Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/18/2026

Paylaşın

Mədəniyyət

Beynəlxalq Muzeylər Günü – Zamanı birləşdirən mədəni körpü

Beynəlxalq Muzeylər Günü

Hər il mayın 18-i dünyanın bir çox ölkəsində Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur.

Bu əlamətdar gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə xalqlar arasında mədəni əlaqələrin və əməkdaşlığın gücləndirilməsi məqsədilə təsis edilib.

Baki-baku.az xəbər verir ki, ənənəyə uyğun olaraq, Beynəlxalq Muzeylər Günü hər il fərqli şüar altında keçirilir. Bu ilin devizi isə “Bölünmüş dünyanı muzeylər birləşdirir” olaraq müəyyənləşdirilib.

1977-ci ildə ICOM tərəfindən təsis olunan bu günün əsas məqsədi muzeylərin cəmiyyətin həyatındakı mühüm rolunu diqqətə çatdırmaqdır.

Qədim tarixə və zəngin mədəni irsə sahib olan Azərbaycanda da Beynəlxalq Muzeylər Günü geniş şəkildə qeyd edilir.

Beynəlxalq Muzeylər Günü

Tarixi mənbələr göstərir ki, eramızdan əvvəl XVI əsrdə Kritdə, XIII-XII əsrlərdə Çində, III əsrdə isə Qədim Roma və Yunanıstanda estetik və tarixi dəyərə malik əşyaların, sənədlərin və sənət nümunələrinin qorunduğu məkanlar müasir muzeylərin ilkin formaları hesab olunur. Bu baxımdan, Azərbaycan ərazisində mövcud olmuş Atropatena və Albaniya dövlətlərinin hökmdar saraylarını da həmin ənənənin davamı kimi qiymətləndirmək mümkündür. Erkən və orta əsrlərdə ölkəmizdə hakim sülalələrin kolleksiyaçılığa marağı artmış, qiymətli əşyalar saray kitabxanalarında və xəzinələrdə qorunub saxlanılmışdır.

XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən yeniliklər muzey işinin formalaşmasına ciddi təsir göstərib. İlk muzeylərdən biri görkəmli yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü və iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində yaradılıb.

XX əsrin əvvəllərində Bakıda xalq məktəbləri müdiriyyəti yanında pedaqoji muzey, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər fəaliyyət göstərməyə başlayıb. Lakin Nehrəmdəki muzey istisna olmaqla, həmin müəssisələr əsasən çar Rusiyasının maraqlarına xidmət edib. Elə buna görə də Azərbaycanda tapılan bir çox qiymətli arxeoloji nümunələr Tiflis, Moskva və Peterburq muzeylərinə aparılıb. Dövlət səviyyəsində yaradılan ilk milli muzey isə 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunub və 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi adı ilə fəaliyyət göstərib.

Beynəlxalq Muzeylər Günü

Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov və Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə edilən qiymətli sənət nümunələri həmin muzeyin eksponatlarına çevrilib. Hazırda Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi H.Z.Tağıyevin mülkü yalnız muzey kimi deyil, həm də tarixi memarlıq abidəsi kimi xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə buranı tez-tez “muzey içində muzey” adlandırırlar.

Ötən əsrin 30-cu illərindən başlayaraq Azərbaycanda müxtəlif istiqamətli muzeylərin — dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, teatr və qoruq muzeylərinin yaradılması prosesi sürətlənib. Sonrakı dövrlərdə də ölkəmizdə yeni muzeylər fəaliyyətə başlayıb.

Vaxtilə canlı muzey kimi tanınan və hazırda işğaldan azad edilmiş Şuşada 8 muzey fəaliyyət göstərib. Burada Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyi, vokal sənətimizin banisi Bülbülün memorial muzeyi, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı fəaliyyət göstərirdi. Bununla yanaşı, Qurban Pirimovun Ağdamdakı xatirə muzeyi, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli və Xocalının tarix-diyarşünaslıq muzeyləri erməni işğalı dövründə tamamilə talan olunub.

Azərbaycanda milli-mənəvi irsin, o cümlədən muzey fəaliyyətinin qorunmasına dövlət səviyyəsində daim diqqət göstərilib. Muzey işinin inkişafı xüsusilə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər milli tariximizin və mədəniyyətimizin qorunmasında muzeylərin rolunu yüksək qiymətləndirərək, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsini və muzey şəbəkəsinin genişləndirilməsini diqqətdə saxlayıb. Məhz onun təşəbbüsü ilə Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər görkəmli şəxsiyyətlərin memorial və xatirə muzeyləri yaradılıb.

Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra muzey işi yeni inkişaf mərhələsinə qədəm qoyub. Onun təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul olunub. 2000-ci il martın 24-də qüvvəyə minən “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu isə ölkədə muzeylərin fəaliyyətinin hüquqi və təşkilati əsaslarını müəyyənləşdirib. Qanuna əsasən, muzey maddi mədəniyyət nümunələrinin toplanması, qorunması, öyrənilməsi və nümayişini həyata keçirən mədəniyyət və elmi-tədqiqat müəssisəsi hesab olunur.

Ümummilli Lider tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və fəaliyyəti nəticəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası, Qobustan Milli Tarix-Bədii Qoruğu, eləcə də “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Fondun müxtəlif layihələri vasitəsilə Qarabağ muzeyləri ilə bağlı həqiqətlər beynəlxalq təşkilatların diqqətinə çatdırılır.

Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu mədəniyyət siyasəti nəticəsində son illərdə ölkə muzeylərinin dünyanın nüfuzlu muzeyləri ilə əməkdaşlığı daha da genişlənib və beynəlxalq əlaqələr sahəsində mühüm nailiyyətlər əldə olunub.

Ümummilli Liderin siyasi irsinin öyrənilməsi və azərbaycançılıq ideologiyasının təbliği məqsədilə yaradılan Heydər Əliyev muzeyləri də ölkədə muzey şəbəkəsinin inkişafında mühüm rol oynayır.

Hazırda Azərbaycanda fəaliyyət göstərən muzeylər və onların ekspozisiyaları milli-mənəvi dəyərlərimizin və azərbaycançılıq məfkurəsinin təbliğində mühüm missiya yerinə yetirir.

Ənənəyə uyğun olaraq, bu il də 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə ölkənin müxtəlif muzeylərində həftə ərzində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu ilin yanvar-aprel aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə ümumilikdə

Ən son

GÜNDƏM

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13 cü sessiyası (WUF13) çərçivəsində mayın 19-dan etibarən "Urban Expo"

GÜNDƏM

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13 cü sessiyası (WUF13) çərçivəsində mayın 19-dan etibarən "Urban Expo"
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin