İsti yay günlərində milyonlar xərcləyib ayrı-ayrı ölkələrdə gözəlliklər axtaranlar üçün hər daşı, qayası bir tarix olan, ululardan miras qalan özəl və gözəl Vətənimizin bir ünvanındakı- Lerikdəki incilərindən söz açmaq istəyirəm.
Qədim yaşayış məskənləri, əski gələnəkləri, zəngin süfrə mədəniyyəti ilə Odlar Yurdu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Lerikdə insanlar üzü qibləyə deyil, Talış dağlarına, Ərk qalasına, Savalana, Səhəndə, Urmu gölünə, Təbrizə, Mərəndə, Xoya, Miyanəyə sarı yatır. Başı qarlı dağları, axar-baxarlı təbiəti, açıq qəlbli, uzunömürlü insanları ilə multikultural dəyərlərimizin bir parçası olan talışların diyarı Lerik çayları, şəlalələri ilə bir başqa aləm, dünyadır.

Heyvalı bulağın Bibihoni adlı dastanı
Gözəlliyi və əzəməti ilə dünyanın məhşur şəlalərindən geri qalmayan Bibihoni şəlaləsi bu gözəl torpaqda yerləşir. Talış dilində Heyvalı bulaq anlamına gələn Bibihoni şəlaləsi təkcə gözəlliyi ilə deyil, həm də tarixi həqiqətləri, batıni əzəməti ilə də maraqlıdır. Əldə olunan məlumatlardan bəlli olur ki, yüz illər öncə şəlalənin tellərinin asıldığı sərt, sıldırım qayaların yaxasında heyvalar bitirmiş. Elə bir heyva ki, iyi, ətri cənnəti xatırladırmış. Hər kəsin heyrətlə seyr etdiyi şəlalə tək bir şəlalə deyil, həm də sıx meşədə qoşa axan iki qardaş şəlalədir. Ətrafında isə Tunc dövrünə aid qədim küp qəbirlərin qorunduğu qəbiristanlıq sirli tarixə şahidlik edir. Maşın yolu olmayan Qoşaqardaş, Bibihoni, yaxud da Heyvalı Bulaq adlı bu gözəlliyin seyrinə çıxmaq üçün isə meşənin içərisi ilə beş kilometr məsafə qət etməlisən.

Çayrudun Ğələ-Şülə gözəlliyi, gəl, məni gör, dərdimdən öl deyir
Zəngin təbiəti, füsunkar gözəlliyi ilə insanı heyran edən Lerikin ən hündür şəlalələrindən biri də Ğələ-Şülə şəlaləsidir. Talış dilində ğələ, qələ və ya ucalıq, şülə isə şəlalə deməkdir. Mənası isə elə, beləcə sadədir – Qala şəlaləsi. Yerli əhali onu həm də uca qayadan tökülən su kimi müqəddəs bilir. Təbiətin bu incisi rayonun Çayrud kəndi ərazisində yerləşir. Ətrafı nəhəng mamırlı qayalar və qədim Hirkan meşələri ilə əhatə olunub. Bura çatmaq hər adamın enerjisi daxilində deyil. Çayruddan Ğələ-Şüləyə çatmaq üçün altı kilometr məsafəni qət etmək gərəkdir. Dağlıq və dağətəyi zirvələri fəth etdikdən sonra bu təbiət möcüzəsinə varmaq mümkündür. Çətin, ağır yolun sonuna çatanda istənilən insanı rastlaşdığı mənzərə heyrətə gətirir. Əzəməti, gözəlliyi, sərinliyi ilə insanı insandan alan, ayaqlarını yer üzündən üzən bu gözəlliyin sahibinə səcdə etdirir.

Göygöl – Davdonanın zinəti
Qoşqarın, Kəpəzin incisi, zəlzələnin nişanəsi kimi Murovun yaxasında bitən Göygölün adına şeirlər yazılıb, nəğmələr bəstələnilib. Başı qarlı Talış dağlarının ətəyindəki bol sulu, yaşıl meşəli şəlalələr panteonu olan Lerikin bir şəlaləsi də var ki, adı çəkiləndə qəribə də olsa yada Göygöl, Maralgöl, Qoşqar, Kəpəz, Murov və Hacıkənd düşür. Lerikin sıx meşələrində gizlənən Göygöl şəlaləsi füsunkar məkanı ilə də diqqət çəkir. Xəritədə belə çətin gözə çarpan Davdona kəndində yerləşən şəlalənin ətrafı Hirkan meşələri ilə əhatə olunub. Mamırlı qayalar, büllur kimi saf, təmiz dağ havası ilə insanın ruhunu bədənindən qoparan Göygöl şəlaləsi kütləvi turizm marşrutlarından kənar qaldığı üçün ilkinliyini qoruyub saxlamaqdadır. Mübhəm təbiəti, sehrli sakitliyi, möcüzəli gözəlliyi ilə insanı valeh edən Göygöl yalnız ekoturizm və haykinq, yəni piyada yürüş sevənlərin diqqət çəkdiyi məkan kimi də maraqlıdır. Şəlalənin Göygöl adlandırılmasının da maraqlı tarixçəsi var. Belə ki, şəlalənin uca qayalardan töküldüyü yerdə min illər ərzində dərin, təbii hovuz yaranıb. Suyun təmizliyi və ətrafdakı sıx, yaşıl meşənin kölgəsi hovuza ecazkar bir firuzəyi çalar bəxş edib. Yerli əhali də bu səbəbə görə dağların bu mübhəm gözəlinə Göygöl adını verib. Deyirlər burada müqəddəs yuxu görənlər məhz Göygölə gəlir. Yuxuda gördüklərini Tanrı üzü görən su bilib şəlaləyə söyləyir. Onu da deyirlər ki, Göygöl şəlaləsindən bir badə içənlərin səsi su kimi şaqraq, tərtəmiz, dumduru olur. Göygöldən içən ustad xanəndə Xanəli Əkbərov ömrü boyu Cənub bölgəsinin toy məclislərinin başında durdu. Muğam sənətinə isə Canəli Əkbərov kimi böyük bir sənətkarı, Xalq artisti bəxş etdi.

Monidigahın Peyğəmbər müqəddəsliyi – Baba İsa şəlaləsi
Yerli əhalinin cənnət hesab edib Monidigah – “Mənim qaldığım yer” adlandırdığı yaşayış məskəni dəniz səviyyəsindən 1297 m yüksəklikdə, Talış dağlarının qoynunda binə tutub. Buranın yayda sərin, qışda isə nağıllar aləmində olduğu kimi sərt və qarlı iqlimi var. Deyilər yazda yaşıl örpəyə, gül-çiçəyə bürünən Monidigah dumanlı zirvələri ilə göz oxşayan, könül açan, füsunkar təbiətə malikdir. Kəndin Cinli məhəlləsindəki məşhur Baba İsa şəlaləsi gələnlərə hüzur bəxş edir. Monidigah həm də tarixi tikililəri ilə diqqət çəkir. XIX yüz ilin sonlarında tikilən qədim məscid 1979-cu ildə yerli əhalinin iradəsi ilə yenidən qurulub. Zəngin təbiəti, süfrə mədəniyyəti ilə Şərqin və Odlar Yurdu Azərbaycanın əzəmətini yaşadan Monidigahın zinəti isə uzunömürlü insanlarıdır. Uzunömürlülər diyarı kimi dünyaya meydan oxuyan Lerikin bu dilbər guşəsində təmiz hava, büllur bulaq suları, təbii arıçılıqda əldə olunan nailiyyətlər sayəsində bu gözəl məkanda yüz yaşı haqlamış və keçmiş insanları görmək adi haldır. Buradakı mikroiqlim sağlamlığın mənbəyi olmaqla yanaşı, həm də ruhun dinclik bulduğu yerdir.

Baba İsa şəlaləsi təkcə təbiət möcüzəsi deyil, Tanrı lütfüdür
Pirlərin, övliyaların, müqəddəslərin və müqəddəsliklərin ünvanı olan Lerikin bir incisi də var ki adı çəkiləndə yada məhz Tanrının nuru, Peyğəmbər əliyhissəlamın suru, Hirayi-Nurun əzəməti düşür. Ğələ-Şülə, Bibihoni, Göygöl, Sifəkon şəlaləsi kimi dillərə dastan, möcüzəli Baba İsa şəlaləsi də təkcə təbiət möcüzəsi deyil, Tanrı lütfüdür. Lerik rayonunun Monidigah kəndində yerləşən, Talış dağlarının uca və yaşıl sıldırımlarından süzülən Baba İsa şəlaləsini yerli əhali təkcə təbiət incisi kimi qəbul etmir. Əski inanclara görə bura həm də müqəddəs bir ocaqdır. Şəlalənin buz kimi büllur suyunun insan ruhuna təsir etməsi, onu sakitləşdirməsi, bədənə gümrahlıq, cana sağlamlıq verməsi onu şəfa bəlgəsinə çevirib.
Deyirlər, uzunömürlülər diyarı sayılan Lerikin elə bir insanı yoxdur ki, onun ziyarətində bulunub, müqəddəs suyunda durulmasın. Onu da deyirlər ki, Lerikdə doğulan əksər körpələr ayağı yer tutana qədər mütləq Baba İsanın ziyarətinə gətirilir. Tutiyə kimi evlərdə qorunan şəlalənin suyu ilə anadan olan körpələr “Qırx suyuna” çəkilir. Su isə ayaq altına, natəmiz yerə atılmır, bar verən ağacın dibinə tökülür.
Şərəf Cəlilli