Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/24/2026

Paylaşın

GÜNDƏM

Baharın ilk nəfəsi – Su çərşənbəsi

Artıq Boz ay ölkəmizi gəlişi ilə silkələyib. Neçə gündür ki, hava gay soyuyur, gah da isinir, gah yağış yağır, gah gün çıxır. Marta dəli elə-belə deməyiblər ki… Amma havanın bu cür dəyişkənliyinə baxmayaraq, əhvalımız pozulmur. Çünki bu gün Novruza qədər olan dörd çərşənbədən birincisi – Su çərşənbəsidir. Və onun gəlişi ilə Boz ayın xarakterinə uyğun olaraq, günəş də buludların arxasından görünüb, qarı, buzu əridib. Bu həm də simvolik bir günəşdir, sanki. Günəşin parlaması artıq Novruzun da yaxında olmasına – baharın, yazın yaxın olmasına bir işarədir.
Su çərşənbəsi — Novruz bayramının ilk çərşənbəsidir. Onu bəzən Yalançı çərşənbə, Əzəl çərşənbə, Sular Novruzu da adlandırırlar. Yazın gəlişi məhz bu çərşənbə ilə müjdələnir. Təbiət məhz bu çərşənbə ilə ilk oyanışını yaşayır. İnsanlara da sanki yeni bir ruh, yeni bir güc gəlir onunla birgə.
İlk çərşənbə ölkəmizdə fərqli və rəngarəng mərasimlərlə qeyd olunur. Amma hər bölgə də onu bir başqa cür keçirir. Buna baxmayaraq, çərşənbənin əsas adətləri su ilə bağlı olur. O adətlərə xalqın inancları da qatılaraq, nəticədə biri-birindən gözəl ənənələr yaranıb və nəsillərdən-nəsillərə böyük sevgi ilə ötürülüb.
Su çərşənbəsində hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, xəstə olanların üzünə su çiləyirlər. Qədim inanclara görə, bütün bunlar insanın özünü, ruhunu, həyatını təzələyir, ona yazla birlikdə gözəl ömür-gün gətirir. Bundan başqa, insanlar evdə xəstə yatan adamlara təzə su aparar, içizdirər, onların da üzünə su səpərlər ki, sağalsınlar, bu çərşənbədə bütün azar-bezarlarını geridə qoysunlar.
Bu çərşənbənin ən qədim adətlərindən biri isə bulaq üstündə eşq elan etmək olub. Həmin günü oğlanlar da, qızlar da səbirsizliklə gözləyərmişlər. Belə ki, subay oğlanlar bulaq üstə yığılan qızlardan hansından xoşu gəlirsə, ondan su istəyərmiş, qız su versə, bu, razılıq əlaməti olarmış. Yəni burada oğlan su istəməklə qıza sevgisini bəyan edərmiş, qız su verməklə, onun sevgisinə qarşılıq verərmiş.
Bir maraqlı adət də qızların gələcək həyat yoldaşının kim olmasını müəyyən etmək istəyi ilə bağlı imiş. Qızlar evdə olan güzgüyə su çiləyər, orada kimin sürətini görsələr, ona ərə gedəcəklərinə inanarmışlar.
Xalqımızın gözəl adətləri bu gün də yaşayır və onların çoxuna bu gün də əmək olunur.
Qeyd edək ki, bu il ölkəmizdə martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si, Bakı vaxtı ilə saat 18:46-ə təsadüf edəcək.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

23 fevral 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin

Ən son

GÜNDƏM

Bakıda 354 ümumi orta təhsil müəssisəsi "Rəqəmsal məktəb" layihəsinə keçib.

GÜNDƏM

Bakıda 354 ümumi orta təhsil müəssisəsi "Rəqəmsal məktəb" layihəsinə keçib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin