu sözlər kitab dilinin qaydalarına həmişə uyğun gəlməsə də, canlı danışığın öz qanunları vardı. Onlar məhəllə söhbətlərində, qonşu qapılarında, bazar alış-verişində, ailə məclislərində yaşayırdı. Bəziləri bu gün də işlənir, bəziləri isə yalnız yaşlı nəslin xatirələrində qalıb.

Gəlin, həmin sözlərin bəzilərini yenidən yada salaq.

“Həri” — bircə kəlmədə razılıq

“Həri” köhnə Bakı danışığının ən tanış sözlərindəndir. Ədəbi dildəki “hə”, “bəli” mənasında işlənən bu sözün özünəməxsus ahəngi vardı. Onu təkcə cavab kimi yox, razılıq, təsdiq, bəzən də söhbəti davam etdirməyə hazır olmaq mənasında eşitmək mümkün idi.

– Sabah bizə gələcəksən?

– Həri!

Bu qısa dialoqda artıq əlavə izaha ehtiyac qalmırdı. Söz deyilmişdi, fikir çatmışdı. Üstəlik, “həri”nin necə deyilməsi də əhəmiyyətli idi: bir az uzadanda razılıq, qısa və qəti deyəndə isə söhbətin bitdiyi hiss olunardı. Bundan başqa həri sözü xeyir işin başlanğıcı olan elçilikdən sonrakı ilk mərasim idi. Deyirdilər ki, filankəsin “hərisi”dir. Yəni qadınlar söhbətə gəlib, razılıq alıb, indi kişilər gəlib qız evinin “həri”sini almağa.

“Becid” — tələsmək vaxtı çatanda

Bu gün də bəzi bakılıların dilində rast gəlinən “becid” sözü “tez”, “cəld”, “tələsik” deməkdir. Azərbaycan dilinin dialektoloji lüğətində sözün Bakı ilə yanaşı Mərəzə, Ordubad və Şamaxıda da işləndiyi göstərilir.

“Becid gəl!” — yəni tez gəl, ləngimə!

“Becid ol!” — yəni tərpən, vaxt itirmə!

Köhnə məhəllələrdə bu sözü eşitmək üçün uzağa getmək lazım deyildi. Bir işə tələsən adam da, uşağı harasa göndərən ana da bu kəlmədən istifadə edə bilərdi. “Tez ol” demək başqa, “becid ol” demək başqa idi — ikincisində elə bil danışanın səsi də bir az iti çıxırdı.

“Cumaxatan” — yorğan-döşəyin öz yeri

Sözlər var ki, onları eşidəndə adamın gözünün qabağına dərhal köhnə Bakı evləri gəlir. “Cumaxatan” da onlardan biridir.

Azərbaycan dilinin dialektoloji lüğətində bu söz Bakı şivəsinə aid edilir və yorğan-döşək yığmaq üçün nəzərdə tutulan divar şkafı mənasında izah olunur. Köhnə evlərdə hər şeyin öz yeri vardı. Yorğan-döşək də yığışdırılıb cumaxatana qoyulardı. Ev yığışdırılanda, qonaq gələndə, yataq-döşək səliqəyə salınanda bu sözün adı çəkilərdi. İndi çox evdə həmin əşyanın yerini başqa mebellər tutub. Amma “cumaxatan” sözü köhnə evlərin quruluşunu, məişət qaydasını və bir zamanlar adi görünən əşyaların yaddaşını özündə saxlayır.

Sözlər unudulanda nə itiririk?

“Hətərəm-pətərəm”, “noxəriş”, “muşquzumba”, “səhər salamat”, “kötrüm düşmək”, “tifil”, “despiri” — bu ifadələr də köhnə Bakı danışığının yaddaşında özünə yer edib. Onların mənası və hansı şəraitdə işlənməsi isə hər bir sözün ayrıca araşdırılmasını tələb edir. Bu sözlər haqqında da gələn yazımızda söhbət açacağıq.

Belə sözləri qorumağın ən yaxşı yollarından biri onları işlədən insanları dinləmək, yadda qalan ifadələri toplamaq və mənalarını dəqiqləşdirməkdir. Çünki dil yalnız lüğətlərdə yaşamır. O, insanların gündəlik söhbətində, zarafatında, danlağında, mehriban müraciətində yaşayır.

Bakı dəyişir, evlər dəyişir, məhəllələr dəyişir. Danışığımız da dəyişir. Amma köhnə sözlərdən biri qəfil dilimizdən çıxanda, sanki uşaqlığımızdan bir səs eşidilir. Bir vaxtlar nənəmizin, babamızın, qonşumuzun işlətdiyi həmin kəlmə bizi bir anlığa köhnə həyətə, açıq qapılara, samovar ətrafında uzanan söhbətlərə qaytarır. Bu sözlər Bakının öz səsidir.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.

Ən son

GÜNDƏM

Bakının Sabunçu qəsəbəsində Mehdi Hüseynzadə küçəsinin Yeni Ramana küçəsi ilə kəsişməsindən 68 nömrəli məktəbin qarşısınadək

GÜNDƏM

Bakının Sabunçu qəsəbəsində Mehdi Hüseynzadə küçəsinin Yeni Ramana küçəsi ilə kəsişməsindən 68 nömrəli məktəbin qarşısınadək
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin