Bonn Universitetinin və Bonn Universitet Klinikasının alimləri 80 yaşlı insandan götürülən hüceyrələrin bioloji yaşını əhəmiyyətli dərəcədə azaltmağa nail olublar.
Baki-baku.az xəbər verir ki, tədqiqatçıların sözlərinə görə, yenidən proqramlaşdırma nəticəsində hüceyrələr 20 yaşdan aşağı yaş dövrünə uyğun xüsusiyyətlər qazanıb.

Tədqiqat zamanı mütəxəssislər eritrositlərin (qırmızı qan hüceyrələrinin) sələf hüceyrələrini sinir toxuması əmələ gətirmək qabiliyyətinə malik neyronal kök hüceyrələrə çeviriblər. Bu prosesdə hüceyrələrin yaşlanma ilə bağlı dəyişikliklərini əks etdirən daxili bioloji “saat” faktiki olaraq geriyə işləməyə başlayıb.
Cavanlaşma prosesi mərhələli şəkildə gedib və bir neçə həftə davam edib. Alimlər hüceyrələrdə baş verən dəyişikliklərin dinamikasını ətraflı izləmək üçün 100 gündən artıq müşahidələr aparıblar.

Layihənin rəhbəri, professor Oliver Brüstlenin sözlərinə görə, yaradılan model cavanlaşma prosesinin sürətinə təsir göstərən maddələrin sınaqdan keçirilməsinə imkan verəcək.
Tədqiqatın nəticələri Alzheimer xəstəliyi də daxil olmaqla, beynin yaşlanma ilə əlaqəli xəstəliklərinin öyrənilməsində faydalı ola bilər. Çünki yaşlanma bu cür xəstəliklərin yaranmasında əsas risk amillərindən biridir.
Bununla belə, qeyd etmək vacibdir ki, təcrübə yalnız laboratoriya şəraitində aparılıb. Söhbət bütöv insan orqanizminin deyil, hüceyrə modelinin cavanlaşdırılmasından gedir.
Hacı Cavadov