Ulu Öndər Heydər Əliyev daim vurğulayırdı ki, iqtisadi gücü zəif olan dövlət uzunmüddətli inkişaf yolunda irəliləyə bilməz. Ölkənin dayanıqlı tərəqqisi birbaşa iqtisadi əsasların möhkəmliyi ilə müəyyən olunur və bu sahədə əldə olunan nəticələr ümumi inkişafın istiqamətini formalaşdırır.
Baki-baku.az Ümummilli Liderin Azərbaycan iqtisadiyyatını tənəzzüldən tərəqqiyə aparan müdrik addımlarına nəzər salır.
Tarixin müxtəlif mərhələlərinə nəzər saldıqda aydın olur ki, zəngin təbii ehtiyatlara sahib olmaq müstəqilliyi qorumaq üçün yetərli deyil. Əksinə, belə ölkələrdə müstəqilliyin saxlanılması bəzən daha mürəkkəb və məsuliyyətli prosesə çevrilir. Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi mənzərə – xarici təzyiqlər, daxili idarəetmə zəiflikləri və siyasi qeyri-sabitlik məhz bu reallıqları əks etdirirdi. İqtisadi sistem demək olar ki, iflic vəziyyətində idi, istehsal sahələri dağılmış, maliyyə resursları tükənmişdi. Eyni zamanda, idarəetmədə yol verilən səhvlər, peşəkar kadr potensialından səmərəli istifadə olunmaması və müxtəlif destruktiv qüvvələrin fəaliyyəti vəziyyəti daha da ağırlaşdırmışdı.

1990-cı illərin əvvəllərində yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan həm xarici təcavüz, həm də daxili siyasi qarşıdurmalar səbəbindən dərin böhran yaşayırdı. Belə bir mürəkkəb şəraitdə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin real vəziyyətini açıq şəkildə ifadə edərək iqtisadiyyatın demək olar ki, dağıldığını, lakin mövcud potensialın düzgün istifadə ediləcəyi təqdirdə böhrandan çıxışın mümkün olduğunu bildirirdi. Ulu Öndər Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətləri və illər boyu formalaşmış iqtisadi bazasının bu çətinliklərin aradan qaldırılması üçün ciddi imkanlar yaratdığını xüsusi qeyd edirdi.
Müstəqillik əldə edildikdən sonra Azərbaycan iqtisadi siyasətini tam suveren əsaslarla qurmağa başladı. Yeni iqtisadi modelin əsasını müxtəlif mülkiyyət formalarının inkişafı, bazar münasibətlərinə keçid və qlobal iqtisadi sistemə inteqrasiya təşkil edirdi. 1993-cü ildən etibarən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkədə sabitlik tədricən bərpa olundu, iqtisadi tənəzzülün qarşısı alındı və inkişaf üçün yeni mərhələnin əsası qoyuldu.
Siyasi sabitliyin təmin olunması ilə paralel olaraq iqtisadi sahədə də dönüş baş verdi. Qısa müddət ərzində istehsal sahələrində geriləmə dayandırıldı, makroiqtisadi sabitlik formalaşdı və islahatların ilkin nəticələri özünü göstərməyə başladı. Bu dövrdə Azərbaycan tədricən xammal yönümlü iqtisadi modeldən daha geniş sənaye potensialına malik bir ölkəyə çevrilmək yoluna qədəm qoydu.

1994-cü ildə imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi düşən saziş isə ölkənin iqtisadi taleyində dönüş nöqtəsi oldu. Bu müqavilə yalnız enerji sektorunun inkişafına deyil, bütövlükdə iqtisadiyyatın canlanmasına təkan verdi. Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağını artıran bu addım ölkəyə böyük həcmdə investisiya axınını təmin etdi və beynəlxalq iqtisadi əlaqələrin genişlənməsinə yol açdı. Bunun ardınca yeni enerji layihələrinin həyata keçirilməsi, o cümlədən ixrac marşrutlarının yaradılması ölkənin strateji əhəmiyyətini daha da artırdı.
Həyata keçirilən iqtisadi islahatlar, qanunvericilik bazasının yenilənməsi və maliyyə institutlarının müasir tələblərə uyğunlaşdırılması nəticəsində artıq 1990-cı illərin ortalarından etibarən iqtisadi sabitlik əldə olundu. Xarici investisiyaların artması sənaye, tikinti, nəqliyyat və xidmət sektorlarının inkişafına təkan verdi. Nəticədə ümumi daxili məhsulun artımı sürətləndi və iqtisadi dirçəliş aydın şəkildə hiss olunmağa başladı.
1995-ci ildən sonra ölkədə iqtisadi artım mərhələsi daha da gücləndi. Bir neçə il ərzində həm ÜDM, həm büdcə gəlirləri, həm də əhalinin gəlirləri əhəmiyyətli dərəcədə artdı. İqtisadiyyata milyardlarla dollar həcmində investisiya yönəldildi və bu, ölkənin infrastrukturunun yenilənməsinə, yeni istehsal sahələrinin yaranmasına və məşğulluğun artmasına səbəb oldu.

Bu inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi idi. Nəticədə kənd təsərrüfatı və emal sənayesi kimi sahələrdə canlanma baş verdi, daxili istehsal genişləndi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi addımlar atıldı.
Aqrar sahədə həyata keçirilən torpaq islahatları da xüsusi əhəmiyyət daşıyırdı. 1996-cı ildən başlayan bu proses nəticəsində torpaqlar vətəndaşlara əvəzsiz verildi və milyonlarla insan torpaq mülkiyyətçisinə çevrildi. Bu addım kənd təsərrüfatının inkişafına güclü təkan verdi və regionlarda iqtisadi fəallığı artırdı.
Eyni zamanda bank sektorunda aparılan liberallaşdırma siyasəti maliyyə sisteminin formalaşmasına və özəl bankların yaranmasına şərait yaratdı. Sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması isə iqtisadi siyasətin əsas prioritetlərindən birinə çevrildi. Dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkədə güclü sahibkarlar təbəqəsi formalaşdı və özəl sektorun iqtisadiyyatda rolu əhəmiyyətli dərəcədə artdı.

Bütün bu addımlar Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasını sürətləndirdi. Ölkə qısa müddət ərzində bir sıra nüfuzlu beynəlxalq maliyyə institutlarına üzv oldu və xarici iqtisadi əlaqələrini genişləndirdi. Bu isə Azərbaycanın qlobal iqtisadi arenada etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi.
Bu gün İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycan regionun ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. İqtisadi gücün artması, siyasi sabitliyin qorunması və beynəlxalq nüfuzun yüksəlməsi ölkənin keçdiyi inkişaf yolunun məntiqi nəticəsi kimi çıxış edir. Bütün bunlar isə vaxtilə müəyyən edilmiş strateji kursun uğurla davam etdirildiyini və onun real nəticələr verdiyini aydın şəkildə göstərir.
Elvin Camalov