2025-ci il ərzində Azərbaycanın quruda fəaliyyət göstərən “Binəqədi” yatağından 0,97 milyon barel neft hasil edilib.
Baki-baku.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilir.
Hesabata əsasən, bu rəqəm 2024-cü illə müqayisədə 0,03 milyon barel və ya 3 % az olub.
Belə ki, keçən il həmin yataqdan 0,99 milyon barel neft hasil olunması nəzərdə tutulurdu ki, bu da proqnozlaşdırılan həcmin 98,25 %-nin yerinə yetirilməsi deməkdir.
Qeyd edək ki, “Binəqədi” neftli-qazlı rayonu Abşeron yarımadasının şimal-qərb hissəsində yerləşir. 29 sentyabr 2004-cü il tarixində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Azen Oil Company B.V.” şirkəti arasında birgə işlənməyə dair müqavilə imzalanıb. Müqavilə ərazisi 43,5 kv. km sahəni əhatə edir. “Binəqədi” yatağı 1896-cı ildən etibarən istismara verilib. Yataq Bakı şəhərindən 9 km şimal istiqamətində yerləşir. Yataq 2005-ci ildən “Binagadi Oil Company” tərəfindən istismar olunur, operatoru isə “Azen Oil Company B.V.” (“Global Energy”) şirkətidir. Saziş (pay bölgüsü: SOCAR ONŞ 25 %, “Azen Oil Company B.V” şirkəti 75 %) 1 sentyabr 2005-ci il tarixindən qüvvəyə minib.