Bəzən bir rəssamı daha yaxından tanımaq üçün əsərlərinə baxmaq kifayət etmir. Onun yaşadığı məkana daxil olmaq, illər ərzində topladığı əşyaları, divarlardan boylanan tabloları, xatirələrlə dolu guşələri görmək lazımdır. Xalq rəssamı ƏşrəfXalq rəssamı Əşrəf Heybətovun Bakı portreti: “Onu müdrik bir ağsaqqal kimi çəkərdim”. Onun yaşadığı məkana daxil olmaq, illər ərzində topladığı əşyaları, divarlardan boylanan tabloları, xatirələrlə dolu guşələri görmək lazımdır. Xalq rəssamı Əşrəf Heybətovun Bakıdakı ev də belə məkanlardandır. Burada rəssamın öz əsərləri ilə yanaşı, müxtəlif illərdə topladığı zəngin şəxsi kolleksiya da diqqəti cəlb edir. Hər bir əşyanın, hər tablonun arxasında ayrıca bir tarix, bir xatirə dayanır.
Əşrəf Heybətov təkcə rənglərin dili ilə danışan sənətkar deyil, həm də maraqlı həmsöhbətdir. Uzun illərdir Almaniyada yaşasa da, söhbət Bakıya gələndə onun yaddaşında tamam başqa bir şəhər canlanır – uşaqlığının İçərişəhəri, doğma küçələr, köhnə binalar, xəzrili-gilavarlı Bakı…

Baki-baku.az Xalq rəssamı Əşrəf Heybətovun Bakıdakı evində qonaq oldu. Söhbətimiz Bakının rəngindən, İçərişəhərin ruhundan, şəhərin dəyişən simasından, itirilmiş mənzərələrdən və rəssamın yaddaşında yaşayan doğma paytaxtdan düşdü.
– Uzun illərdir Almaniyada yaşayırsınız, lakin rəsmlərinizdə ən çox Azərbaycanı, Bakını təsvir edirsiniz. Sizcə bir insan Vətəndən uzaqlaşdıqca ona daha çox yaxınlaşır?
– İnsanın Vətəndən uzaqlaşdıqca ona daha çox yaxınlaşıb-yaxınlaşmaması onun özündən asılıdır: bəzilərini Vətən həsrəti daha güclü çəkir, bəziləri isə zaman keçdikcə doğma yurddan mənən uzaqlaşır. Mən isə gələcəkdə Azərbaycana birdəfəlik qayıtmağı düşünürəm. Burada evim var, lakin böyük əsərlər üzərində işləmək üçün emalatxanam və atelyem yoxdur. Mən monumental rəssamlıq üzrə təhsil almışam və iri panolar yaratmaq üçün geniş məkana ehtiyacım var. Bu səbəbdən lazımi şərait yaransa, Vətənə qayıtmaq istərdim. Necə deyərlər, gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşıdır. İyirmi doqquz yaşımdan xaricdə yaşayıram: institutu bitirdikdən sonra Moskvaya getmişəm, on beş il Rusiyada, daha sonra otuz il Almaniyada yaşamışam. Bununla belə, Azərbaycana tez-tez gəlirəm və Vətəndən ayrı düşdüyümü hiss etmirəm, çünki Vətən həmişə ürəyimdədir. Almaniyada da Azərbaycan musiqisi, bayrağı və kitabları mənimlədir, azərbaycanlılarla daim ünsiyyətdə oluram.

– İçərişəhəri turist kimi görən adamla bakılı rəssamın gördüyü İçərişəhər arasında hansı fərqlər var?
– Mənim üçün İçərişəhər çox əzizdir. O, təkcə gəncliyimi deyil, uşaqlıq illərimi də xatırladır. On iki yaşıma qədər İçərişəhərdə yaşamışıq. 1962-ci ildə evimizi söküb yerində Ensiklopediya binasını tikdilər və bizi Nərimanov prospektinə köçürdülər. Buna baxmayaraq, Bakıya hər gəlişimdə, hava necə olur-olsun, mütləq İçərişəhəri gəzirəm. Onun bütün küçələrini tanıyıram, haradan sağa, haradan sola dönəcəyimi yaxşı bilirəm. Uşaqlıqda bu küçələrdə gizlənpaç oynayırdıq, bütün uşaqlığımız burada keçib. İndi isə İçərişəhər çox dəyişib, daha çox turistik məkana çevrilib: restoranlar, suvenir dükanları, müxtəlif hədiyyələr və əşyalar turistlərin marağına hesablanıb. Turist gəlir, binaları, küçələri görür və hər şeyin gözəl olduğunu deyir, lakin bu daşların, divarların ruhunu tam hiss etmir və onların hansı hadisələrə şahidlik etdiyini bilmir. Bakıda doğulub böyüyən, uşaqlığını İçərişəhərin küçələrində keçirən insan isə buranı tamam başqa cür görür, çünki onun üçün İçərişəhər sadəcə tarixi məkan deyil, xatirələrlə, keçmişlə və mənəvi bağlarla yaşayan doğma bir dünyadır.

