Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/12/2026

Paylaşın

TARİX

Anunnakilər: Şumer tanrıları, yoxsa bəşəriyyətin ən böyük sirri?

ea_babilonian_-_enki_sumerian

Bəşəriyyət tarixində min illər keçsə də insanların təxəyyülünü məşğul etməkdə davam edən anlayışlar, adlar, yaradılışlar var – Atlantida, Babil qülləsi, Nuh tufanı və Anunnakilər…

Son onilliklərdə internetdə, sənədli filmlərdə və müxtəlif nəzəriyyələrdə Anunnakilər haqqında saysız-hesabsız iddialar ortaya atılıb. Kimilərinə görə, onlar Yer üzündə ilk insanları yaradan yadplanetlilərdir. Kimilərinə görə isə bu gün də dünyanı gizli şəkildə idarə edən sirli varlıqlardır. Kiminə görə isə min illər əvvəl yaşayan insanlar. Bəs əslində Anunnakilər kim idi?

Hər şey qədim Şumerdən başlayır

Təxminən 5 min il əvvəl Dəclə və Fərat çayları arasında bəşər tarixinin ilk böyük sivilizasiyalarından biri – Şumer meydana gəlmişdi.

Bu xalq yazını yaratmış, şəhərlər salmış, qanunlar tərtib etmiş və öz dövrü üçün heyrətamiz dərəcədə inkişaf etmiş mədəniyyət qurmuşdu.

Bu gün Şumer haqqında bildiklərimizin böyük hissəsini gil lövhələr üzərində yazılmış mixi yazılardan öyrənirik. Həmin lövhələrdə tez-tez rast gəlinən sözlərdən biri də “Anunnaki” idi.

Şumer dilində bu söz təxminən “Anunun övladları” mənasını verirdi.

Anu isə Şumer mifologiyasında səmanın və göylərin ali tanrısı hesab olunurdu.

Beləliklə, Anunnakilər ilkin mənbələrdə heç də kosmosdan gəlmiş yadplanetlilər deyil, tanrılar nəslinin üzvləri kimi təqdim olunurdu.

Dünya necə yaranmışdı?

Şumer kahinlərinin təsəvvürünə görə, hər şeyin başlanğıcında Nammu adlı sonsuz ilkin sular – dəniz mövcud idi.

Nammu sonradan göy və yeri birləşdirən kosmik dağı – Hursağı yaratdı. Daha sonra göy tanrısı An meydana çıxdı.

Miflərdə deyilir ki, göylə yer ayrıldıqdan sonra An öz nəslini – Anunnakiləri yaratdı.

Bu tanrılar kainatda nizam yaradır, təbiət hadisələrini idarə edir və sonradan insanların meydana gəlməsində iştirak edirdilər.

Şumer panteonunun ən mühüm simaları da məhz bu nəslə aid idi:

Enlil – hava və külək tanrısı;
Enki – müdriklik və su tanrısı;
Nanna – Ay tanrısı;
Utu – Günəş tanrısı;
İnanna – sevgi, məhsuldarlıq və müharibə ilahəsi.

Şumer mifologiyasında Anunnakilər kainatın və dünyanın idarəçiləri kimi çıxış edir, lakin onlar heç vaxt yadplanetli varlıqlar kimi təsvir olunmurlar.

Nibiru və kosmosdan gələn tanrılar

Anunnakilərin əsl məşhurluğu isə XX əsrdə başladı.

1970-ci illərdə yazıçı Zeçariya Sitçin qədim Şumer mətnlərini özünəməxsus şəkildə şərh edərək sensasiyalı bir nəzəriyyə ortaya atdı.

Onun fikrincə, Günəş sistemində Nibiru adlı naməlum planet mövcuddur. Guya yüz minlərlə il əvvəl həmin planetdə yaşayan Anunnakilər Yerə gəliblər.

Sitçin iddia edirdi ki, onlar qızıl əldə etmək üçün Yerə enmiş, daha sonra isə insanabənzər canlıların genlərini dəyişdirərək müasir insanı yaratmışlar.

Bu versiyaya görə, qədim miflərdəki tanrılar əslində yüksək texnologiyaya malik kosmik sivilizasiyanın nümayəndələri olublar.

Nəticədə Anunnakilər qısa müddətdə tarix kitablarından çıxaraq fantastika və sui-qəsd nəzəriyyələrinin qəhrəmanlarına çevrildilər.

Alimlər nə deyir?

Tarixçilər, arxeoloqlar, dilçilər və astronomlar Sitçinin nəzəriyyələrini qəbul etmirlər. Bunun əsas səbəbi onun qədim mətnləri peşəkar şumerşünasların qəbul etdiyi qaydada tərcümə etməməsidir. Şumer lövhələrinin heç birində Anunnakilərin başqa planetdən gəldiyi açıq şəkildə yazılmayıb. Eyni zamanda astronomlar da Nibiru adlı nəhəng planetin mövcudluğunu təsdiqləmirlər.

Əgər belə bir planet Günəş sistemində olsaydı, müasir teleskoplar onu çoxdan aşkar etmiş olardı.
Bu səbəbdən elmi ictimaiyyət Anunnakiləri qədim Mesopotamiya mifologiyasının bir hissəsi hesab edir.

Reptiloidlər və yeni əfsanələr

1990-cı illərdə Anunnakilər daha bir “yenidən doğuluş” yaşadı. İngilis yazıçı Devid Ayk qədim Şumer tanrılarını məşhur reptiloid nəzəriyyəsi ilə birləşdirdi. Onun fikrincə, dünyanı gizli şəkildə idarə edən siyasətçilər, maliyyəçilər və nüfuzlu şəxslər əslində insan görkəmində yaşayan sürünən mənşəli varlıqlardır. Beləcə, min illər əvvəl Şumer kahinlərinin yazdığı mifoloji obrazlar internet dövrünün ən məşhur konspiroloji qəhrəmanlarından birinə çevrildi.

Sirr niyə yaşayır?

Anunnakilər haqqında əfsanələrin bu qədər populyar olmasının səbəbi sadədir. İnsanlar həmişə öz mənşələri haqqında daha böyük, daha qeyri-adi cavablar axtarıblar. Biz haradan gəlmişik? İlk insanlar necə yaranıb? Qədim sivilizasiyalar öz dövrləri üçün necə bu qədər inkişaf etmişdilər? Bu sualların hamısı insan təxəyyülünü qidalandırır.
Anunnakilər də məhz həmin boşluqda yaşayırlar — miflə həqiqətin, tarixlə fantaziyanın, elm ilə sirrin sərhədində.

Bu gün əlimizdə olan faktlar onların qədim Şumer tanrıları olduğunu göstərir. Lakin minlərlə il əvvəl gil lövhələrə həkk edilmiş həmin ad hələ də insanları düşündürür və bəlkə də buna görə Anunnakilər tarixdə deyil, insan təxəyyülündə yaşamağa davam edirlər.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İsgəndəriyyə şəhəri ölkənin yeni baş şəhəri olmuş, İsgəndəriyyə mayakı inşa edilmişdir

Ən son

GÜNDƏM

Prezident İlham Əliyev Filippin Prezidenti Ferdinand Romualdez Markosu təbrik edib.

GÜNDƏM

Prezident İlham Əliyev Filippin Prezidenti Ferdinand Romualdez Markosu təbrik edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin