Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/21/2026

Paylaşın

HƏR ŞEYDƏN

Biq-Ben: Londonun məşhur simvolu

Biq-Ben

Biq Ben olmadan Londonu təsəvvür etmək mümkün deyil — qırmızı avtobuslar, Temza çayı üzərindəki duman və bütün şəhərə yayılan məşhur saatın səsi paytaxtın ayrılmaz simvollarındandır. Dünyanın milyonlarla insanı üçün Biq Ben sadəcə gəzinti yeri deyil, Böyük Britaniyanın həqiqi rəmzidir. Hətta heç vaxt Londonda olmayan insanlar belə onu asanlıqla tanıyır.

Çox az adam isə məlumatlıdır ki, Biq Ben əslində qüllənin adı deyil, onun daxilində yerləşən məşhur zəngin adıdır. 160 ildən artıq tarixə malik olan bu zəng müharibələrdən, yanğınlardan, bombardmanlardan və genişmiqyaslı bərpa işlərindən keçsə də, bu gün də bütöv bir ölkənin zamanını ölçməkdə davam edir.

Bir çoxları Biq Benin saat qülləsinin adı olduğunu düşünür. Əslində isə bu ad çəkisi təxminən 14 ton olan nəhəng zəngə məxsusdur. Qüllənin rəsmi adı Elizabeth Tower — yəni Yelizaveta qülləsidir. Qülləyə bu ad 2012-ci ildə Kraliça II Yelizavetanın şərəfinə verilib. Bundan əvvəl isə sadəcə Saat qülləsi adlanırdı.

Zaman keçdikcə “Biq Ben” adı insanların yaddaşında o qədər möhkəm yer tutub ki, artıq həm qüllə, həm də saat kompleksi bütövlükdə bu adla tanınmağa başlayıb.

Biq Benin tarixi 1834-cü ildə baş vermiş dəhşətli yanğından sonra başlayır. Həmin yanğın Böyük Britaniya parlamentinin yerləşdiyi köhnə Vesminister Sarayının (Palace of Westminster) binasını demək olar ki, tamamilə məhv etmişdi. Fəlakətdən sonra hakimiyyət ölkənin gücünü və əzəmətini simvolizə edəcək yeni sarayın tikilməsinə qərar verdi. Beləliklə, möhtəşəm saat qülləsi layihəsi ortaya çıxdı.

Layihənin memarı Augustus Pugin olub. Maraqlıdır ki, bu iş onun həyatındakı son layihə idi. Layihəni tamamladıqdan qısa müddət sonra memar ağır xəstələnib və özünün ən böyük əsərini tam hazır vəziyyətdə görmədən vəfat edib.

Tikinti işləri 1859-cu ildə başa çatdırılıb. Qüllənin hündürlüyü isə təxminən 96 metr təşkil edib.

Biq-Ben

Biq Benin ən böyük qürur mənbəyi onun saatı olub. XIX əsrdə bu saat əsl mühəndislik möcüzəsi hesab edilirdi. Mexanizm o qədər dəqiq işləyirdi ki, London sakinləri vaxtlarını ona uyğunlaşdırırdılar. Ən maraqlı məqamlardan biri isə saatın adi sikkələrlə tənzimlənməsi idi. Əgər mexanizm bir qədər irəli gedir və ya geri qalırdısa, ustalar onun kəfkirinin üzərinə köhnə Britaniya penniləri qoyurdular. Hətta kiçik bir sikkə belə saatın işləmə dəqiqliyinə təsir göstərə bilirdi.

Biq-Ben

Biq Benin saat siferblatları olduqca böyükdür — diametri təxminən yeddi metrə çatır. Dəqiqə əqrəbinin uzunluğu isə dörd metrdən çoxdur. Məşhur zəngin tarixi də heç də asan olmayıb. İlk böyük zəng sınaqlar zamanı çatlayıb. Daha sonra ikinci zəng hazırlanıb, lakin bir müddət sonra o da zədələnib. Buna səbəb həddindən artıq ağır çəkili çəkic olub. Mühəndislər zəngi tamamilə əvəz etmədilər, sadəcə onu başqa istiqamətə çevirib çəkicin vurduğu yeri dəyişiblər. Çat isə zəngin içərisində həmişəlik qaldı. Məhz buna görə də bu gün Biq Benin səsi bir qədər xırıltılı və qeyri-adi səslənir — onu başqa heç bir zəngin səsi ilə qarışdırmaq mümkün deyil.

İkinci Dünya müharibəsi zamanı London daim Almaniya ordusunun bombardmanlarına məruz qalırdı. 1941-ci ildə qüllənin yaxınlığında bomba partlaması nəticəsində siferblatlar zədələnib, şüşələr qırılıb və çatlar yaranıb. Bütün bunlara baxmayaraq, saat işləməyə davam edib.

Bu hadisə britaniyalılar üçün ölkənin dözümlülük və mərdlik simvoluna çevrilib. Şəhər müharibənin ağır günlərini yaşadığı halda, Biq Ben vaxtı göstərməkdə davam edir, insanlara həyatın davam etdiyini xatırladırdı. Saatın səsi mütəmadi olaraq BBC tərəfindən yayımlanırdı və zamanla bütün dünyada tanınmağa başladı.

Hazırda Biq Ben bir qədər əyilmiş vəziyyətdədir ki, bundan çox insan xəbərdar deyil. Torpaq laylarının hərəkət etməsi və metro tikintisi səbəbindən qüllə təxminən yarım metr maili vəziyyət alıb. Mütəxəssislər ciddi təhlükənin olmadığını desələr də, mühəndislər qüllənin vəziyyətini daim nəzarətdə saxlayırlar.

Biq-Ben

2017-ci ildə Biq Ben qülləsi genişmiqyaslı bərpa işləri üçün bağlanıb. Restavrasiya bir neçə il davam edib. Təmir zamanı mütəxəssislər köhnə çatlar, müharibədən qalan zədə izləri, dağılmış daş hissələri, zəhərli boya və konstruksiyada gizli qüsurlar aşkar ediblər. Restavratorlar daha bir maraqlı detalı da üzə çıxarıblar: qüllənin bir çox elementləri insanların düşündüyü kimi qara deyil, əslində tünd-göy rəngdə olub. Tarixi rəngi bərpa etmək mümkün olub.

Bu gün Biq Ben sadəcə saatdan daha böyük məna daşıyır. Britaniyalılar üçün o: sabitliyin; tarixin; ənənələrin; ölkənin gücünün; zamanın fasiləsiz axınının simvoludur.

Turistlər üçün isə bu, Londonun ürəyi, şəhərin ruhunun ən çox hiss olunduğu məkanlardan biridir. Xüsusilə axşam saatlarında qüllə daha möhtəşəm görünür — işıqlanan siferblatlar Temza çayı üzərində parlayır, məşhur zəngin səsi isə küçələrə yayılır.

Biq Ben dünyanın ən hündür binası deyil və artıq texniki möcüzə hesab olunmur. Onun dəyəri tamamilə başqa məna kəsb edir. Bir əsrdən artıqdır ki, o, London və bütün Böyük Britaniya üçün zamanı ölçməyə davam edir. Yanğınlardan, müharibələrdən, dağıntılardan və müxtəlif dövrlərin dəyişməsindən keçsə də, yenə də ölkənin ən məşhur simvollarından biri olaraq qalır.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı-baku.az xəbər verir ki, bu sözləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin

Ən son

GÜNDƏM

Paytaxtın Sabunçu rayonunun Əsildar Məmmədəliyev küçəsində yerləşən Sabunçu Tibb Mərkəzinin qarşısında xaotik vəziyyətin və nizamsız

GÜNDƏM

Paytaxtın Sabunçu rayonunun Əsildar Məmmədəliyev küçəsində yerləşən Sabunçu Tibb Mərkəzinin qarşısında xaotik vəziyyətin və nizamsız
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin