Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/23/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Müharibəyə görə diplom ala bilməyən, əsərləri dünyanın məşhur şəhərlərində sərgilənən azərbaycanlı rəssam – Bakı küçələrinin adlarını daşıyanlar

Səttar Bəhlulzadə

Bakı küçələrinin adlarını daşıyanlardan biri də Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən olan, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan SSR xalq rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan impressionizminin banisi Səttar Bəhlul oğlu Bəhlulzadədir.

Baki-baku.az həmin şəxsin həyatına nəzər yetirir.

Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabr ayının 15-də Bakı yaxınlığındakı Əmircan kəndində anadan olub. Atası ona həmin il yanvar ayında vəfat edən qardaşı Əbusəttarın adını verib. Məktəb illərində riyaziyyat fənninə olan marağı və istedadına görə ilk əvvəllər onun rəsm çəkməsinə yaxınları keçici bir həvəs kimi yanaşıblar. Səttarın anadan olduğu Əmircan kəndi çoxəsrlik mühafizəkar ənənləri ilə tanınan bir yer idi və burada kişilər əsasən tarla və bağlarda işləyirdilər. Burada ailələr öz uşaqlarını rəsm məktəblərinə göndərmir, rəsm çəkməyi uşaq hobbisi sayırdılar. 1920-ci illərdə Azərbaycanda peşə məktəblərinin fəaliyyətə başlaması ilə bir çox rəssamlıq məktəbləri də işıq üzü görməyə başlayır. Beləliklə ailəsi onun həvəs və istedadına biganə qala bilməyərək 1927-ci ildə Azərbaycan Dövlət Peşə Rəssamlıq Məktəbinə göndərir. Buradakı tələbəlik illərində müəllimi, məşhur rəssam Əzim Əzimzadənin diqqətini çəkən Səttar onun baş rəssam olduğu “Kommunist” qəzetində müxtəlif mövzularda karikaturalar çəkmək təklifi alır. Təklifi böyük məmnuniyyətlə qəbul edən gənc rəssam bu üslub onun üçün yeni olsa da, çəkdiyi rəsmlərlə yumorun və qroteskinin uğurlu bütövlüyünü əldə edə bilir. Karikaturadakı bacarığını görən Əzim Əzimzadə ona təhsilini qrafika sahəsində davam etdirməyi tövsiyə edir. Onun tövsiyəsi ilə Səttar Bəhlulzadə 1933-cü ildə V. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitunun qrafika fakültəsinə daxil olur.

Burada o dövrün məşhur qrafika sənətçiləri V. A. Favorski, P. Y. Pavlinov, K. N. İstomin və L. A. Brunidən dərs alır. 3-cü kursda olarkən müəllimi tanınmış rəssam Q. M. Şaqal ona rəsm fakültəsinə keçməyi tövsiyə edir. Səttar heç tərəddüt etmədən bu təklifi qəbul edir və 3-cü kursdan təhsilini Şeqalın atelyesində davam etdirir. Realist sənət ənənələrini dərindən mənimsəyən rəssamın hazırladığı “Qadın Model” (1939) və “Qaraçı qadın” (1939) etüdləri bu dəyişikliyin bəhrəsidir. Moskvada yaşadığı illərdə müəllimindən aldığı təhsillə yanaşı, onun məsləhəti ilə Tretyakov qalereyasında və Puşkin muzeyində yerli və xarici rəssamların əsərlərinin surətlərini çıxarırdı. Görkəmli rəssam bu əsərlərin ona qazandırdıqlarını, xüsusən də bu araşdırmalar nəticəsində lirik rəsmlərə keçdiyini hər fürsətdə vurğulayırdı. Bu müsbət təsir onun mənzərə janrındakı ilk əsərlərində (Qudyalçay vadisi (1953), Qızılbənövşəyə gedən yol (1953)) aydın görünür. Səttar Bəhlulzadə buraxılış işi kimi Babək hərəkatı mövzusunu seçmiş və 1939-cu ildə bu mövzuda araşdırma aparmaq məqsədilə Bakıya qayıtmışdır. 1940-cı ildə diplom işi kimi “Babək üsyanı” və “Bəzz qalasının müdafiəsi” tablolarını çəksə də, İkinci Dünya müharibəsi başladığına görə diplom işini müdafiə edə bilməmişdir. Hər iki əsər hazırda Azərbaycan Dövlət İncəsənət muzeyində sərgilənməkdədir. Müharibədən sonra dəfələrlə müdafiə üçün Moskva Dövlət Rəssamlıq İnstitutu tərəfindən çağırılsa da getməmiş, səbəbini soruşanlara isə “diplomsuz rəssam olmur?” cavabını vermişdir. Rəssam 1941-ci ildə SSRİ Sənətkarlar Birliyinə üzv seçilmişdir. Müharibə illərində bir müddət təhsil aldığı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində müəllim olaraq çalışsa da, müharibədən sonra buradakı işindən ayrılır.

1940-cı ildə Səttar Bəhlulzadə Moskvada əsərlərini bir sərgidə sənətsevərlərə təqdim etdi. Bundan bir il sonra rəssam SSRİ Sənətkarlar Birliyinin üzvü seçilmişdir. 1955-ci ilin payızında R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində rəssamın fərdi sərgisi açıldı. Bu sərgidə rəssam 3 il ərzində Azərbaycanı gəzərək müxtəlif bölgələrdə çəkdiyi 180 mənzərə və etüdlərini sərgiləmişdir. Rəssam 1957-ci ildə Moskvada daha sonra isə Bakıda Qarabağ-Şuşada çəkdiyi silsilə əsərlərini təqdim etdiyi sərgisi ilə yenidən sənətsevərlərin qarşısına çıxır.

1960-cı ildə Bakı, Tiflis, İrəvan şəhərlərində açdığı fərdi sərgilərlə rəssam özünəməxsus üslubunu və perspektivini tamaşaçılara təqdim edib.

Sənətçinin qrafika əsərləri 1966-cı ildə Praqada, ölümündən sonra 1977-ci ildə Moskvada, Yalta (1978), Nyu-York (1994), İstanbul (1994), London (1995), Bonn (1996), Bakı (1999 və 2000), Daşkənd, Paris (2009) şəhərlərində sərgilənmişdir. 1966-cı ilin yazında Praqadakı “U Rjeçitski” qalereyasında Bəhlulzadənin qrafika işlərindən ibarət fərdi sərgisi açıldı. Bu, sovet azərbaycanlı rəssamının xaricdə açılan ilk fərdi sərgisi idi. Fərdi sərgilərindən başqa S. Bəhlulzadənin əsərləri həm keçmiş sovet respublikalarının paytaxtlarında, həm də dünyanın bir çox şəhərlərində — Qahirə, Vyana, Berlin, Paris, Neapol, Monreal, Havana və b. şəhərlərdə keçirilən Azərbaycan təsviri sənəti, Azərbaycan rəngkarlığına həsr olunmuş sərgilərdə nümayiş olunub.

Hazırda Səttar Bəhlulzadənin 18 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır.
1973-cü ilin avqust ayında toksemiya — qanın zəhərlənməsi ilə rəssamın səhhətində ciddi problemlər yaşayır. O, bir müddət Bakıda Sabunçu xəstəxanasında müalicə olunsa da, vəziyyəti yaxşılaşmır. Həmin il rəssamın Moskva şəhərində fərdi sərgisi açılır. Rəssam həm sərgidə iştirak etmək həm də müalicə məqsədilə dostlarının maddi yardımı ilə Moskvaya yola düşür. Burada Petrovski adına xəstəxanada rəssama xərçəng diaqnozu qoyulur və əməliyyat olunur. Səttar Bəhlulzadə 1974-cü il oktyabrın 14-də Moskvada vəfat edir. Rəssam oktyabrın 16-da Bakıda Fəxri Xiyabanda deyil, öz vəsiyyəti ilə doğulduğu Əmircan kəndində, anasının məzarının yanında dəfn edilib. Bəhlulzadənin məzarı üzərində heykəltəraş Ömər Eldarov tərəfindən əlində iki boş şəkil çərçivəsi olan rəssamın heykəli ucaldılmışdır.

Hazırda Bakının Suraxanı rayonunda bir küçə, doğma kəndi Əmircanın mədəniyyət evi Bəhlulzadənin adını daşıyır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Milli dövlətçilik, milli-mənəvi dəyərlər və ədəbiyyat tariximizdə qılıncla qələmin vəhdətində quran bir neçə qüdrətli sima vardır

Ən son

GÜNDƏM

Bakının Nizami rayonunun Naxçıvanski küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində işıqfor və yol nişanı ağacın

GÜNDƏM

Bakının Nizami rayonunun Naxçıvanski küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində işıqfor və yol nişanı ağacın
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin