Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Qırğızıstan Respublikasının tikinti naziri Nurdan Oruntayev Baki-baku.az-a müsahibəsində beynəlxalq tədbirin təşkili ilə bağlı təəssüratlarını bölüşüb, Qırğızıstan və Azərbaycan arasında tikinti sahəsində əməkdaşlıqdan danışıb, həmçinin Qarabağın azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa işlərini dəyərləndirib.
— WUF13-ün Bakıda təşkilini necə qiymətləndirirsiniz?
— Tədbir ən yüksək səviyyədə keçirilir. Qeyd etmək istərdim ki, biz burada dünəndən etibarən iştirak edirik və bu müddətdə artıq əməkdaşlığın mühüm istiqamətləri üzrə müzakirələr aparmışıq. Bizim üçün xüsusilə önəmlidir ki, son 30 ildə ilk dəfə olaraq Qırğızıstan və Azərbaycan arasında tikinti sahəsində əməkdaşlığın yenidən bərpasına başlanılıb. Bu, ölkələrimiz üçün həqiqətən böyük hadisədir.
— Qırğızıstan forumda nəyi təqdim edir?
— Forumda biz Qırğızıstan Respublikasını və hazırda ölkəmizdə həyata keçirilən bir sıra layihələri təqdim edirik. Obyektlərin bir hissəsi artıq tikilib, bir hissəsi isə tikinti mərhələsindədir. Bunlar İssık-Kul vilayəti və Bişkek şəhərində həyata keçirilən iri layihələrin yalnız kiçik bir hissəsidir.
— Qarabağın bərpasını və Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi şəhərsalma siyasətini necə qiymətləndirirsiniz?
— Buna çox müsbət yanaşırıq. Azad edilmiş ərazilərin bərpası artıq beynəlxalq səviyyədə nümunəyə çevrilib. Azərbaycan tərəfi regionun yenidən qurulması üçün böyük səylər göstərir və biz bunu həm kütləvi informasiya vasitələrindən, həm də konkret nəticələrdən görürük. Bundan əlavə, ötən il Qırğızıstan Respublikasının hörmətli prezidenti Sadır Japarovın tapşırığı ilə azad edilmiş kəndlərdən birində müasir məktəb tikilib. Bu da ölkələrimiz arasında dostluq və əməkdaşlığın rəmzinə çevrilib.
— Hazırda Qırğızıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq inkişaf edirmi?
— Bəli, əlbəttə. Görürük ki, Azərbaycan biznesi tədricən Qırğızıstana gəlir. Artıq iri layihələrdən biri — beşulduzlu otelin tikintisi həyata keçirilir. Fürsətdən istifadə edərək investorlarımıza göstərdikləri etimada görə təşəkkür etmək və yeni maraqlı sahibkarları Qırğızıstan iqtisadiyyatına sərmayə qoymağa dəvət etmək istərdim.
— Bakı sizdə hansı təəssürat yaratdı?
— Bakı çox gözəl şəhərdir. Buranı çox bəyəndik. Səmimi qəbula görə təşəkkür edirəm.
Xanım Aydın