– Bakının siması xeyli dəyişib. Köhnə və müasir Bakını müqayisə edək: hansı daha rəngarəngdir?
– Köhnə Bakı ilə müasir Bakını müqayisə etdikdə, məncə, indiki şəhər daha rəngarəngdir. Bir rəssam və bakılı kimi deyə bilərəm ki, Bakının mərkəzi, xüsusilə də bulvar çox gözəldir və bunu şəhərə gələn hər kəs etiraf edir. Təbii ki, bütün böyük şəhərlərdə olduğu kimi, Bakının da turistlərin və qonaqların az getdiyi kənar əraziləri var. Məsələn, mən sərgi ilə Brüsseldə olmuş və bir müddət orada yaşamışam. Şəhərin mərkəzi həqiqətən cənnəti xatırladır, lakin bir qədər kənara çıxdıqda polisin belə girməyə çəkindiyi kriminal rayonlara, xüsusən ərəb məhəllələrinə rast gəlmək mümkündür. Biz də belə məhəllələrdən birində qalırdıq və bizi müşayiət edən şəxs vardı. Bakıda isə bu cür təhlükəli və kriminal məhəllələrin olmaması şəhərin ən böyük üstünlüklərindən biridir. Bu baxımdan Bakı bir çox Qərb şəhərlərindən daha təhlükəsiz və rahatdır.

– Əgər sizdən Bakının portretini insan obrazında çəkməyinizi istəsəydilər, onu necə təsvir edərdiniz?
– Bakını insan obrazında təsvir etsəydim, onu müdrik, ağsaqqal bir kişi kimi çəkərdim. Şəhərin qədim tarixi, əsrlərə söykənən kökləri və zəngin keçmişi məhz belə bir obrazı xatırladır. Bakının memarlıq simvolları Qız qalası və Şirvanşahlar sarayıdırsa, insan simasında onun portreti cavan qız və ya gənc oğlan deyil, həyatın çox üzünü görmüş müdrik qoca olardı. Xəzri və Gilavar da bu obrazın ayrılmaz hissəsinə çevrilərdi: küləkdə dalğalanan ağ saqqalı, bəzən sərt, bəzən isə yumşaq xasiyyəti Bakının dəyişkən təbiətini ifadə edərdi. Xəzri kimi sərt və qətiyyətli, Gilavar kimi mülayim və mehriban olan bu ağsaqqal şəhərin həm gücünü, həm də doğmalığını özündə birləşdirərdi.

– Bakının rəngi, sizcə, hansıdır?
– Bakı mənim üçün ilk növbədə sarı rəngdədir, çünki günəş işığında şəhərin rəngləri sanki yanır, daha parlaq və canlı görünür. Bir məsələyə də toxunum ki, rəssam fotoqraf deyil: fotoqraf Bakını olduğu kimi, sənədli şəkildə çəkə bilər, rəssam isə gördüyü mənzərəni ürəyindən və ruhundan keçirərək öz obrazını yaratmalıdır. Buna görə də Bakının rəngini yalnız sarı, boz və ya qırmızı adlandırmaq mümkün deyil. Burada rənglər çoxdur və rəssamın seçimi onun ovqatından da asılıdır. Kədərli olduğum zaman şəhəri bir rəngdə, şən əhvali-ruhiyyədə olduğum zaman isə başqa rəngdə çəkə bilərəm. İçərişəhərin öz rəngi, dənizin öz çaları, bulvarın başqa ab-havası, “Tarqovı”da gəzən insanların isə tamam fərqli rəngləri var. Buna görə Bakını bir rənglə ifadə etmək çətindir, çünki paytaxtımız olduqca rəngarəng şəhərdir. Bununla belə, günəşli şəhər olduğu üçün sarı rəngə müəyyən üstünlük vermək olar. Bakı “küləklər və alovlar şəhəri” olmaqla yanaşı, həm də “günəşli Bakı”dır.

– Bakıda yox olmuş, lakin sizin yaddaşınızda hələ də yaşayan hər hansı mənzərə var?
– Uşaqlıq illərindən bu günədək yaddaşımda xüsusi iz buraxan tikililər çoxdur. Onların arasında günümüzədək qorunub saxlanılan “Monolit” binası ürəyimə ən çox yatan, mənə ən doğma olan tikilidir. Məktəbə getdiyim illərdə, yeddinci sinfədək Sabir bağı ilə üzbəüz yerləşən bu binanın yanından keçirdim. Buna görə də “Monolit” mənim üçün sadəcə bir bina deyil, uşaqlıq xatirələrimin ayrılmaz parçasıdır. Artıq mövcud olmayan tikililərdən isə Neftçilər prospektində, Kukla Teatrı ilə üzbəüz yerləşən birmərtəbəli binanı yaxşı xatırlayıram. Deyilənə görə, lap əvvəllər həmin ərazidə anbarlar olub, sonralar isə binalardan birində uşaq bağçası fəaliyyət göstərib. Mən də bacımla birlikdə həmin bağçaya getmişəm. Təəssüf ki, sonradan bu bina sökülüb, lakin onunla bağlı uşaqlıq xatirələrim bu gün də yaddaşımda yaşayır. Hazırda həmin uşaq bağçasının yerində gözəl bir bağ salınıb, fəvvarə quraşdırılıb. Yaşıllıq və fəvvarənin yaratdığı xoş mənzərə əraziyə yeni nəfəs verib. Bu istirahət guşəsi həm şəhər sakinlərinin, həm də paytaxtımızın qonaqlarının asudə vaxtına rəng qatır.
Söhbətləşdi: Hacı Cavadov