Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə və digər aidiyyəti qurumlara ünvanladığımız müraciətlər nəticəsində Nizami rayonu üzrə M.X.Şərifli küçəsi 96 və 98 saylı binaların həyətində təhlükə yaradan, qurumuş ağaclarla bağlı aqrotexniki tədbirlər həyata keçirilib.
Baki-baku.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
O qeyd edib ki, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və yaşıllıqların qorunması istiqamətində aidiyyəti qurumlarla əməkdaşlıq davam edir.
“Operativ yanaşmaya və görülən işlərə görə bütün aidiyyəti qurumlara, xüsusilə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarına və Nizami Rayon İcra Hakimiyyətinə təşəkkürümü bildirirəm.
Əziz həmvətənlər, təbiətin qorunması hər birimizin ümumi məsuliyyətidir. Gəlin yaşıllıqlarımızı qoruyaq, ətraf mühitə həssas yanaşaq və gələcək nəsillər üçün daha sağlam mühit formalaşdıraq!”, – deyə deputat diqqətə çatdırıb.



